EV / ÇÖL
Evdə hiss etdiyimiz narahatlığın səbəbləri Tarix : 29 Aprel 2022, 17:16

Bəzən səbəbsiz yerə evimizdə narahatlıq hiss edirik. Qədim Fen Şuy fəlsəfəsinə görə evdə rahatlıq üçün mümkün qədər az əşya olmalıdı.


Köhnəlib istifadə olunmayan, xarab, qırıq-sınıq heç bir şey evdə saxlanılmamalıdı. Bu, insanın həyatındakı yenilənmələri də gecikdirər və ya əngəlləyə bilər.



Eyni şey pulqabımız üçün də keçərlidi, bunu lazım olmayan qəbzlərə, çeklərə, istifadə olunmayan kartlara da aid etmək olar. 


Evin girişi (Antre) müsbət duyğular oyandırmalıdı. Giriş qapısının tam qarşısında güzgü və ya şüşə olmamalıdı. (Gələn enerji evə girmədən geri dönər.)



İnsanların içəri girmədən görəcəkləri, müsbət hiss edəcəkləri bir şey asılmalıdı.


Qapıdan girər girməz görünən bir yerə qoruyucu şeylər asılmalıdı (göz muncuğu, fil, quru bibər, quru balqabaq və. s).


Yemək yeyilən masa və yataq otağı evin girişindən görünməməlidir.

Gərginlik verəcəyi düşünüldüyü üçün evin girişinə saat asmazlar.


Dəhlizlər boş qalmamalıdı.

Dəhlizdən rəsm əsəri asmaq, şam, bitki qoymaq və ya xalı sərmək lazımdı. Dəhlizdə yarana biləcək sürətli enerji axımının qarşısını almaq üçün tavandan bir şeylər assaq daha yaxşı olar. (Bambuk, balıqqulaqları, düymələr, muncuqlar, külək zəngi və s.)

 


(Külək zəngi - külək əsəndə metal, taxta və ya bambuk çubuqlarının bir-birinə dəyməsi ilə hüzur verici səslər çıxaran dekorativ əşya)


Hər otağın bir rəngi var!


Qonaq otağında fərqli rənglər vəhdət təşkil etməlidi, tək bir rəng ağırlıq etməməlidi. Evdə ən aktiv yer qonaq otağıdı. Buna görə də zaldakı rənglər insanın həyatına  təsir edir. 


Ən azından 5 yaradıcı ünsürün rəngləri olmalıdı (Od; qırmızı-narıncı, Torpaq; qəhvəyi rəng tonları, Taxta; yaşıl tonlar, Su: mavi tonlar, Metal; gümüş-qızıl kimi metallik rənglər və ya birbaşa metalın özü). 


Ən az bir ədəd qırmızı nəsnə və ya rəsm olmalıdı. Qonaq otağı canlılığı, enerji və dinamikanı xatırladacaq şəkildə qurulmalıdı. Və qonaq otağında bitki, su və saat olmalıdı.


Yemək stolunun üstündə güzgü olmalıdı. Yemək masasının üstündən asılan güzgü masanın bərəkətini artırır. Yemək masasının üstünə meyvə və ya quru gida qoymanın da bərəkəti artırdığı düşünülür. 


Özəlliklə bizim kültürümüzdə bərəkəti artırdığına inanılan və uzun müddət açıq havada qaldıqda xarab olmayan nar və heyva kimi meyvələr seçilə bilər.


Masa ətrafındakı stulların cüt sayda düzülüşü uğur gətirər deyə bir inanc da mövcuddur. 


Yaşamın axışını və zamanı xatırladan saatlar da yalnız qonaq otağında olmalıdı. Su yığıntısı (akvarium, içində şamlar üzən bir şüşə qab və.s) və yaşıl bitkilər də qonaq otağında olsa yaxşıdı. Bitki demişkən; Fen Şuyda kaktus və yeniliyə mane olan quru çiçək məsləhət görülmür.


Aşağı səsdə bir musiqi dinləmək


Fen Şuyda qonaq otağında daima aşağı səsli bir musiqinin enerji axınını qaydasına saldığı düşünülür. Bunun üçün xüsusi bilgi gərək deyil, fonda sevdiyimiz bir melodiyanın əhvalımızı yüksəltdiyi və hüzur verdiyi isbata ehtiyacı olmayan bir həqiqətdir.


Mətbəxə gəldikdə rənglər mavi və ya qara olmamalıdı. İştah açıcı qırmızı, formada qalmaq üçün yaşıl, asan həzm üçün sarı rəng məsləhətdi. Ağ və ya qəhvə tonları da ola bilər. Yenə ən az bir qırmızı element olmalıdı.


Mətbəxtdə qidalar görünməlidi. Bərəkət gətirdiyi hesab edildiyi üçün masa üstündə və ya dəzgahda açıqda qalan zaman xarab olmayan qidalar olmalıdı; meyvə, çərəz, quru qidalar, taxıllar, turşular və. s. şüşə qablarda görünən halda qoyulmalıdı. 


Su dolu bir stəkanın içinə atılmış qəpiyin də bərəkət gətirdiyi hesab edilir.


Yemək hazırlayarkən arxamız mətbəx qapısına dönük olmamalıdı.

Mətbəx qapısının qarşısında tualet və ya pilləkən uyğun sayılmır. Varsa tualetin çöl qapısına güzgü asılmalıdı.


Yataq otağında yer, divar, mebellər və xalça insan dərisinin tonlarında olmalıdı. (Bəyazdan tünd qəhvə rənginə qədər) Qırmızı rəngli bir element və ya rəsm yenə istifadə edə bilərik, amma canlı rənglər çox ifrat dərəcədə olmasın. Şəhvəti oyandıran, lakin yuxunu qaçıracaq qədər enerjili olmayan rənglər məsləhətdi.



Yataq otağında televizora, güzgüyə və saata yer olmamalıdı. 


Yataq otağı; sevişmək və yatmaq üçün ayrılan bir yerdi. Ona görə bu iki işin xaricində hər hansısa bir şeyi xatırladan nəsnələrə qətiyyən yer vermək olmaz. 


Dolayısıyla televizor, kompüter hətta mümkünsə mobil telefonu yataq otağına qoymayın.


Fen Şuya görə yatdığınız yerdən gördüyünüz bir güzgü belə diqqətinizi dağıda və hətta yatağa üçüncü insanı (xəyanəti) dəvət edə bilər.



Yatağın altına bir şeylər yığılmamalı, saxlanmamalıdı. Baza olmamalıdı. Pis xatirələri də özünə yığır çünki.


Əsla saat olmamalıdı. Hüzur yerinə tələskənlik verir.


Yataq otağındakı görüntüyə diqqət!


Otaqdan asılan görüntülər həyatımızda yaşamaq istədiyimiz görüntülər olmalıdı. Tək başına bir insan və ya mutsuz kədərli rəsm olmamalıdı. Fen Şuy biliciləri, ailənin öz fotolarındansa, (xüsusilə uşaqların və ya cütlüklərin valideynlərinin fotoları asılmamalıdı) cüt halda heyvan fotoları və ya ehtiras yaradan rəsmlər tövsiyyə edir.


Yataq dəsti həndəsi fiqurlu olmamalıdı, mümkünsə düz rəng və insan dərisinə yaxın rənglər olmalıdı. (Ağdan, tünd qəhvə rənginə qədər) Həndəsi fiqurlar yatarkən narahat edər.


Münasibətlərdə tarazlığı saxlamaq üçün işıqlandırma və yatağın yeri necə olmalıdı? 


Birbaşa işıq yerinə, yerdən aydınlatma və ya divara əks olunan aydınlatma olmalı, işıq qaynağı birbaşa görülməməlidi. 


Yatağın iki tərəfində kiçik işıqlandırmalar olmalıdı, (şam da ola bilər) amma bütün otağın mərkəz işığı bu iki qaynaqdan əlavə qaynaqdan təmin edilməlidi.


(Yenə münasibətin mərkəzinin bir tərəfə yönlənməsini əngəlləmək və tarazlığı saxlamaq üçün)


Hamamda mavi, yaşıl və bəyazla yanaşı evin geri qalan hissəsi bütünlük təşkil etsin deyə torpaq rəngində detallar olmalıdı. Hamam və tualet qapısı (həmçinin unitaz qapağı) həmişə bağlı qalmalıdı. 


Hamamda güzgüyə baxanda arxamızda görünənlərə diqqət etmək gərəkdi, sevdiyimiz şeylər olmalıdı. Bucaqları iti şeylər yerinə yuvarlaq əşyalar istifadə edilməlidi. Bambuk və yuvarlaq daşlar xüsusi rahatlıq verdiyi üçün bu ikisindən istifadə etmək məsləhətdi.


İki fərqli işıq qaynağı olmalıdı, və ya şam yandırmaq olar.

 

 

Hazırladı: Günel Dəniz

Qadinkimi üçün