BURA / ORA
COVİD-19 koronavirusu: təşvişə düşməmək üçün 10 SƏBƏB - TƏFƏRRÜAT Tarix : 14 Mart 2020, 12:33
Yazar : Qadinkimi.com
Covid-19 koronavirus sürətlə yayılır. Bir çox ölkələrdə, habelə Azərbaycanda karantin və məhdudiyyət məzmunlu tədbirlərə əl atılır.

İtaliyadan sonra Belçika da COVİD-19 ilə bağlı sərt məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bu gündən etibarən ölkədə bütün kütləvi tədbirlər ləğv olunub. Məktəblər, kolleclər, liseylər və universitetlər distant tədrisə keçib.

İspaniyada bütün dövlət muzeyləri qapanıb, kütləvi tədbirlər ləğv olunub. Futbol üzrə ölkə çempionatı dayandırılıb.

Fransada uşaq bağçaları, məktəblər və universitetlərdə karantin elan olunub.

ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan olunub. Bütün ölkədə teatrlar və muzeylər bağlanır. NBA, NHL və Ali Beysbol Liqasında oyunlar təxirə salınıb. Birləşmiş Ştatlarda fövqəladə vəziyyət elan olunub.

Almaniyada koronavirusa yoluxanların sayı 2078 nəfərə çatıb.

İngiltərədə "Çelsi" klubunun yarımmüdafiəçisi Kallum Hadson-Odoy koronavirusa yoluxub.

Qazaxıstanda 2 yoluxma faktı qeydə alınıb.



İsraildə bütün marketlərə girişdə müştərilərin temperaturu yoxlanılır.

Şayiələr yayılır, cəmiyyətdə xof və panika yaratmağa çalışırlar.

Nə etməli?

Əsla və əsla panikaya qapılmayın, təşvişə düşməyin, təlaşlanmayın, qorxmayın.

... 1918-ci ildə adi qrip pandemiyası vur-tut 25 həftə ərzində 25 milyon insanın ölümünə səbəb oldu. İndi belə fəlakət təkrarlana bilərmi? Cavab - yox!

COVİD-19-u yeni koronavirus və ya pandemiya adlandırımağımızdan asılı olmayaraq, o, çox təhlüküəlidir. Cəmi 2 ay ərzində virus Antarktida və Arktikadan savayı, hər yerə yayıldı.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-u niyə pandemiya adlandırdı? Panqdemiya xəstəliyin ən azı 3 müxtəlif coğrafi regionda eyni vaxtda dayanıqlı və fasiləsiz yayılması deməkdir. Pandemiya virusdan ölənlərin statistikası ilə yox, onun yoluxma sürəti və coğrafiyası ilə bağlı ifadədir.

Hazırda biz koronavirus yox, qorxu, təlaş və xof pandemiyası ilə üzbəüzük.

Qlobal miqyasda media və sosial şəbəkələr sanki təlaş koronavirusuna yoluxub. Bir tərəfdən doğrudur - narahatlıq olmalı, hadisələrin ən pis variantda inkişaf ssenarisi üçün hazırlıq və fəaliyyət planları olmalıdır.

Lakin koronavirus təlaşı üzvi şəkildə sağlamlıqdan çıxaraq artıq biznesə və siyasətə keçib.

Təlaşa düşməməli, əsla qorxmamalıyıq. Söz yox, COVİD-19 ilə bağlı yaxşı xəbərlər çox azdır. Amma nikbinlik üçün səbəblər, virusa qalib gələcəyimizə ümid çoxdur.

Bəri başdan vurğulayım ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. 

Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir.

Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşımışdır. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan vermişdir.

Baş verənlərdən dərs alaraq gələcəkdə necə davranacağımızı bəlirləməyin yollarını müəyyənləşdirmək üçün də imkanlar yaranıb.



Sadə statistika: koronavirusa yoluxanlar arasında tam sağalanların sayı ölənlərin sayından 13 (!) dəfə çoxdur.

COVİD-19 koronavirusu ilə bağlı təlaşa düşməmək, xofa qapılmamaq, normal davranmaq üçün 10 səbəbdən bəhs edim.

1-ci səbəb. Biz, mərəzin nə olduğunu bilirik

Xatırladım ki, QİÇS-HİV-ə yoluxma ilə bağlı ilk faktlar barədə 1981-ci ilin iyun ayında xəbərlər yayılmışdı. HİV virusunun identifikasiyası iki il vaxt aldı.

COVİD-19-a gəldikdə, Çində kəskin pnevmoniya ilə bağlı ilk hallar barədə 2019-cu ilin dekabrın 31-də məlumat yayıldı. Yanvarın 7-də isə virus tamamən identifikasiya olundu, koronavirusun genomu yanvarın 10-da təsbitləndi.

Artıq bilirik ki, COVİD-19 koronavirusu "SARSCoV2" adlanan kəskin ağır respirator sindromu (Severe Acute Respiratory Syndrome-related coronavirus, SARS-CoV2) sinfinə daxil olan 2B qrupundadır.

Yeni koronavirusun yarasalarla bağlı olduğu güman edilir. Genetik analizlər də sübut etdi ki, koronavirus gerçəkdən də, təbii mənşəlidir, ötən ilin noyabr ayının sonlarında-dekabr ayının əvvəllərində formalaşıb. Viruslar mutasiya edərək "yaşasalar" da, COVİD-19 məsələsində mutasiyaların tezliyi və intensivliyi yüksək deyil.



2-ci səbəb. Virusu aşkarlaya bilirik

Yeni koronavirusu tam və sonadək təsbit etmək üçün təfərrüatlı testlər yanvarın 13-də tam hazır olub. Yəni virusa yoluxmuş insanı aşkarlamaq əsla çətin deyil.


3-cü səbəb. Çində vəziyyət yaxşılaşır

Həddən artıq sərt nəzarət və təcrid tədbirləri Çində ciddi sonuclar verib. Artıq iki həftədir ki, Çində koronavirusa yeni yoluxma faktları sürəkli azalmağa doğru gedir.

Analoji epidemioloji tədbirlər başqa ölkələrdə də görünür. Koronavirusun yoluxma "partlayış"ları məkanla sıx bağlı olduğu üçün, nəzarət asanlaşıb.

4. Yoluxma hallarının 80 faizi yüngüldür

COVİD-19 koronavirusu ağır fəsadlar və qalıcı simptomlara səbəb olmur. Statistika göstərir ki, yoluxma hallarını 81,2 faizi yüngüldür. Sadəcə, 14 faizdə kəskin pnevmoniya yaranır, 5 faizdə kritik nəticələr və hətta ölüm olur. Koronavirusun qalıcı fəsadları ilə bağlı tam bilgi hələ yoxdur. Lakin bilinən budur ki, sonuc indi təxminlənən səviyyədən qat-qat aşağıdır.

5.  Yoluxanların tam əksəriyyəti sağalır

Dünya ölkələrində COVİD-19 koronavirusuna yoluxma faktları artır, amma yoluxanların tam, hətta total əksəriyyəti artıq tam sağalıb. Sağalanların sayı ölənlərin sayından 13 dəfə çoxdur və bu statistika artır.

6. Uşaqlarda simptomlar yüngül olur

Yeni koronavirusa yoluxanların 3 faizinin yaşları 20-dən aşağı olanlardır. Yaşı 40-dan aşağı olanlar arasında koronavirusdan vəfat edənlərin sayı isə cəmi 0,2 faizdir.

Uşaqlarda koronavirusa yoluxma simptomları o qədər yüngüldür ki, onları sadəcə, həkimlər aşkarlaya bilir.



7. Virusu asanlıqla "öldürmək" olur

Cəmi bir dəqiqə ərzində koronavirusu etanol (62-71%-lik spirt), hidrogen-peroksid və ya natrium-hipoxlorid (paltar ağardıcısı) vasitəsilə silib-təmizləmək və "öldürmək" mümkündür.  Koronavirusdan qorunmağın ən effektiv yolu isə əlləri sabunla yaxşıca yumaqdır.

8. Alimlər çarə arayırlar

Koronavirusa qarşı effektiv peyvəndin tapılması üçün qlobal miqyasda alimlərin əməkdaşlığı başlanıb.

Ən nüfuzlu tibbi resurs olan PubMed-də COVID-19 və SARSCov2-lə bağlı yüzlərlə azad oxunuş üçün məqalə toplanıb.

Peyvəndlər, müalicə, epidemiologiya, genetika və filogeniya, diaqnostika, klinik aspektlərlə bağlı elmi məqalələrin sayı fasiləsiz artır. Bütün nüfuzlu elmi jurnalların veb-saytlarında koronavirusla bağlı məqalələrdən "pulsuz oxunma" qriflidir.

2003-cü ildə atipik pnevmoniya epidemiyası başlananda və bir il davam edəndə belə məqalələrin sayı dəfələrlə az idi.

9. Peyvəndlərin prototipləri hazırdır

COVİD-19 koronavirusuna qarşı effektiv peyvəndin artıq 8 prototipi hazırlanıb. Avstraliyadakı Kuinslend Universitetinin virusoloqları və epidemioloqları "molekulyar məngənə" adlı yeni texnologiyadan istifadə edərək daha bir peyvənd prototipi hazırlayırlar.

Bu, çox qısa, hətta rekord müddətdə kütləvi peyvəndləmə kampaniyası aparmaq üçün effektiv vasitə istehsal etməyə imkan verə biləcək sadəcə, bir misaldır.



10. İşlər sürətlə davam edir

Yeni koronavirusa qarşı antivirus preparatlarının identifikasiyası prosesi sürətlənib. Peyvəndləmə profilaktikadır, indi artıq yoluxmuş insanların müalicəsi daha vacibdir. COVİD-19 koronavirusunun müalicəsinin analizi məqsədilə 80 kliniki tədqiqat aparılır. Söhbət başqa infeksiyalara qarşı istifadə olunmuş və tətbiqinə çoxdan icazə verilmiş antivirus preparatlarından gedir.

Sınanmış antivirus preparatlarından biri də "Remdesivir"dir. Sözügedən preparat Ebola, SARS və MERS-in müalicəsində uğurla istifadə olunub. Çox güclü antivirus aktivliyinə malik digər preparat isə "Xloroxin"dir.



"Xloroxin" virus infeksiyasını blokadaya alır, virusun yayılmasına mane olaraq onun hüceyrə ilə birləşməsi üyçün pH endosomlarını artırır. Sübut olunub ki, həmin birləşmə yeni koronavirusu "in vitro" bloklayır: bu səbəbdən "Xloroxin"dən koronavirus pnevmoniyası diaqnozu qoyulmuş pasiyentlərin müalicəsində istifadə olunur.

Qrip virusuna qarşı istifadə olunan "Oseltamivir", "İnterferon-1b" (antivirus funksiyalı zülal), artıq sağalmış insanlardan alınan zərdablar və ya virusun neytrallaşdırılması üçün monoklonal hüceyrələr də effektivdir.

"Barisitinibin" təki ingibitorlu maddələr də işə yarayır.

... Azərbaycan pandemiya ilə mübarizəyə tam hazırdır.

Bunu bilməli və anlamalıyıq.
 
 
 

Elçin Alıoğlu
Mənbə: milli.az
qadinkimi.com