Liberal feminizm: hüquq bərabərliyi və emansipasiya
Liberal feminizmin çıxış nöqtəsi liberal demokratiya əsasındadır və qadınların kişilərin sahib olduğu ictimai, siyasi və iqtisadi hüquqlarla təminatı və qadınların emansipasiyası cərəyanın əsas tələbini təşkil edir. Fransız inqilabından sonra elan edilən insan hüquqları qanunvericiliyində kişilərlə yanaşı qadınların hüquqlarının bərpa edilməsi, səsvermə, təhsil, peşə və siyasi karyera hüquqlarının əldə edilməsi iddiası liberal feminizmin əsasıdır. İndiki dövrdə isə məişət zorakılığının kriminallaşdırılması, abortların leqallaşdırılması, kvotaların tətbiqi tələbi, qadınları dəstəkləyən dövlət strategiyalarının zəruriliyi, konvensiyaların ratifikasiyası, o cümlədən, işləyən anaların xeyrinə (məzuniyyətlər, uşaq baxıcısı və s.) qanunvericilikdəki dəyişikliklərin və əlavələrin edilməsi tələbi müasir liberal feminizmin əhatə dairəsidir. Liberal feministlər iddia edir ki, "əgər qadınlar kişilər kimi cəmiyyətin bütün sahələrində eyni sayda və tərzdə iştirak edərsə, hüquq bərabərliyi təmin olunur” (Krause 2003, 29). Liberal feminizmin tələbləri iki hissəyə ayrılır; hüquq bərabərliyi və emansipasiya.
Hüquq bərabərliyi
Liberal feminizmin hüquq bərabərliyi dedikdə vətəndaş hüquqlarının təminatı, təhsil alma azadlığı, səsvermə azadlığı və qanunvericilikdə siyasi iştirakçı azadlığını nəzərdə tutur. Hüquq bərabərliyi tələbinə əsasən peşə, əmlak, ailədaxili hüquq və siyasi baxımdan bu vaxta qədər aşağı kateqoriya hesab edilən qrup (yəni qadınlar) digər qrupun (yəni kişilərin) səviyyəsinə yüksəldilməli idi (Menschik-Bendele 1977, 29).
Fransa inqilabından sonra 1791-ci ildə parlamentdə qadınların bərəbərhüquqluluğunun təmin edilməsi haqqında Qadının və qadın vətəndaşın hüquqları haqqında deklarasiya təqdim edildi. Növbəti il Meri Volstonkraft "Qadın hüquqlarının bəraəti" adlı qadınların təhsil hüququ, mülki və siyasi haqlarından bəhs edən kitabını nəşr etdi. Bu kitab feminizmin ilk akademik işi kimi tanınır və "feminizmin təməl daşı hesab edilir” (Walters 2005, 35). Bu iki hadisə həm akademik, həm də siyasi-ictimai fəaliyyətdə qadın hüquqları ətrafında İngiltərə və Fransada müzakirələrin başlamasına, populyarlaşmasına və sonradan ABŞ başda olmaqla, digər ölkələrə yayılmasına səbəb oldu.
1850-ci illərdən qadın hərəkatları təşkilatlanmağa başladı. 1866-cı ildə Barbara Smit və tərəfdaşları Londonda Sufrajistlər Komitəsini (sonrakı adıQadınların Seçki Hüququ uğrunda London Cəmiyyəti) təsis etdilər. 1870-ci ildə isə cəmiyyətin "Qadınların Seçki Hüququ" Jurnalı nəşr edilməyə başladı. 1881-91-ci illərdə fransız sufrajistlər tərəfindən "Qadın Vətəndaş" qəzeti buraxıldı. 1892-ci ildə Parisdə ilk feminist konqres təşkil edildi. 1900-cü illərdə İngiltərədəki sufrajistlərin mübarizəsi digər qərbi Avropa ölkələrinə də yayıldı. Bu dövrdən başlayaraq İngiltərədə Pankhurstlar (ana və iki qızı), Emma Qoldman, Almaniyada Klara Setkin, Rusiyada Aleksandra Kollantai kimi qadın hüquq müdafiəçiləri marksist ideyalar əsasında mübarizələrinə davam etdilər. Birinci və İkinci dünya müharibələri ərzində də birinci dalğa feminizmin liberal və marksist cərəyanları hüquq bərabərliyi uğrunda müəyyən yol qət etdi.
Emansipasiya
Emansipasiya sözü (latın sözü-ēmancipātiō) Roma hüququna görə kölələrin azadlığa buraxılması, latın dili lüğətində də oğulların ataların zorakılığından azad olunması, əmlakın ayrılması mənasındadır (Menschik-Bendele 1977, 29; Löffler 1999). Liberal feminizmin emansipasiya konsepti qadınların bioloji cinsinə əsaslanan tabeçilik səbəblərinə diqqət çəkir və qadınların öz həyatlarına dair özlərinin qərar verməli olduğunu iddia edir.
Simona de Bovuar "İkinci Cins" kitabında kişinin subyekt, qadının isə obyekt kimi qəbul edildiyini qeyd edir və onların bərabər olmalarını tələbini ortaya qoyur (Beauvoir 1956). O, liberal feminizmin ilk dalğasında hüquq bərabərliyinin təmin olunmaması və qadının niyə ikinci cins olaraq görülməsinin səbəblərini göstərir və feminizmdə yeni üfüq açır. Bu yanaşması ilə bioloji və sosial cinsləri bir-birindən ayırd edən konseptin – 1970-ci ildə ortaya çıxacaq "cins” və "gender” anlayışlarının da əsasını qoyur (Künzel 2012, 54). Cəmiyyətin təsəvvürləri və qadına uyğun görülən rolların ona sonradan qazandırılan cəhətlər olduğunu irəli sürərək cinsin mədəni olaraq inşa edildiyini və bu zaman qadına normaların təhkim edildiyini bildirir. Cəmiyyətdə qadına uyğun görülən vəzifələr, rollar və normalar kişi mərkəzli cəmiyyətin istək və tələblərinə müvafiq inşa edilir və bu inşada qadın kişi cinsi ilə müqayisədə daha məhdud və idarə olunan mövqeyə salınır.
Betti Fridan emansipasiya konseptini təqdim edən liberal feministdir. O, emansipasiyanı aktuallaşdırdı və qadınların bu vaxta qədər təhkim edildiyi evdar qadın olmaq üstünlüyünü mühakimə etdi. Evdar qadın olmaq qadınlar üçün üstünlük sayılırdı, çünki "evdar qadın […] demək olar dünyadakı bütün qadınların xəyal etdiyi mərtəbə idi. […] evdar qadın və ana kimi o, kişinin tamamlanmış və bərabər hüquqlu partnyoru kimi bütün cəmiyyət tərəfindən təsdiq edilirdi. Onlar maşın, geyimlər, elektrik cihazları və supermarketlər seçə bilmə imkanına, qadınların xəyal etdiyi hər şeyə sahib idilər” (Friedan 1966, 15). Fridan apardığı sorğuların nəticələrinə görə qadınları ancaq yoldaşlarına, onların vəzifələrinə, fəaliyyətlərinə görə tanındığını dediklərini vurğuladı, kitabında qadınların bu çərçivədən kənar nə etdiklərini soruşdu və onları olduqları vəziyyəti mühakimə etməyə çağırdı (Menschik-Bendele 1977). O, bu cür mühakimə və tənqidlərlə qadınları məişət həyatında sıxışıb qalmamağa, siyasi-ictimai həyata qatılmağa səslədi və həyatları barədə qərarları özlərinin verməli olduğunu vurğuladı. Fridan bununla yanaşı mətbuatda, dövrün qadın jurnallarında qadın obrazının təqdimatını, evdarlığın tərənnüm edilməsini tənqid etdi (Friedan 1966). O, siyasi-ictimai fəaliyyətə səslədiyi qadınlara xitab edərək "onlar rəqabətdə iştirak etməyi, lakin qadın kimi yox, insan kimi rəqabət aparmağı öyrənməlidirlər. Qadınların bərabərliyi uğrundakı yolda qoyulan maneələrə qarşı çıxan hər qadın növbəti bir qadın üçün yol açır. Həmçinin siyasətdə qadınlar ‘evdar qadın’ kimi yox, bir vətəndaş kimi öz töhfəsini verməlidir” (Friedan 1966, 241).
Liberal feministlərin tələb etdiyi hüquq bərabərliyi və emansipasiya ancaq bir mərhələyə qədər gələ bildi. Cinsdən qaynaqlanan problemlər təkcə qanunvericilik dəyişikliyi və ya liberal demokratiyanın norması çərçivəsində öz həllini tapmadı. Hər nə qədər liberal feminizmin ikinci dalğa təmsilçiləri yeni üfüq açsalar da, "onlar mühafizəkar idilər, çünki öz tələblərini qadın hüquqları uğrundakı mübarizənin tarixi kontekstində qurmuşdular və bu strukturdan kənara çıxmırdılar; buna baxmayaraq onlar inqilabçı idilər, çünki [onların fəaliyyətləri nəticəsində] feminizmin doğuşu [və] qadın hərəkatlarının başlanması ilə qadınların özünə inamı bərpa olundu” (Menschick-Bendele 1977, 41).
Nurlana Cəlil