Sevinc Fədai İstanbul meri Ekrem İmamoğlunun xanımı Dilek İmamoğludan yazıb.
İlk oğlunu 23 yaşında dünyaya gətirib. Ancaq təhsilini dayandırmayıb. 23 illik evliliyinə 3 övlad, magistratura, doktrantura təhsili sığışdırıb.
Magistratura təhsilini "Şüşə Tavan Sindromu" üzrə alıb (qadınların iş həyatlarında qarşılaşdıqları problemlərlə bağlı). Hazırda Doktorantura mərhələsində "Liderlik növləri" mövzusu üzərində çalışır. Y nəslinin liderlik gözləntiləri, demokratik və avtokratik liderlik tərzlərinin inkişafa inteqrasiya etməyə olan təsirini araşdırmaqdadır.
Özünü belə izah edir:
Siyasətçinin həyat yoldaşı olmaq önəmli bir məsələdir. Həyat yoldaşının arxasındamı, yanındamı, önündəmi dayanmalıdır? Məncə, harda ehtiyac varsa orda da durmalıdır. Siz onu dəstəkləyirsiniz, o da uğur əldə edir.
Bu, yalnız xoşbəxtlik verir insana.
Bu mənada özümlə qürur duyuram.
Deyirlər ki, hər uğurlu kişinin arxasında bir qadın dayanır. Doktorantura işim zamanı mən arxa plan liderliyini öyrəndim. Bir insana toxunursunuz, o da minlərcə insana toxunur - önəmli olan bu təsirdir. Mən ilham verən, lakin ön planda olmayan bir qadınam.
Siyasətə gəlməyi düşünmürəm. Lakin qadınların bərabərlik və azadlıq məsələləri ilə bağlı xəyallarım var. Bu məsələlər üzərində çalışacağam. Qadınları istehasalatın, ümumiyyətlə yaşamın bütün sahələrinə daxil etmək lazımdır. Qadın xoşbəxt olarsa, o zaman cəmiyyət də xoşbəxt olacaq. Əgər cəmiyyətin xoşbəxt olmağını istəyirsinizsə, qadınların problemlərini həll etməlisiniz.
Bir cəmiyyəti məhv etmək istəyirsinizsə, onda qadınları arxa plana atacaqsınız, təhsil almalarını əngəlləyəcəksiniz. Bu qədər qısa. Bu gün dünyada ən boyük problem elə qadınları arxa plana atmaqdır.
Biz mitinqlərlə, çıxışlarla bu problemi qabarda və fərq yarada bilərik. Lakin bu vəziyyət yalnız siyasətlə dəyişə bilər. Mən qadınların çevriliş edə biləcək güclərinin olduğuna inanıram. İstəsək, hər şeyi bacara bilərik.
Daha yaxşı bir cəmiyyət, daha yaxşı bir yaşam tərzi yalnız qadınlarla mümkündür. Əsla tərk etməyəcəyim dəyərlərim var. Ölkəsinə, Atatürk dəyərlərinə bağlı bir Cümhuriyyət qadınıyam. Bu dəyərləri əsla tərk etməyəcəyəm. Özümü inkişaf etdirməyi, azadlığımı, sevgini də əsla tərk etməyəcəyəm.
Dilek İmamoğlu