YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
Fərid Hüseynin "Min bir gecə" düşüncələrindən Tarix : 25 Avqust 2022, 12:54

Gecə simvolikası

 Bu nağılların gecə oxunmasının daha məqbul hesab edilməsi sadəcə onlardakı bəzi erotik məqamlarla bağlı deyil. Bu nağılları gecə çoxları yatandan, çöldə əl-ayaq çəkiləndən sonra oxumağın ayrı mahiyyəti var. Nağılları səhər oxuyanda üstündən keçilən, oxucuya uzaq keçmişin adətləri ifadəsi təsirini bağışlayan məqamları gecələr onlara tamam başqa və dərin təsir bağışlayır.

Nağılları gündüz oxunanda elə təsir bağışlayır ki, sanki hamının yanında hər kəsə bələd olan söhbəti danışırlar, gecələr oxuyanda isə elə bil ancaq oxucuya etibar ediləsi sözlər eşidilir. Çünki batini mənalarla dolu nağılların sirri gecələr daha aydın faş olur. 

Nəzərə alaq ki, şaha əsir olmasaydı, Şəhrizad o nağılları heç kəsə həmin ardıcıllıqla danışmayacaqdı. O nağılları isə bir-birinə o şəkildə əsirlikdəki gecələr toxuyur. Eyni zamanda, insan gündüz eşitdiklərini analiz etməyə, dəqiqləşdirməyə can atır, gecələr isə anlamağa, yəni qəbul etməyə. İnsanı gündüzlər nəyəsə razılaşdırmaq, gecələr hansısa şərtlərlə barışdırmaqdan daha asandır. Nağıllardakı gecə simvolikası həm də bu cür xırdalıqları özündə ehtiva edir.

 

Siğə məsələsi...

 

"Min bir gecə" nağıllarında həm də siğə məsələsinin şərti mahiyyətinə toxunulur. Belə ki, şah Şəhrizada qədər hər gün bir qadınla izdivaca girib, gecə boyunca onunla əylənib səhərə yaxın öldürür. Bu, siğənin heç bir mənəvi bağa əsaslanmayan, kişiyə müstəsna hüquqlar verən bir şərt kimi təqdimini göstərir. Əslində, hər bir mənəvi əsası olmayan siğə qadının ölüm hökmüdür. Bu mətləb nağıllarda daha "gizli" şəkildə oxucuya çatdırılır.

 

Elm və qəzəb

 

Şah xanımının ona xəyanət etdiyinə görə bütün qadınlara nifrət edir və onları öldürür. Bu məqamda şah qəzəbi təmsil edir. Şəhrizad isə danışdığı nağıllarla elmin, biliyin tərəfdarıdır. Sonda elm, qəzəbə qalib gəlir. Eyni zamanda, insan dünyanın mahiyyətini - saysız hesabsız-nağıllardan ibarət cahanın anlamını başa düşəndə öz nəfsinə sahib olaraq qəzəbini boğa bilir.

 

Zaman anlayışı...

 

"Min bir gecə" nağıllarında hər nağıla qulaq asdıqca şah öz əmrini - hər gün bir qadınla gecələyib onları edam etdirməsini təxirə salır. Sonda isə əmri ləğv edir. Şah qadınları edam etmək əmrini bir anda verir. Əsəbin, hikkənin nəticəsində. Ancaq bu, yanlış qərar idi. Ancaq doğru qərarı - bağışlamağı isə min bir gecədən sonra alır. Sanki bununla oxuculara təlqin olunur ki, qərarlarınızda tələsməyin, ani qərarlardan doğan səhvləri düzəltmək üçün sonra sizə min bir gecə lazım gələcək.

Şahın məlum əmrini geri oxuması isə özünü düzəltməsi anlamına gəlir. Yəni Şəhrizad vasitəsilə şah özünü islah edir. Paradoks nədədir? Özünü xilas etmək istəyən Şəhrizad şahı səhvlərin məngənəsindən qurtarır, qadınlardan qisas almaq istəyən şah isə səhv qərarına uyaraq min bir gecə yubanaraq özündən qisas almış olur. İtirdiyi zaman şahın cəzası olur.

Qəribədir ki, itirdiyimiz, yaxud nəyəsə sərf etdiyimiz zaman həm bizim qələbəmizi təmin edir, həm də peşmanlığımıza səbəb olur. Ömrünün min bir gecəsini qələbəsinə və peşmanlığına xərcləyən şah kimi.

 

 

Fərid Hüseyn

 

Qadinkimi.az