İtaliya mətbəxinin şah yeməyi pizza xeyli vaxtdır ki, bizim də sevimlimizə çevrilib. Pizzanı ev şəraitində bişirmək çətin deyil. Əsas onun xəmirini hazırlamaqdır. Xəmirin isə bir neçə növü var. Ürəyinizcə olan reseptə uyğun xəmir hazırlayıb, sonradan müxtəlif içlikli pizza bişirə bilərsiz.
Mayalı resept
Ərzaq:
Un - 1,5 stəkan
Maya - 10 qr.
Süd - ½ stəkan
Kərə yağı - 25 qr.
Bitki yağı - 5 çay qaşığı
Duz - yarım çay qaşığı
Şəkər - 2 çay qaşığı
Mətbəx taxtası və ya məcməyidə unu ələyib, ortasında dərin çuxur açın.
Ora 1 yumurta və azacıq isidilmiş südü əlavə edə-edə unla qarışdırın. Elə edin ki, xəmirdə yumrular qalmasın.
Xəmirə duz, şəkər, kərə yağı, 5 çay qaşığı bitki yağı və maya əlavə edib, xəmir sıyıq olana kimi yoğurun. Emallı qabın dibinə un səpib, xəmiri qoyun və üzərinə bir az da un səpib, dəsmalla bağlayıb, isti yerdə «gəlməyə» qoyun. Xəmir gələndən sonra azca un əlavə edə-edə əlinizdən axmayana qədər yoğurun.
Sonra yumru formada yayıb, kənarlarını qaldırın və üzərinə istədiyiniz pizza növü üçün içlik qoyub bişirin.
Pizza «Meyvəli assorti»
Ərzaq:
Şirin armud - 3 ədəd
Moruq - 1 stəkan
Üzüm - 300 qr.
Bal - 4 xörək qaşığı
Xama - 150 qr.
Narın edilmiş qoz - 50 qr.
Hazırlanması:
Xəmiri nazik yayıb, yağ çəkilmiş formaya qoyun. Armudun özəyini çıxarıb, qabığını soyub, xırda doğrayın. Üzüm gilələrini iki bölüb, tumunu çıxarın. Moruq, armud və üzümü qarışdırıb, xəmirin üzərinə yayın. Daha sonra üstünə bal və xamanı çəkin.
(bal və xamanı bir qabda qarışdıra da bilərsiniz)
Sonda narın qozu səpib, sobada 15 dəqiqə bişirin.
Toyuq əti ilə pizza
İçlik:
Cücə əti - 1 ədəd
Pomidor - 4 ədəd
Mayonez - 6 çay qaşığı
Şirin bibər - 1 ədəd
Sarımsaq - 1 diş
Kök - 2 ədəd
Soğan - yarısı
Kərə yağı - 3 xörək qaşığı
Göyərti - cəfəri, keşniş
Hazırlanması:
Xəmir hazırlayıb, dairəvi yayın. Soğan və kökü çox xırda doğrayıb, qızarana kimi bişirin və bərabər miqdarda xəmirin üstünə yayın.
Cücəni suda bişirib, ətini ayırıb, xırda doğrayın. Növbəti təbəqə kimi əti qoyun, sonra pomidor və bibəri iri halqa şəklində doğrayıb xəmirin üstünə düzün.
Ayrıca qabda mayonez və xırda doğranmış sarımsağı qarışdırın və pizzanın üzərinə çəkin. Pizzanı qızdırılmış sobada 20 dəqiqə bişirin. Hazır pizzanın üzərinə göyərti səpin.
qadinkimi.com