Mübariz Mənsimovu həbs etdilər.
Tanınmış iş adamının, Türkiyə iqtisadiyyatına milyardlarla mənfəət gətirən bir şəxsin İstanbulda yaşadığı ev gecədən keçmiş basqına məruz qaldı.
Çox utanc gətirən bir əməliyyat oldu. Nə olsun ki, hansı dövlətdən gözləsəydik də, qardaş Türkiyədən bu amansızlığı gözləməzdik…
"Türkün türkdən başqa dostu yoxdur” deyiminə qarşı - "türkün türkdən başqa düşməni yoxmuş" deyimini heç zaman dilimizə gətirməyəcəyik… Ara-sıra səslənən bu şüarlar da bizə bir millət iki dövlət olan türklərə yaraşmaz. Burda millətin nə günahı, biz eyni başıbəlalı, gözləmədiyimiz yerdən zərbə alan millətik. Və heç zaman da Mübariz Mənsimova qarşı olan, həm də haqsızlıqla müşahidə olunan bu olayı millətlərimiz arasında bir qarşıdurma kimi xarakterizə etmərik.
Mübariz Mənsimov kimdir ki? Özü demiş, düşünmədən həyatını, var-dövlətini Vətəninə, millətinə qurban verəcək bir oğul…
Mübariz Mənsimovun evinə basqın çox utanc gətirəsi bir haldı. Bu bir sivil dövlətin əmniyyət keşikçilərini şübhəli bildiyi kimsəni tutuqlaması deyil, əslində bir terror yuvasına hücum kimi anıldı.
Utandım. Ayıbıma gəldi. Mübariz bəy türklərin ifadəsində bulunduğu kimi karakola, yaxud savcılığa, əmniyyət idarəsinə dəvət edilsəydi, gəlməzdimi, ifadə verməzdimi? Düşünürəm ki, gələrdi, zatən özü demiş, bunu gözləyirdi də. Çünki son illərin Rusiya neftinin Qara dənizdən daşınması uğrunda gedən anlaşılmaz qarşıdurma iş adamını bu hala hazırlamışdı. Hər cür böhtan, şər-şəbədə, qarayaxma ola bilərdi, oldu da.
Zaman-zaman sifarişli saytlarda sifarişli yazılar boy verdi, "Palmali” şirkətlər qrupunun hansısa qara əməl sahibi olmasını gündəmə gətirdilər və sevindilər. Sirkdə təlimatçıdan qənd alıb sevinən ayı balası kimi…
Gecə ilə, dünyada 5-ci yerdə olan gəmiçilik sahibinin evinə Taliban silahlılarının, İŞİD başkəsənlərinin, PKK yaraqlılarının, erməni daşnaklarının, Türklərə qənim kəsilən Suriya hökumət ordusunun səngərlərinə edilən hücum kimi etdilər bu basqını. Görəsən, onu göz altına daha sivil yolla alsaydılar nə olacaqdı ki?…
Yoxsa, ailəsinin, cocuqlarının, yeniyetmə qızının yatdığı zaman evinə basqın etmək doğrudanmı qaçılmaz idi? Belə etmək türk kişisinə heç yaraşmaz. Nə olsun ki, polisdir, jandarmdır, savcıdır daha nə bilim kimdir… Hər halda buyruq belə gəlib və buyruğun ayıb olmasını bir daha dilə gətirim.
1915-ci illərdə erməni murdarlarının Qarsda, Ərzurumda, Sarıqamışda kimsəsiz və əlacsız qalmış türk evlərinə soxulması, qadın və uşaqları qətlə yetirməsi həmişə tərəfimizdən pis xatırlanıb. Müqayisə etmirəm, ama heç istəməzdim ki, evdə ailə üzvlərinin uyuduğu, istirahət etdiyi odaya terror yuvasını basırlarmış kimi daxil olsunlar.
Azərbaycanda hər kəs narahatdır. Ata Abdullayev kimilər və Mübarizin, bir türk oğlu türkün, uğuruna həsəd aparanlar istisna olmaqla. Zatən xalq sosial şəbəkədə o xislət sahiblərinin qiymətini, dəyərini verir və verməkdə…
İnsanlarımız inanır, güvənir və gözləyir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu olaya qiymət verəcək, diqqət ayıracaq. Bir millətin iki dövləti var və bizim dövlətin prezidenti, bizim digər dövlətin prezidentindən haqqın, ədalətin öz yerini tapmasını istəyəcək. Mən buna inanıram və düşünürəm ki, yeri gəlsə tələb də edəcək, axı bizim prezidentimiz bütün azərbaycanlıların prezidentidir, harda yaşamasından, sosial mənşəyindən, kimliyindən asılı olmayaraq.
Həm də cənab İlham Əliyevin vətəndaşlarımız üçün etdiklərini, onun siyası, iqtisadi reformalarını dəstəkləyən, işsizliyin aradan qaldırılması üçün yürütdüyü siyasəti, verdiyi təklifləri gerçəkləşdirənlərdən biri idi Mübariz Mənsimov. Baxmayaraq ki, o, dövlət məmuru deyildi, amma bir azərbaycanlı iş adamı kimi özünün qazancını buna sərf edirdi.
Vaxtınızı ala bilərəm, sadalamayacam. Amma kim bilmir ki, Azərbaycanda yeni iş yeri açmaq üçün, heyvandarlıq və südçülük üçün nə qədər vəsait ayırmışdı. İdman sahəsinə də yetərincə vəsait ayırması hər kəsə aydındı. Ölkəmizin tanınmış ziyalılarının, şəhidlərinin adını verdiyi gəmilərdə işləyən yüzlərlə dənizçimizi də bu sıralamaya əlavə edək.
Türkiyənin özündə tikdirdiyi məktəblər, təmir etdirdiyi tarixi binalar, əmniyyət idarələri, "Beşiktaş” futbol klubuna yatırımı, Türk film sənayesinə ayırdığı milyonlar…
Türk mehmetçiklərinin şəhidliyini öz şəhidi, itkisi kimi qəbul etməsi və bu istiqamətdə gördüyü işlər. Yeddi nəsil arxa dönmüşündə erməni izi olacaq kimsələrin mənim şirkətlərimdə heç zaman işləyə bilməz, - bəyanatı… Birmi, beşmi? Sadalayaqmı?
Heç kəs onun terrorçu qruplaşması ilə ilgili olmasına inanmaz.
Mənim Prezidentim İlham Əliyev bir erməni dığasının ölümünə kədər nümayiş etdirməz, "biz hamımız Hrant Dinkik” deyib bir terrorçu millətə yas saxlamaz… O, da Prezidentin siyasi kursunu dəstəkləyib həmişə.
Fətulla Gülənlə isə nə vaxtsa salam-əleyki olubsa da düşünürəm bu da Ərdoğan kimi siyasi arenada anidən parlamış bir siyasi xadimə olan rəğbətindən irəli gələ bilərmiş. O, Ərdoğan siyasətinə də sadiqliyini dəfələrlə nümayiş etdirib. Bir vaxtlar Fətullanın əlini öpən, ona biət edən Rəcəb Tayib Ərdoğan inanmıram ki, Mübariz Məsimovu bu adla tutuqlasın. Hər şeyin öz adı var, hər şeyi öz adı ilə çağıraq.
Mübariz Mənsimov millətinə təmənnasız xidmətinə görə gözaltına alındı, tutuqlandı. Bu işdə ara qarışdıran milyonların sahibi olan məmurlar, heç nədən neft maqnatı olan insanlar başa düşüləndi. Mübariz özünün halal pulunu xaricdə oxuyan tələbələrə xərcləyirdi, şəhid ailələrinə, tanınmış incəsənət adamlarına yardım edirdi, 20 yanvar, Xocalı faciəsi daha çox tanınsın deyə əməli işlər görürdü. O məmurlar bunu edə bilmirdi… Sadə bir məsələyə görə: Sual ola bilərdi, sən bir məmursan, bu milyonları maaşlamı əldə etdin? Veriləcək suallara tapılmayan cavablara görə Mübariz Mənsimovu ləkələməyə dəyərdimi, görəsən?
Faiq Balabəyli
Mənbə: mustaqil.az
qadinkimi.com