Musa Yaqub...
Nə "Xalq şairi", nə "Şərəf" ordenli, nə "Əməkdar xadim".
Eləcə, Musa Yaqub! Vəssalam.
Hər adama eləcə öz adı bəs eləmir...
Parlament binasından düz Buynuz kəndinə geri dönən böyük şair. Millət vəkili də olub. Mən qala bilmədim deyir orda. Bacarmadım...
Nəyi bacarmadığını oxucu bilər, əlbət. Çətin məsələlərdi bunlar. Ədəbiyyat adamı üçün ikiqat çətindi.
Bir tərəfdə imarətində yaşayan Zəlimxan Yaqub vardı, bir tərəfdə öz Buynuzunda, sadə evində yaşayan Musa Yaqub var.
Deməli, məsələ Yaqubda deyil, Yaqubdan əvvəl nə gəlirsə, ondadı.
Demirəm, Yaqubun Zəlimxanı pis kişiydi. Əsla. Hətta xəstə olanda baş çəkmişdik ona.
Hətta böyük Rəsulzadəyə şeir yazdığı üçün lap çox istədim onu.
Deyirəm, necəsə oldu, Yaqubun Musası nə ad aldı, nə imarət...
Qalanını yenə oxucu bilər. Oxucuya demək istəyirəm...yox, elə birbaşa deyirəm: o bizim dəyərlər dediyimiz şeylər var ha, bax, onlardan biri Musa Yaqubdu.
Kimsə orden, medal, nişan, fəxri ad alanda tələsik qaçıb özümüzü gözə soxub yalandan təbrik yağdırmayaq. Baxaq görək, bu adam bu titula layiqdi, ya yox. Baxaq görək bu titulların hörməti qalıb, ya yox.
Bütünlükdə isə seçib, seçmələməyi bilək. Həşirlə kimə gəldi öygü yağdırmayaq.
Həqiqəti deməyin yüz yolu var. Onlardan biri də yalan deməməkdi.
Yalandan təriflədiyimiz hər adamla saxtakarlığın, dəyərsizliyin sayını, gücünü artırırıq.
Yaqubun Musasından danışırdım...
Ölkəmin titulbaz olmayan çox az adamından birindən.
Müsahibəmiz vardı. Aysel, - dedi, - biz ölürük şah üçün. Bizdə Şahdağ qoruğu salınıb. Bir tərəfi Babadağ adlanır. İsmayıllıdan uzanır Qəbələyə, Xaçmaza, Qubayacan. Hər tərəfə şaxələnmiş qoruqdu. Mən istərdim təkcə İsmayıllı tərəfi yox, elə ümumilikdə adı “Babadağ” olsun. Amma olmadı. Babanın sözü keçmədi, şahın sözü keçdi.
Musa Yaqub poeziyamızın babasıdı. Ağır xəstədi. Can sağlığı diləyirəm diləməsinə, amma həyat bu, hər an, hər şey ola bilir.
Deyirəm ölümünü gözləməyək sənətkarların. Sağ ikən özünü gərəkli hiss etdirək, xatırlayaq tez-tez. Onların bu ölkədə varoluşunun necə böyük örnək, nə boyda təsəlli olduğunu hiss etdirək.
Şəxsən mənim üçün xarakterin deqradasiyaya uğradığı, titul, təqaüd, ev yarışmasında adamların didişdiyi, sifətlərini itirdiyi məqamda, Musa Yaqub faktı hava-su kimi gərəklidi. Bir də bu şeir:
Gözüm yox dünyanın ayrı işində,
Əlim yox əllərin əyri işində,
Təzədən qayıdıb kamilləşirəm
Qarışqa işində, arı işində.
Bundan şirin peşə tapa bilmərəm,
Bu yurddan müqəddəs oba bilmərəm.
Bir də solub gedə, bir də açıla
Ömrümü bağladım gül ağacına
Salavat çevirrəm Babama bir də,
Bir gün dirilərəm öldüyüm yerdə.
Qalaram bu iki dağ arasında,
Yəni bir əbədi çağ arasında;
Yerlərin göylərə minacatını
Sonra oxuyarlar bu bayatını:
Əzizim, ulu dağlar
Çeşməli, sulu dağlar
Burda bir şair ölüb
Göy kişnər, bulud ağlar.
yay, 2013 Buynuz