İranda feodal təzyiqi, şah istibdadı və xarici kapital əleyhinə kütləvi demokratik üsyanlar vaxtında yeni təriqət nəzəriyyəsi əmələ gəlir. Bu yeni dinin banisi Şirazlı Seyid Əli Məhəmməd idi. O, 1819-cu il 20 oktyabrda tacir ailəsində doğulub, uşaq ikən yetim qalıb, erkən yaşlarından dini məsələlərlə məşğul olmağa başlayır. O, özünə Bab ləqəbi götürmüşdü ki, onun da mənası ilahi həqiqətə aparan yol, qapı deməkdir. Bab 25 yaşından etibarən yeni dini təbliğ etməyə başlayır.
Babi dininin öz inancları, cəmiyyətin yeni vəziyyəti üçün konsepsiyaları vardır. Babi ehkamına görə Allah birdir, Əli Məhəmməd isə güzgüdür ki, o orada əks olunmuşdur və hər kəs ona ehtiram göstərməlidir. "Siz özünüzü və əməllərinizi elə güzgülərə çevirməlisiniz ki, o güzgülərdə sevdiyiniz günəşi görəsiniz” .
Babilik təriqətinə görə qadın və kişi bərabərhüquqlu hesab olunur.
Qürrətül-Eyn Molla Hüseyn vasitəsilə Baba məktub göndərir. Yüksək peşəkarlıq və elmlə yazılmış fikirləri oxuyan Bab onun nadir qabiliyyətinə heyran olir. Və onu ən yaxın silahdaşı olaraq qəbul edir və yenicə yaranan ierarxiyada birinci vahidi formalaşdırırlar. Bab on səkkiz şagirdinə Əbədiyaşarın Hərfləri, özünə isə Nöqteyi-Üla adını verir.
Xalqı ictimai dəyişikliklər etməyə çağıran çıxışları nəticəsində şah hökuməti Seyid Əli Məhəmmədi - Babı həbs edərək Maku zindanına salır. O, zindanda babiliyin müqəddəs kitabı hesab olunan " Bəyan " adlı əsər yazır.
Bab hakimiyyətin yuxarı eşalonunda yüksək postları tutan din xadimlərini xəsis və əxlaqsız adlandırır ki, bu da onun haqda verilən fitvadan yaxa qurtarmağın mümkünsüzlüyü demək idi.
Fəaliyyətlərinin nəticəsi olaraq İraqda nəzarət altına alınan Zərrintacı son nəticədə oradan çıxarıb Osmanlı ərazisini tərk etməyi əmr edirlər. 1847-ci ildə o, İrana yola düşür. Evə qayıdarkən bütün səfər boyu o, babi dinini təbliğ etməkdən usanmır, dinə yeni insanlar gətirir və xüsusilə, açıq debatlarda çox möhtərəm ruhaniləri cəlb edir. Keçdiyi hər yerdə onun ardıcılları yaranmaqda idi ki, onlar " Qürrətiyyə " adlanırdılar. Bu ardıcılların içində yüksək zümrəyə aid olan adlı-sanlı xanımlar da yer alır.
Hərəkat başlayanda ( 1844 ) Zərrintac həm İslamın görkəmli yeganə qadın alimi, həm də dövrünün məşhur şairəsi kimi tanınmış 27 yaşlı nüfuzlu bir şəxsiyyət idi.
Onun Qəzvinə qayıdışı qarşıdurmanı və ailələrdəki ədavəti daha da artırır. Qadının yeri arvad və ana kimi ancaq evdə idi, Qürrətül-Eyn isə heç vaxt onun bu " təbii " sferası ilə barışmır. Hətta arvad və ana olsa da, o, kitabxana və dərslərdə, söhbət və müzakirələrdə daha çox vaxt keçirir. Ailədəki hər kəs ona başladığı mübarizəni dayandırmağı tövsiyyə edir, alınmayanda isə onu övladlarından ayıracaqları və boşayacaqları ilə təhdid edirlər. Heç bir hədə-qorxu, onun ev dustağı edilməsi belə onu fikrindən daşındıra bilmir. Bunun nəticəsi olaraq əmisi və qaynatası, Qəzvinin imamcüməsi olan Molla Saleh Tağının babilər hərəkatının üzvlərinə qarşı olan qəzəbi pik həddinə çatır.
Şeyx Əhməd Əhsaini xüsusiylə sevməyən Mollla Tağı şiə ruhani zümrəsi arasında onu təhlükəli kafir kimi rədd edən birinci şəxs idi. Molla Tağının şeyxilərdən nə qədər xoşu gəlməsə də, babilərə nifrəti daha dərin və amansız idi. Təkcə onun kiçik qardaşı Hacı Molla Əlinin deyil, hətta qardaşı qızı və gəlini olan Qürrətül-Eyn kimi tanınmış Zərrintacın onun elə nifrət etdiyi ehkamları qəbul etməsi onun nifrətinin bu cür kəskinləşməsinə gətirib çıxarır və bu üzdən ömrünün son ilində camaat arasında Babı və onun dinini ağır ittham edir. Molla Saleh Tağı babiləri təhqir etməyə, onlara qarşı zorakılıqlar tətbiq etməyə başlayır. Radikal baxışlı inanclıları qızışdıraraq babilik hərəkatının üzvlərini qovdurur, evlərini talan etdirir və işgəncələrə məruz qoydurur. Bunun nəticəsi olaraq, babi hərəkatının fəal üzvü ərəb Şeyx Saleh çox idarəedilməz bir hiddətə dolur və 1848 - ci ildə Molla Tağını öldürür. O, Qəzvində, Şahzadə Hüseyn qəbirstanlığında dəfn olunur.
Qəzvin hakimi babilikdə şübhəli bilinən hər kəsi həbs etdirir və məsələni dərhal Məhəmməd Şah Qacara ( 1834-1848 ) çatdırır. Şeyx Saleh bu hadisəni tək törətdiyini desə də, heç kimə aman verilmir. Kütləvi həbslər baş alıb gedir. Atasının yerinə keçən, Qəzvinin imamcüməsi olan Molla Məhəmməd Tehrandakı ali din xadimlərini bu işdə suçlayır, onları babilərə qarşı sərgilədikləri liberal davranışlara görə qınayır. Daha çox " qan " tələb edən Məhəmmədi sakitləşdirməkçün " günahkarların tapılıb cəzalandırılması " işini onun özünə həvalə edirlər.
Çox sayda insan işgəncələrdən sonra edam edilir. Qürrətül-Eyn də ciddi nəzarətə götürülür. Uzun sürən istintaqdan sonra onun günahsız olması sübuta yetirilir. Bundan sonra isə onu əsassız surətdə ev dustaqlığına məhkum edirlər. Bir müddətdən sonra Qürrətül-Eynin azadlığa buraxılmadığını görən hərəkat üzvləri Bəhaullahın dəstəyilə onun qaçış planını hazırlayaraq, dustaqlıqdan xilas edirlər. Tehran yolu ilə Xorasana yola düşən Qürrətül-Eynin məhz bu gündən edamına qədər olan qısa bir sürədə tarixə qanıyla yazdığı aktiv mübarizə həyatı başlayır.
Zərrintac Tehranda Mirzə Hüseyn Əli Nurinin-Bəhaullahın himayəsi altında şəhərin içində və çölündə gizli qalmaqla bir neçə ay keçirir. 1848-ci ilin ortalarına doğru, babilərin Xorasanda toplanmaları üçün ümumi çağırışdan sonra, o, Tehranı tərk edir və konfransda iştirak etmək üçün Bədəştə yola düşür. Və hərəkatın gələcəyinin müəyyən edilməsində çox böyük rol oynayır.
Onun babilər hərəkatında tutduğu mövqe təkcə rəhbərliyi ilə məhdudlaşmır. Qürrətül-Eynin fəaliyyətində ictimai təlatüm doğurmuş, həm babilər hərəkatında, həm də bütün dünyada ictimai-siyasi proseslərin gedişini dəyişmiş məqamlar olmuşdur. Qürrətül-Eyn tarixə qadın azadlıqlarının ilk carçısı kimi daxil olur. O, İslam Şərqində çadrasını nümayişkaranə atmış ilk müsəlman qadındır. Bu hadisə belə baş verib.
1848-ci ilin iyun-iyul aylarında ( 1264, rəcəb-şaban ayları ) Bəstamın şərqində, Xorasan-Mazandaran yolunun üstündə yerləşən Bədəşt kəndində konfrans baş tutur. Seyid Əli Məhəmmədin-Babın həbsdən azad olunması planını nəzərdə tutan yığıncaqda xüsusi mülkiyyətin, feodal biyar və vergilərinin əleyhinə çıxışlar edilir və hakim sinfin imtiyazlarının ləğv edilməsi tələbləri də irəli sürülür.
Qürrətül-Eyn bu konfransda 80 kişiylə bərabər iştirak edən və eyni zamanda onlara qarşı çıxan və qələbə qazanan ilk qadın alim kimi adını tarixə yazır. O, fikirlərini bitirdikdən sonra çadrasını yerə atır. Bu hadisənin yaratdığı təsir çox dərin olur. Bəziləri əlləri ilə üzlərini örtür, digərləri özlərindən keçərək yerə sərilir, bir başqaları da başlarını öz əbaları ilə örtürlər ki, Ülyahəzrətləri Zərrintacın üzünü görməsinlər.
Küçədən keçən tanış omayan bir qadının üzünü görmək günah olduğu halda, Qürrətül-Eyn kimi təmizlik simvolu olan bir varlığa baxmaq bəşəri cinayət idi. Onun bu hərəkətinə heyrətlənmiş bir konfrans nümayəndəsi isə hətta qəzəbindən öz boğazını kəsir, bir neçəsi isə nifrətlə ona hucum edir. Lakin Zərrintac özünün möhkəm iradəsi, soyuqqanlılığı və bəlağətli nitqi ilə qəzəblənmiş kişiləri sakitləşdirir, onları geriyə çəkilməyə və ona qulaq asmağa məcbur edir.O, çıxış edərək deyir: " Qalxın qardaşlar, Quranın dedikləri yerinə yetdi, yeni era başlamışdır. Mən sizin bacınız deyiləmmi, sizsə mənim qardaşım? Siz mənə həqiqi dost kimi baxa bilməzsinizmi? Bir bacı nə vaxt üzünü qardaşından gizlədib? Əgər siz beyninizdəki şər fikirləri çıxara bilmirsinizsə, ( çünki o dövrdə üzünü niqabla örtməmək görünməmiş bir şey idi ) onda siz həyatınızı böyük iş üçün necə verəcəksiniz?.. Gəlin, qadınlarımızı azad edək və cəmiyyətimizi islah edək. Gəlin, mövhumat və xudbinlik qəbirlərindən qalxaq və qiyamət gününün yaxın olduğunu bəyan edək; onda bütün dünya vicdan azadlığına və yeni həyata cavab verəcək! Bu qiyamət şeypurunun səsi mənəm.”
Qürrətül-Eynin konfransdakı qələbəsi uğrunda canını verdiyi ideologiyaya mənən tam hazır olmasında idi. Silahdaşlarının dili " bacı " desə də, beyinləri bunu dərk etmədə aciz idi. Cismən onlara yad olan, bioloji bağlarla bağlanmayan biri onlarçün " dildə " bacı idi, belə isə yad olaraq qalırdı. Ruhən və cismən vəhdət təşkil edən, qəlbi və nitqi ilə amallarına xidmət edən Qürrətül-Eyn isə həmin gün onlara və eyni zamanda bütün bəşəriyyətə həyat dərsi keçdi. Və böyük əksəriyyətin səs çoxluğu ilə hərəkatın lideri seçildi.
Bədəşt konfransı Zərrintac Qürrətül-Eynin babi karyerasının zirvəsi hesab olunur.
Sonralar Zərrintacın liderliyini qısqanan kişilər ondan həbsdə olan Baba şikayət edərkən o, onu Tahirə - yəni " olduqca pak " elan edərək mükafatlandırır. Zərrintac Nə Babı, nə də Kazım Rəştini həyatda görə bilmir. Və Zərrintac kimi doğulan qız ustadı və rəhbəri tərəfindən verilmiş təxəllüslərlə Tahirə Qürrətül-Eyn olaraq tarixə keçir.
Üsyan edən babilər Tahirə Qürrətül-Eynin də rəhbərlik etdiyi Mazandaranda, Barforuş şəhərinin yaxınlığında tikdikləri qalada mülkiyyətin ümumiləşdirilməsinə təşəbbüs göstərirlər. Şah ordusunun rəhbərliyi qalanı bir neçə ay nəticəsiz mühasirədə saxlayır, sonra üsyançıları əfv etməklə aldadıb qaladan çıxardır və hamısını qırır. Bu, 1849-cu ildə baş verir. 1850-ci ildə Zəncanda baş verən babilər üsyanı da belə nəticələnir. Həmin ildə Neyriz şəhərində baş verən üsyan da yalan və qəddarlıqla yatırılır...
6 ilə yaxın bir müddət fəaliyyətdən sonra Babı 1850-ci il iyulun 9-da Təbrizdə edam edirlər, lakin müxtəlif yerlərə yayılmış ardıcıllarını tamamən məhv edə bilmirlər.
Bundan sonra Tahirəni Tehran polis jandarm rəisi Mahmud Xan Kələntərin nəzarətinə verirlər və Qürrətül-Eyn 1852-ci ilin avqustunda edam olunana qədər o evdə qalır. Onun dustaqlığı çox sərt deyildi və ayrı-ayrı babilər onu müxtəlif bəhanələr altında görə bilirdilər. O, çoxsaylı kişi və qadın ziyarətçiləri qəbul edir. Tahirə mövcud şəraitdə qadınların aşağı rolunu göstərməklə əksəriyyətdə dərin təsir buraxır və babilik hərəkatının qadınlara verdiyi azadlıq və hörməti göstərməklə onları heyran edir. Bunun da nəticəsində orada elə müzakirələr keçirilir ki, kişilər oradan heç də həmişə qalib çıxa bilmirlər.
Ardı var...
Müəllif: Kəmalə Səlim Müslümqızı
qadinkimi.com