Qazaxstanda ilk qadın haqları ilə məşğul olan QHT-lər 90-cı illərdə yaranmışdı. Dövrümüzdə bu ölkədə feminizm inkişaf etməkdədir. Burada Qazaxstanın spesifik mədəniyyətini nəzərdə tutmaq lazımdır: bu ölkədə islam hər zaman yalnız ənənələr şəklində özünü göstərib və dini fundamentalizm aşağı səviyyədə olub. Dövrümüzdə burada dindən daha çox müxtəlif formalarda millətçilik və yeni dini hərəkat olan tenqriçilik özünə yer tapıb.
Qazaxstanda 2017-ci ildə yaradılmış Femita qrupu kvir-feminizmi təqdim edir və gender məsələlərinə diqqət ayırır. Onlar qeyd edirlər ki, məqsədləri bütün əzilmiş və müxtəlif növ ekspluatasiyaya məruz qalan qadınları və kvir şəxsləri müdafiə etməkdir.
Feminita üzvləri 2020-ci ildə Qazaxstanda 8 Mart aksiyasında da iştirak etmişdilər. Ancaq onlar bu ölkədə fəaliyyət göstərən yeganə feminist təşkilat deyil. 8 Mart marşında "KazFem”, "Femaqora”, "Femsreda”, "Svet” kimi inisiativlər tərəfindən təşkil edilmişdi. Bu askiyada 150 nəfərdən çox insan iştirak etmişdi. Marşın sonunda zorakılıq qurbanlarının xatirəsinə əklil yandırılmışdı (Rumzatova, 2020).
Foto: feminita.kz
Feminizm müəyyən qədər bənzər və hətta daha demokratik kontekst olan Qırğızıstanda da son dövrlərdə inkişaf edir, ölkədə müxtəlif kiçik feminist qruplar və təşəbbüslər fəaliyyət göstərir. 2020-ci ildə bu ölkədə keçirilən və Bişkek Feminist İnisiativi tərəfindən təşkil edilən 8 Mart feminist marşı "Qırx Çoro” adlı ultra-konservativ qrup tərəfindən hücumla üzləşib. Nəticədə 70-ə qədər iştirakçı saxlanılıb, daha sonra azad buraxılıb (Meduza, 8 mart, 2020). Onlarla həmrəylik məqsədi ilə Moskvada Qırğızıstan səfirliyi qarşısında piket keçirilib (24.kg, 10 mart, 2020).
8 mart 2020. Bişkekdə feministlərin aksiyası. Foto: Reutres.
Daha konservativ siyasi və sosial mühitə sahib Tacikistan və Özbəkistanda feminist inisiativlər açıq şəkildə fəaliyyətdə olmasalar da, ümid etmək olar ki, bu ölkələrdə də aktivistlər artıq mövcuddur. Bunun işarələrindən biri 2020-ci ilin iyul ayında Özbəkistanın paytaxtı Daşkənddə feminist aktivistlərin keçirdiyi kreativ etirazdır. Exponautz Art Gallery adlı təşəbbüsün üzvləri individual formada şüarlar yazaraq, seksizmə və qısnamaya etiraz ediblər (Rus.Azattyq.Org, 8 iyul, 2020).
Yekun: bölücü müharibə və həmrəylik yolları
Yuxarıda post-sovet məkanında müəyyən həmrəylik misalları göstərilsə də (FEMEN-in Pussy Riot-a dəstəyi, Qırğızıstan səfirliyi önündə aksiya, Rusiya və Ermənistan feministlərinin Xaçaturyan bacılarına dəstəyi), demək olar ki, həm həmrəylik, həm də bağlar səviyyəsində bu o qədər də hiss edilmir. Bununla belə, Məzkəzi Asiyada rus dilinin təsiri əsasında ehtimal etmək olar ki, bu ölkələrdə mövcud feminist inisiativlər Rusiya feministlərinin təcrübəsindən istifadə ediblər. Bir çox postsovet ölkələrini birləşdirən çətin siyasi mühit və ümumi konservatizm bu ölkələrdə feminist təşəbbüslərin bir hissəsinin birbaşa siyasi formadan daha çox nisbətən təhlükəsiz QHT formasında fəaliyyət göstərməsi ilə nəticələnib.
Həmrəyliyə ən böyük maneəni göstərən münaqişələrdir. Misal olaraq, Ukraynada Maydan hadisələrindən sonrakı dövrü göstərmək olar. Bu ölkənin şərqində davam edən vətəndaş müharibəsi nəticəsində minlərlə insan həlak olub və məcburi köçkünə çevrilib. Ukrayna millətçiliyini analiz edən Kiborq-Millətçilik adlı kitabda təəsüflə qeyd edilir ki, Ukraynada feminist təşkilatlar və QHT-lər müharibə əleyhinə çıxmadılar, əksinə, militarizmi dəstəklədilər. Bir çox qadın haqları və gender məsələlərinə fokuslanan QHT-lər qadınların müharibədə iştirak etməsini pozitiv və "bərabərləşdirici” hal kimi göstərib, bununla bağlı konfranslar keçirmişdilər (Жербкин и Жеребкина, 2019: 140). Bu cür hal Ukraynada feminizmi legitimləşdirmək və dövlət millətçiliyinə dəstək sayəsində normallaşdırmağa yönlənmişdi.
Digər tərəfdən, bizə mədəni və tarixi (post-kolonial təcrübə) baxımdan yaxın olan Qazaxstan, Qırğızıstan və Özbəkistan feministləri arasında da bağların və həmrəylik praktikalarının olması hiss edilmir.
Bu qısa araşdırmadan da görünür ki, post-sovet feminist təcrübələri kontekstual olaraq bir-birlərindən bəzən daha az, bəzən daha çox fərqlənir. Coğrafi və mədəni yaxınlıq, ortaq kolonial keçmiş və bənzər problemlər post-sovet məkanında feministlərin daha sıx əməkdaşlıq etməsini və bir-birlərinin təcrübələrini öyrənməsi produktiv edir. Həmrəylik də elə bunda özünü göstərir: universallıqdan üz çevirərək təcrübələrin fərqli olmasını qəbul etmək, əməkdaşlıq və bir-birindən öyrənməklə, post-sovet məkanına yeni dil gətirmək.
Bəhruz Səmədovun araşdırmalarından.
qadinkimi.com