Yeni il tədbirinin aparıcısı şair Şərafəddin İlkin giriş sözü ilə çıxış edərək bildirib ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri şərəfli tarix yazdı. 30 il düşmən tapdağında olan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Bu şərəfli tarixi yazan igidlər arasında qəhrəman dənizçilər də vardı. Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günü və YENİ TƏQVİM İLİ ərəfəsində "Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə həyata keçirilən "Şəhid ailələri və müharibə iştirakçıları üçün Yeni il şənliyinin təşkili” adlı bayram tədbirinə şəhid dənizçilərin və sağlamlığını itirmiş dənizçi döyüşçülərin – qazilərin ailə üzvləri, ölkənin tanınmış sənət adamları dəvət olunub.
O, ilk sözü "Dənizçilərə Sosial Dəstək” İB-nin çoxşaxəli fəaliyyəti haqqında məlumat vermək üçün Birliyin sədri, şair-publisist Faiq Balabəyliyə verib. Tədbirdə şəhid ataları, qazi və döyüşçülərimiz, söz və sənət adamları çıxış edib.
Yeni il şənliyinində şəhid və qazi dənizçilərin övladları arasında intellektual oyun keçirilib. Şaxta baba və Qar qızın gəlişi və gətirdikləri müxtəlif hədiyyələr uşaqların sevincinə səbəb olub.
Bir sözlə şənlik iştirakçılarının dedikləri kimi ”2023-cü ili sevinc və vətən sevgisiylə qarşılayırıq”.
Tural Balabəyli
DSD İB-nin idarə heyətinin sədr müavini,
Layihənin mətbuat üzrə koordinatoru