BURA / ORA
Elin əziz bayramı Tarix : 20 Mart 2023, 20:47

Novruz, Novruz, al Novruz!..

Novruz, Novruz, qal Novruz!

Novruz, Novruz xoş gəldin

Dolu gəldin, boş gəldin?

Quru gəldin, yaş gəldin?..

Novruz, Novruz, xoş gəldin…


(Novruz nəğmələrindən).


Xalqımızın min illərdən bəri el arasında yaşayan elə bayramları var ki, yaranarkən nə bir sözünü, nə bir nəğməsini yazıya alıblar. Ulu qaynaqlardan süzülüb gələn bir-birindən oynaq, şux, lətafətli bu bayram nəğmələri, daha erkən görüş və təsəvvürlərlə bağlı ayinlər, etiqadlar, adət-ənənələr, mərasimlər, tamaşalar nəsillərin yaddaşında yaşayaraq əsrlər, qərinələr aşmış, gəlib bu günümüzə çatmışdır. Yüzilliklər dolabında bu el sözü və nəğmələrinin nəqşi pozulanı da olub, bəndi unudulanı da…Lakin xalq coşğun bir yaradıcılıqla nəğməsinin pozulmuş ahəngini, sözünün unudulmuş bəndini cilalamış, bayramlarını rəngarəng oyunlar, açıq havada keçirilən meydan tamaşaları, yallılar və coşğun rəqslərlə bəzəmişdir. 


Xalqımızın belə böyük bayramlarından biri də Novruzdur. Bu bayram hər il mart ayının 20-21-22-də (köhnə təqvimlə 7-8-9-da) keçirilir. Novruz şərq xalqlarının islamdan çox-çox əvvəlki  əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı bayramlarındandır. XI əsr tarixçisi Nizam-ül-Mülk özünün "Siyasətnamə”sində isə Novruzu yazın gəlişi ilə bağlı kütləvi xalq bayramı kimi təqdim edir. 


Daha qədimlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan insanlar yazın gəlişi, havaların istiləşməsi, yeni əkinçilik mövsümünün başlanması, təbiətin yenidən canlanması, yaşıllaşması ilə bağlı müxtəlif nəğmələr, oyunlar, mərasimlər yaratmışlar. Bütün bu ilkin, ibtidai sənət nümunələri isə sonralar Novruz ətrafında cəmləşmişdir. 


Novruz mərasimi və onun tarixindən müxtəlif tədqiqatçılar bəhs etmiş, bəziləri onu yanlış olaraq zərdüştiliklə, digərləri isə islam dini ilə bağlamağa cəhd göstərmişlər. Lakin bütün ciddi-cəhdlərə baxmayaraq, Novruz nəğmələrində dinlərdən qabaqkı təsəvvürlər bütün aydınlığı ilə əks olunmaqdadır. Bu bayramın dinlərdən çox-çox əvvəl  qədim insanların bolluq, bərəkət, qüdsiyyət, əmək, əkinçilik və məişət həyatı ilə bağlı yarandığını əks etdirən solmaz şəfəqləri zaman keçdikcə daha qüdrətlə şölələnməkdədir. 


Məlumdur ki, bütün dinlər onu qəbul edən xalq arasında özündən əvvəlki etiqad və təsəvvürləri sarsıtmağa cəgd göstərmişdir. Qədim əkinçilik bayramının aqibəti də belə olmuşdur. Zərdüştilik bu mərasimi xalqın hafizəsindən çıxarmağın mümkün olmadığını gördükdə ona atəşpərəst rəngini vurmuşdur. Tonqal yandırmaq, od üstündən atlanmaq və s. kimi ənənələrlə onu "özününküləşdirmişdir”. Bu bayramı rəğbətlə qarşılayan zərdüştilər bütövlükdə onun Zərdüştün adı ilə bağlı yarandığını rəsmiləşdirməyə də cəhd göstərmişlər. Lakin bütün cəhdlərə baxmayaraq, qədim əkinçilik və bərəkət bayramının su kultu ilə bağlı, günəşi, küləyi, yağışı çağırmaq, səməni göyərtmək, axır çərşənbənin müqəddəsliyi və s. ilə bağlı bir çox ilkin təsəvvürləri qorunub saxlanmışdır. 


İslam xadimləri də əslində zərdüştilərin yolu ilə getmişlər. İlk əvvəl islam dini bu bayramı yasaq elan etmiş, lakin onu xalqın hafizəsindən silməkdə aciz olduğunu gördükdə ona öz rəngini vurmuşdur. 


Zərdüştilikdən və islamdan qabaq ulu babalarımız bəs bu bayramı nə vaxt keçirməyə başlamışdır? Görəsən neçədir bu bayramın yaşı?  Qədim bir türk əsatirində bu suallara belə cavab tapmaq olur:


"Oğuz oğlu zağada yaşayanda qışdan yaman qorxardı. Ona görə də ilin üç fəslində qışa tədarük görər, dünyanın naz-nemətini zağaya yığıb gətirərdi. Bir il qış uzun çəkdi. Oğuz oğlunun azuqəsi qurtardı. Çarəsiz qalan Oğuz oğlu Böyük çillənin otuzuncu günü zağadan bayıra çıxdı ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər gəzdi, dolandı, heç nə tapmadı. Saqqalı buz bağladı, əli-ayağı dondu. Kor-peşman evə qayıdanda yolda bir qurd balasına rast gəldi. 

- Oğuz oğlu, bu qarda-boranda haradan gəlirsən? 

Oğuz oğlu başına gələn əhvəlatı danışdı. İlin aylarından gileyləndi. Dedi ki, elə ay var yaxşı dolanırıq, elə ay var acından qırılırıq. Ayları təriflədi, ayları yamanladı. 


Üçü cənnət bağıdı,

Üçü bizə yağıdı,

Üçü yığıb gətirər,

Üçü vurub dağıdar. 


Qurd balası dedi: 

-Ey Oğuz oğlu, qabaqdakı yolayrıcında səni bir sürü qoyun, bir qucaq sünbül, bir cəhrə, bir də əl dəyirmanı gözləyir. Onları alıb zağana apararsan. Qoyunu kəsib ətini yeyərsən, yunundan cəhrədə ip əyirər, özünə paltar tikərsən, dərisini əyninə geyərsən. Sünbülün dənini də əl dəyirmanında çəkər, unundan çörək bişirərsən. Yaza çıxarsan. Ancaq sənə verdiyim əmanətlərdən gərək muğayat olasan. Sünbülü və qoyunu özün artırasan. Quzuları əlinin üstündə saxlayıb böyüdəsən. Sünbülün dənini yerə səpib onu alnının təri ilə suvarasan. Dediklərimə əməl eləyə bilməsən, yaşamaq sənin üçün çətin olacaq. 


Oğuz oğlu yolayrıcına gəldi. Qurd balasının dediklərini götürüb zağaya gətirdi. Qışı kefi kök dolandı. Yazda sürünü dağlara yaydı, sünbülü torpağa səpdi, gecə-gündüz sürülərin, sarı sünbülünün qulluğunda dayandı. Oğuz oğluna bir bolluq üz verdi ki, gəl görəsən. O gündən Oğuz oğlu bütün ili işlədi. Qurd balasına rast gəldiyi Böyük çillənin otuncu günündən isə bayrama hazırlaşmağa başladı. İlin axır beş gününü yedi, içdi, çaldı, çağırdı, qohuma-qonşuya bayrama getdi”.


Deyirlər oğuzlar elə o vaxtdan həmin günü ən əziz bayramlarından hesab eləmişlər. Elə o gündən Oğuz oğlunun həyatında yeni gün başlamış, o günə Novruz adını verən Oğuz oğlu onu hər yaz bayram etmişdir. O gündən Novruz xalq arasında firavan yaşayışa, bolluğa, bərəkətə, yaradıcı əməyə çağırış rəmzinə çevrilmişdir. 


Elə o gündən xalq bayrama qırx gün qalmış hazırlıq, təmizlik işlərinə başlamış, özünün "Novruzqabağı nəğmələri”ni yaratmışdır.  Bu nəğmələrdə bayrama qədər şumun başa çatması, qoyun-quzunun yaza salamat çıxarılması, dölün uğurlu keçirilməsi, dələmənin, südün, ətin, yağın, pendirin bol olması və s. arzulanmışdır. Bayram günlərində qız-gəlinə bayram donluğu üçün ip əyirən cəhrəyə, evdə güzəranlıq rəmzi olan nəhrəyə, "qonça güllü, xonça güllü” xalılar toxuyan xanaya nəğmələr qoşulmuşdur. 


Azad Nəbiyev folklorşünas, professor

Sayt üçün hazırladı: Günel Dəniz


qadinkimi.com