QADIN / KİŞİ
Boşanmış qadın pozğun qadın kimi asosasiya olunur, boşanmış kişi isə yox Tarix : 11 Avqust 2020, 09:56

Təsəvvür edin, yanınızda xanım hansısa restorana daxil olursuz, qapıda sizi qarşılayan oğlan ancaq sizinlə salamlaşır, xanımı iqnor edir. Niyə?! Çünki o da "kişilər daha önəmlidir”, ya da "kişinin yanındakı qadına salam vermək olmaz” deyən cəmiyyətdə böyüyüb. Heç qayıdıb "Xanımı niyə salamlamadınız?” demək ağlınızdan keçib? Əminəm ki, yox. Kişi hər zaman öz kişiliyini sübut etməyə çalışır, onun vecinə olmur yanındakı xanımı salamladırlar, ya yox.

Fikir vermisiniz, cütlüklər görüşəndə istər restoran olsun, istər kafe və ya hansısa əyləncə mərkəzi hər dəfə kişi öz kişiliyini sübut etmək üçün hesabı ödəyir.


Yadımdadır, bir dəfə bir xanımla gəzirdik, bir dilənçi yaxınlaşıb pul istədi. Yanımdakı xanım ÖZ CİBİNDƏN pul çıxardıb ona verdi. Dilənçi isə üzünü mənə tutub təşəkkür elədi. Bəli, cəmiyyət insanları elə yetişdirib ki, onlara görə qadının özünün pulu ola bilməz. Əgər qadının yanında kişi varsa, deməli, pulu ona kişi verir.

Kişi və qadın. Əlbəttə ki, onlar fərqlidirlər. Biz fərqliyik. Bizim hormonlarımız fərqlidir, bizim cinsiyyət orqanlarımız fərqlidir, bizim bioloji bacarıqlarımız fərqlidir, qadınlar doğa bilir, kişilər isə yox, ya da hələ ki. Kişilər testosterona sahibdirlər, ümumiyyətlə, kişilər fiziki cəhətdən daha güclüdürlər. Dünyada qadınlar kişilərdən bir az çoxdur, hardasa dünya əhalisinin 52 %-i qadındır. Amma güclü və prestijli vəzifələr kişilər tərəfindən "zəbt olunub”. Keniyalı Nobel Mükafatçısı Vanqari Maati bunu qısaca belə qeyd edib: "Nə qədər yüksəyə qalxırsan, o qədər az qadına rast gəlirsən.”

Cəmiyyət, ailə qızlara evliliyin vacib olduğunu öyrədir, amma oğlanlara öyrədilmir. Qıza "Həyat yoldaşının sözünə qulaq as”, "Boşanmaq ağlından belə keçməsin” deyilir. Amma oğlana yox. Çünki boşanmış qadın pozğun qadın kimi asosasiya olunur, boşanmış kişi isə yox. Boşanmış qadını ailəsi, qohumları barmaqla göstərir, kişini isə yox, o sərbəst olur, rahat olur, hətta yeni bir ARVAD axtarır.

Niyə övladlarınıza evliliyin sevgi, əyləncə, sevinc, qarşılıqlı dəstək olduğunu öyrətmirsiz?!

Qızlara onların zəif, həyat yoldaşlarından asılı olduğunu öyrədirik, əzilə biləcəklərini, özlərini kiçiltməyi öyrədirik. Niyə onlara kişilərlə eyni olduqlarını, hüquq qarşınıda bərabər olduqlarını, hər ikisinin eyni hüquqa malik olduğunu öyrətmirik?! Niyə qızları elə böyüdürük ki, onlar özlərini oğlanlar kimi cinsi varlıq deyil, cinsi obyekt sayır?!

Bu günlərdə elə "Mədəniyyətmi insanı yaradır, insanmı mədəniyyəti?” sualı haqqında düşünürəm. Əcdadlarımızdan qalmış mədəniyyəti davam etdirmək məcburiyyətində deyilik. İnsan mədəniyyət yaradır, biz yaradırıq mədəniyyəti. Daha yaxşı yaşaya biləcəyimiz sivil mədəniyyət naminə qızları daha yaxşı, daha doğru böyüdək. Cəhalətin qorxduğu nəsnə qadındır, çünki qadın öyrənsə, övladlarını da öyrədəcək.Cəhaləti elə qorxudaq ki, bizə yaxın düşməsin.

 

 
Oğuz
 
 
qadinkimi.com