FEMİNİZM
Döş giləsinə azadlıq? Qadın döşünün göstərilməsinə məhdudiyyətlər ətrafında mübahisələr Tarix : 18 Yanvar 2019, 22:44
Yazar : Qadinkimi.com
Tumblr sosial şəbəkəsinin pornoməzmunlu materialları qadağan etməsi barədə bəyanatı internetdə qadın döşünün əks olunması ilə bağlı yeni mübahisələr dalğası yaradıb və qadın bədənin bu hissəsinə diqqəti artırıb.

2007-ci ildə yaradılan Tumblr, istifadəçilərin məzmununa senzura qoymayan sonuncu şəbəkələrdən biri idi.

Şirkət rəhbərliyi deyir: Tumblr seks və münasibətlər kimi mövzuların sərbəst danışıldığı bir yerdir. Daha doğrusu əvvəllər belə deyirdilər.

Hazırda saytda "real insanın cinsiyyət orqanlarını göstərən şəkillər, videolar və GİF-lər, həmçinin cinsi aktın təsvir olunduğu istənilən məzmun" qadağan edilib.

Saytın ingilisdilli versiyasında qadın döşləri barədə ifadə female-presenting nipples ( hərfi tərcümə - " təqdim edilən qadın döş gilələri" ) kimi səslənib.

Şirkətin yeni siyasəti və ifadənin özü çoxsaylı istehzalı atmacalar doğurub.

İstifadəçilər efirdə döş gilələri barədə süjet təqdim edən aparacıları təsvir ediblər.
 


Guya müəllimlərin qadın döşü barədə dərs keçdikləri təsvir olunub.
 


Müəllimə sinifin diqqətini döşü xatırladan obyektə yönəldir. Bu şəkli Tumblr-ə yerləşdirən şəxs-ə qadağa tətbiq ediləcəkmi?

Və döş gilələri ilə məşhur sənət əsərləri əks olunub.
 


Çılpaq seksual demək deyil?

Tumblr-ın qadağası ictimai diqqət sahəsində qadın döşlərinin əks olunmasına senzura qoyulması barədə mövzunu gündəmə gətirib.

Tətbiq edilən qadağalar sosial şəbəkələrin şəxsi mövqeyi deyil, ictimaiyyətin və bazar münasibətinin əks olunmasıdır.

"Fişki.net" layihəsinin icraçı direktoru Mixail Qureviç buna əmindir.

"Sosial şəbəkələrin əksəriyyəti rəsmi şirkətlərdir.

İstənilən məhkəmə iddiası və ya bəyanat, məsələn uşaq assosiasiyalarının şəbəkələrdə dəhşət və pornoqrafiyanın hökm sürməsi barədə bəyanatları şübhəsiz ki, onların dəyərinə zərbə vurur", - Qureviç deyir.
 


Qadağanın tərəfdarları iddia edirlər ki, çılpaq qadın döşü təbiətcə kişilərinkindən fərqlənir. Qadın döşü kişilər üçün daha cəlbedicidir, nəinki qadınlar üçün kişi döşü.

Onun sözlərinə görə, döşün açıq əksi ictimai normaların pozulmasına gətirib çıxara və uşaq psixologiyasına ziyan vura bilər.

Qadağanın əleyhdarları hesab edir ki, qadın döşünün seksuallığı ictimaiyyət tərəfindən uydurulan stereotipdir.

"Qadın döşü pornoqrafiya hesab edilmir.

İncəsənətdə biz çılpaq qadın döşünü görürük və bizim ağlımıza gəlmir ki, Rubensin əsərləri pornoqrafiyadır", -deyə "Femen" hərəkatının fəal üzvü Yana Jdanova BBC Rus Xidmətinə müsahibəsində bildirib.
 


"Çılpaqlıq seksuallıq, seksuallıq isə çılpaqlıq demək deyil. Əynində paltar və bağlı sinə ilə pornoqrafik şəkil yaratmağın mümkün olduğunu görmək üçün Instagram-a baxmaq kifayətdir", - deyə o əminliklə deyir.

Hərəkat iştirakçıları bərəbərlik istəyirlər.

"Onda kişilər də şəkillərdə döşlərini lentlə bağlasınlar, gəlin bütün döş uclarını bantlayaq.

Onda məşq zamanı şəkil çəkdirərək əzələlərini nümayiş etdirən, trenajor zalında həddən artıq pornoqrafik göründüklərinə görə bütün kişilərə qadağa qoymaq lazımdır", - deyə Jdanova bildirib.

Seksoloqlar bu mübahisədə kimin haqlı olması barədə birmənalı cavab vermirlər. Seksual İnkişaf Mərkəzinin proqram direktoru Valeriya Aqinskaya insanların şüuraltı olaraq bir-birinin müəyyən bədən hissələrinə maraq göstərdiyini deyir.

"Lakin bu birbaşa seksuallıqla bağlı deyil. Bu, hazırkı partnyorla nəsli davam etdirməyin nə dərəcədə uğurlu olmasını şüuraltı qiymətləndirmək tələbatıdır", - deyə o əlavə edib.

Araşdırmalar göstərib ki, kişi qadını ilk dəfə görən zaman refleks olaraq ilk növbədə onun döşünə, daha sonra isə omba nahiyəsi və çiyinlərinə diqqət yetirir. Qadınlar isə ilk növbədə kişilərin çiyinlərinə və bud nahiyəsiə baxırlar.

"Qadın ombasının ölçüsü şüuraltı səviyyədə asan doğmaq bacarığı, döşün həcmi isə uşağın yaxşı əmizdirilməsiylə bağlanılır", - Aqinskaya şərh edir.

Aqinskayanın sözlərinə görə, digər tərəfdən istənilən sosial-mədəni qrup həqiqətən özü nəyin seksual olduğunu, nəyin tabulaşdırıldığını müəyyən edir.

O, əmindir ki, əgər biz cəmiyyətə və uşaqlara mənfi təsirdən danışırıqsa, onda burada söhbət çılpaq qadın döşündən yox, məhz ictimaiyyətin ona münasibətindən gedir.

Riyakarlıq və ikili standartlar

2012-ci ildə aktrisa Lina Esco Manhattan küçələrində qurşağa qədər çılpaq vəziyyətdə gəzməsi barədə video çəkərək onu Facebook-da paylaşıb.

Sosial şəbəkə videonun öz daxili siyasətinə zidd olduğunu deyərək qadağan edib. Esko "Döş giləsinə azadlıq!" (FreetheNipple) ictimai hərəkatını yaradıb və eyni adlı bədii film çəkib.
 
 

Film təkcə qadın və kişi arasındakı bərabərlikdən bəhs etmir. Müəlliflər hüquq-mühafizə orqanlarının və ictimaiyyətin qadın bədənin bu hissəsinə olan böyük diqqətini qeyd edərək suallar veriblər: "Görəsən onların qadın döşlərinin nümayişini müzakirə etməkdən savayı başqa iş-gücləri yoxdurmu?"

"Biz elə bir dünyada yaşayırıq ki, hər gün televizorda müharibə və terror göstərilir. Əsrin cinayəti isə Janet Jackson-un döşləridir", - deyə filmin baş qəhrəmanı deyir.

2004-cü ildə ABŞ-ın Milli Futbol Liqasının (Superbowl kimi tanınır) finalındakı şou zamanı müğənni Janet Jackson Justin Timberlake ilə duet oxuyub.

"RockYourBody" adlı mahnının sonunda "Gonna have you naked by the end of this song" ("Bu mahnının sonunda səni soyunduracam") sözlərini oxuyan Timberlake Janet-in paltarının yuxarı hissəsindəkı bir parçanı cırıb və bununla onun sağ döşü açıq qalıb.

 

Baş verən insidentlə bağlı tamaşaçılar tərəfindən 500 min şikayət alan ABŞ Federal Komissiyası məsələni araşdırıb. Superbowl-u yayımlayan CBS şirkəti 550 min dollar cərimə edilib.

Tədbirin sponsorları şouya xərclənən 10 milyon dolların geri qaytarılmasını istəyiblər.

Hadisə rəsmi dairələrdə və KİV-lərdə müzakirə olunub. Janet Jacksonun, rəsmi tədbirlərdə, o cümlədən aparıcılıq edəcəyi "Grammy" mükafatının təqdimatında iştirakına qadağa qoyulub.

Hətta Floridadakı "Disneyland" sahibləri o zaman özlərini sığortalamaq üçün PhythmNation klipində Mickey Mouse heykəlindən onun kostyumunu çıxarıblar. Justin Timberlake -ə qarşı ciddi etirazlar olmayıb.

"Bizim hərəkat təkçə buna qarşı deyil, həm də cəmiyyətdəki riyakarlıq və ikili standartlara qarşı mübarizə aparır", - Esco deyir.

Siyasi etiraz

Facebook və Instagram qadın döşlərinin təsvir olunması üçün daha çox istisnalar bəyan edir: indi guya xərçəng xəstəliyi, əməliyyatlar və hətta siyasi etirazlarla bağlı şəkillər dərc oluna bilər.

Sonuncuyla bağlı "Femen" fəalı mübahisə etməyə hazırdır.

"Biz çılpaq döş şəkili paylaşanda bizə 30 gün ərzində qadağa qoyurlar. Facebook məni təkcə əsl döş şəkli üçün deyil, həm də döşün rəsmi üçün də qadağa tətbiq edir. Bu, riyakarlıqdır", - Jdanova deyir.


Gisen alman şəhərində "Femen" aksiyasında abortların ictimai müzakirəsi məsələsi müzakirə edilib

"İstisnalar bir qayda olaraq təsdiqlənmiş icmalar və ABŞ-dakı istifadəçilər üçün edilir.

Məsələn, moderatorlar bilən zaman ki, qrup döş xərçəngi ilə mübarizə ilə məşğul olur, o zaman münasibət daha tolerant olur və bu, ilk növbədə Amerika bazarına aiddir", - deyə Qureviç bildirib.

"ABŞ-dakı ictimai hərəkatlara Facebook-un moderatorları ilə danışmaq daha asandır. Söhbət Rusiya və Ukrayna fəallarından gedirsə, onlar fəalların fəaliyyətindən xəbərsizdirlər və məzmuna qadağa qoyurlar".

Hərəkat fəalları sosial şəbəkələrlə və ictimai normalarla məhkəmə vasitəsiylə mübarizəni davam etdirmək niyyətindədirlər.

Hazırda Kolorado ştatının Fort-Collins şəhərindəki məhkəmə "qadınların ictimai yerlərdə və sosial şəbəkə səhifələrində görünmək hüququ" barədə məsələni müzakirə edir.

"Femen" Fransa məhkəməsində də bununla bağlı mübarizə aparır.

Dekabrın 10-da Parisin Apellyasiya Məhkəməsi Grevin muzeyindəki aksiyaya görə, ekshibisionizm (intim yerlərinin nümayişi) maddəsi ilə ittiham olunan Yana Jdanovaya bəraət verib.

 
Anastasiya Anisimova

Mənbə: www.bbc.com