FEMİNİZM
Əsgərə elçi düşən qız - Alov İnanna yazır Tarix : 30 Noyabr 2020, 09:01

Son günlər sosial şəbəklərdə qısa bir video dolaşır. Videodan bəlli olur ki, sevgi dolu gözəl bir qız müalicə alan əsgərimizin yanına gəlib,  onunla ailə qurmaq üçün ilk addımı atıb. Qızın hərəkəti, oğlana münasibəti bir çox bucaqlardan dəyərləndirilməkdədir. Çəkilmiş videonun nə qədər zarafat, nə qədər ciddi olması bu yazının mövzusu deyil. Söhbət baş verən hadisənin mənasından və müzakirə üçün yaratdığı suallardan gedir:

1.Qızın davranışı antimillidirmi?

2.Azərbaycan əsgəri bu davranışa layiqdirmi?

Hazırkı kişi mərkəzli (androsentrik) dünyada ailə qurarkən seçmə haqqı, demək olar ki, hər yerdə kişilərə tanınır və yaraşdırılır. Qadının seçmə imkanı yalnız onu seçənlərlə məhdudlaşır. Ailə hər iki tərəfin qarşılıqlı razılaşması əsasında qurulsa da, Məşədi İbad filmindəki "razısan?” sualı qadına verilir. Soruşan tərəf kişi və ya kişinin təmsilçiləridir. Razılıq anlaşmasından sonra qadın kişinin evinə aparılır, el ağzıyla desək, "ərə gedir”.

Evlənmə aktı tarixin gedişi boyunca dəfələrlə forma və məzmun dəyişdirib. 

Avtoritarlığın, qohumluğun, evliliyin, hətta varidatın qadın soyuna aid olduğu anaxaqanlıq (matriarxallıq) dövrlərində cütlüklərin yaşayış yeri qızın anasının məkanı idi (matrilokallıq). Kürəkən evə qonaq kimi gedib gələ bilirdi. Bu ənənənin izləri hələ də bəzi dillərdə qorunub saxlanır. Məsələn, yaponcada "ər” sözü "evə gizli girən” deməkdir. (R.Briffault)

Yaşayış məskəni kimi qadın yaşayan yerin seçilməsi – uksorilokallıq adlanır. Kişi arvadının yaşadığı yerə köçür. Yenə də üzümüzü Briffaulta tutub bununla bağlı onun çox saylı misallarından birini verək: "Alyaskada yaşayan denelərdə bir kişinin bir qadınla evləndiyini dilə gətirən "yeraesta” sözü "kişi qadının yanında qalır” mənasına gəlir.” 

Bizim dilimizdə kişilərə ünvanlanan, kökü çox qədimlərə dayanan, hazırda zarafatyana işlədilən belə bir deyim var: "Haralısan? – Bilmirəm, hələ evlənməmişəm.”

"Ata evi” (patrilokallıq), ya da "ər evi” anlayışlarının meydana gəlməsindən qabaq, dayı yaşayış məkanında söz sahibi olub. Ataxaqanlığa(patriarxallıq) keçid ərəfəsində  evin sahibi, yaxud klanın rəhbəri ananın qardaşıdır (avunkulokallıq). Nənədən, anadan sonra uşaqlara yiyəlik etmək dayının işidir. Nəhəng ailimimiz Mirəli Seyidov "dayı” sözünü "dayə” sözü ilə əlaqələndirərkən haqlıdır, çünki dayı – həm də uşaqlara baxan mənasında işlənirdi. Dayı ilə bağlı bir sıra atalar sözləri və deyimlərimizə nəzər yetirək: "Dayı görməyib, elə bilir Şaqqulu da bir dayıdır”, "Dayı tikən körpünü su aparmaz”, "Dayısı olan dayısına güvənər”, "İgidin axmağı qılıncını dayısında sınayar”, "İgid oğul dayısına oxşayar” və s.
 

Tapşırılmaq, arxa-dayaq mənasında "filankəsin daydayı var” yaxud, Allahın dayı kimi təsvir edildiyi "özünü allahın bacısı oğlu kimi aparmaq” tipli deyimlərimiz təsadüfi yaranmayıb. Yeri gəlmişkən, atamızın qardaşına dediyimiz "əmi” sözü  bizə ərəbcədən keçib. İşin maraqlı tərəfi budur ki, "əmi” ərəb dilində elə "dayı” deməkdir. 

Qadının evlilikdə seçici kimi ilk addım atmasının qalıqları  bir sıra nağıl və dastanlarımızda saxlanıb. Məsələn, məşhur pıspısa Tıq-tıq xanım ərə gedəcəyi kəsi özü axtarır. İçinə bir qədər patriarxal elementlər qatılsa da, fikrimcə, bu nağıl günümüzə qədər gəlib çatan ən qədim nağıllarımızdan biridir. 

Qızın oğlanı seçməsini və evlilik təklifi etməsini əks etdirən ən maraqlı nümunələr Koroğlu dastanındadır. İstanbul paşasının qızı Nigar xanım Koroğluya məktub yazıb Bəlli Əhməd vasitəsilə ilə göndərir ki, gəlib onu Çənlibelə aparsın. Məktubla elçiliyi xotkar qızı Mahru xanım da Giziroğlu Mustafa bəy üçün edir. Eləcə də Məhbub xanım və digər xan, bəy qızları evlənmək üçün Koroğlunun dəlilərinə məktublar yollayırlar.

Uzaq – yaxın keçmişimizdən bu günümüzə qayıdaq. Pullu-imkanlı "papaların gül balalarının”, şöhrətli sənət-efir  adamlarının, məşhur futbolçuların sevgili kimi seçilməsi ilə müqayisədə qəhrəman əsgərlərin seçilməsi, sevilməsi daha romantik, daha təqdirəşayan deyilmi? O əsgərlər ki, Vətənin simasında sevdiklərindən ötrü canlarından keçməyə qadir olduqlarını sübut etdilər və edirlər. 

Hazırda hospitallarda və ya ev şəraitində müalicə alan yüzlərlə yaralı, bədənləri qəlpəli əsgərimiz var. Kimisi gözünü, kimisi üzünün, bədəninin əvvəlki şəklini, kimisi əlini, qolunu, kimisi ayağını, kimisi eşitmə və danışma qabiliyyətini, kimisi ömürlük sağlamlığını itirib. Onlar müharibənin qurbanı deyillər. Onlar müharibənin fədakarlarıdır.

Qurban – baş verənlərin fərqinə varmayan, hadisədə iradəsi, istəyi olmayan, gözü itirdiklərinin arxasında qalan, hər an itirdiklərinə görə peşiman olan, əzab çəkən birisidir. Fədakar - atdığı addımı düşünərək, duyaraq, ağlı və ürəyinin verdiyi qərarla atandır.

Azərbaycan əsgəri fədakardır. Fədakar  hər cür sevgiyə layiqdir! Dünyada fədakarın sevilməsindən ədalətli nə ola bilər! 

Alov İnanna
qadinkimi.com