FEMİNİZM, QADIN / KİŞİ
Dünyanın ən qədim universitetini yaradan qadın - Fatimə əl-Fihri Tarix : 30 İyun 2022, 11:09



O, dünyanın ən qədim universitetini, Mərakeşin Fəs şəhərində yerləşən əl-Qaraviyyin-i yaradan qadındı (The University of al-Qarawiyyin). 

 

Fatimə əl-Fihriyyə IX əsrin əvvəllərində varlı tacir ailəsində anadan olub. Yaxşı təhsil alıb.

 

Dr. Nazmul Hoke və Dr. Faruk Abdullahın yazdığı "Dünyanın ən qədim universiteti və onun maliyyələşdirilməsi təcrübəsi: əl-Qaraviyyin universitetinin tədqiqi” başlıqlı məqalələrində bildirilir ki, Fatiməyə atası və ərinin ölümündən sonra xeyli miras qalır və o, bu sərvətdən vicdanla istifadə edir.


Fatimə öz itkisini insanlara verdiyi faydaya çevirib.


Məqsədi bir vaxtlar ailəsi ilə Tunisin Kayruan şəhərindən Fəsə emiqrasiya edərkən onları xoş üzlə qarşılayan xalqa kömək etmək idi. O, 859-cu ildə Fatimə əl-Qaraviyyin universitetinin əsasını qoydu. Sonralar universitetə çevrilən əl-Qaraviyyin məscidi və mədrəsəni yaratdı. 


Fatimə təqvalı və dini elmlər sahəsində yaxşı təhsil almış kimi tanınırdı. Məqalədə həmçinin onun elm və memarlıq kimi digər bilik sahələrinə də sevgisini inkişaf etdirdiyindən bəhs edilir.


Professor Geoffrey T. Kenny və professor Ebrahim Musanın "Müasir dünyada İslam" adlı birgə işindən görə bilərik ki, əl-Qaraviyyin "təsisçilərinin gücünü əks etdirən mərkəzi qurum” idi.


Daha sonra işdə izah edilir: "Xeyriyyə işləri ilə bağlı sənədlər təsisçilərə təhsil sahələrini dəqiqləşdirməyə imkan verdiyi üçün mədrəsənin tədris planı fərqli ola bilərdi”.


O, ilk dəfə məscid və dini ocaq kimi o dövrün insanlarına mənəvi və islami təhsil verən bir qurum olaraq yaradılıb. "Əl-Qaraviyyin" adı Fatimənin Tunisdə yaşadığı  şəhərin (Kayrouan) şərəfinə qoyulub.


İllər keçdikcə Qaraviyyin genişlənib və daha çox elm axtarışında olan kişilərə və qadınlara kömək edə bilib. Əl-Qəraviyyin təkcə İslam dini təhsili vermirdi; illər ərzində orada ​​müxtəlif təhsil sahələri yer alırdı. 


Xüsusilə tibb, həndəsə, astronomiya, hətta tarix kimi təbiət elmləri universitet proqramına daxil edilib.


Qaraviyyin universiteti bir neçə əsr boyunca Afrikada öz sahəsinin ən böyük universiteti olaraq qalıb. Bu, dünyanın hər yerindən alimləri və tələbələri cəlb edib. 


Deyilənlərə görə, islam alimi İbn əl-Ərəbi (1165-1240), filosof İbn Xəldun (1332-1406) və bir çox başqa müsəlman alimləri orada təhsil almış və dərs demişlər.


Əl-Qaraviyyin YUNESKO və Ginnesin Rekordlar Kitabına düşərək ən qədim universitet kimi tanınıb. Ən qədim ali təhsil ocağıdır. 


Ağa Mehdiyev

Qadinkimi.com