SEVGİ
“Dostluq” - İncitdiyiniz dostunuz varsa bu pritçanı oxuyun Tarix : 29 Noyabr 2022, 22:18


Bəlkə bu hekayəni oxuduqdan sonra incitdiyiniz bir dostunuz varsa könlünü alıb köhnə günlərə qayıtmaq üçün bir addım atarsınız.


Ərəbistan səhralarında iki yaxın dost yol gedirmiş. Yolda naməlum səbəbdən öz aralarında mübahisə etməyə başlayırlar. Getdikcə böyüyən mübahisə zamanı bu iki dostdan biri digərinə şillə vurur. Bu  hərəkət adamın qəlbini çox incitsə də, bir söz deməyib qumun üstünə bu sözləri yazır:


"Ən yaxşı dostum bu gün mənə şillə vurdu". 


Onlar yürüşə davam edirlər və bir neçə saatdan sonra bir oazisə rast gəlirlər. Oazisdəki gölməçədə üzməyə girən iki dostdan şillələnəni birdən suda çabalamağa başlayır. Dostu bunu görüb onu xilas edərək sahilə çıxarır. Adam özünə gələn kimi belindən xəncəri çıxardır və iri bir daşın üstünə yazır:


"Bu gün ən yaxşı dostum həyatımı xilas etdi".  


Dostu heyrətlənir: "Mən səni incidəndə, şillə vuranda quma yazdın, indi bəs niyə daşa yazırsan?”.


Digəri təbəssümlə cavab verir:


"Ən yaxın dostlarımız bizi incidəcək bir şey etdikdə, onu quma yazmalıyıq ki, unutma və bağışlama küləyi yazdıqlarımızı silib aparsın. Digər tərəfdən də, yaşanan gözəllikləri daşların qəlbinə həkk etməliyik ki, heç bir hirs və intiqam küləyi onları silə bilməsin..."


İncikliklərimizi quma, gördüyümüz yaxşılıqları isə qayalara yazmağı öyrənək…


Çevirdi: Günel Dəniz

Qadinkimi.com