BURA / ORA
Cəmiyyətimizin heç nə qazandırmayan modelyerliyi - Ramin Hacılı yazır Tarix : 21 Sentyabr 2020, 12:29
Mentalitet kimin vasitəsidi? 

"Milli mentalitet nədir?"sualına heç vaxt elmi və ya məntiqli cavab verən olmayıb. İzahatı olmayan, istənilən formada istifadə olunan anlayışdı. Bu səbəbdən də Çar Rusiyası bir başqa cür, Sovetlər bir başqa, maraqlı qüvvələr də başqa formada öz mənfəətləri üçün "milli mentalitet"dən istifadə edib.

Çox təssüf ki, müstəqil, hüquqi, çağdaş dövlət qurmaq üçün bu qədər qanlar axıdan xalqı yenə də geridə qalmış, hansısa məişət məsələləri ilə məşğul etməyə nail ola bilirlər. Özünü hakim hesab edən sadə vətəndaş da, dövlət məmuru da hüquqdan əvvəl mental düşüncə ilə baxır məsələlərə. Hüquqi dövlətdə hər bir məsələni qanunlar tənzimləyir və cəmiyyət boş işlərlə deyil innovasiyalarla məşğul olur. Və beləcə inkişaf etmiş ölkə yaranır.

Biz isə illərdi "camaat nə deyər?!" düşünüb intihar edən gənclərimizi görməzdən gəlirik, "bu geyim milli mentalitetə uyğundu, ya yox?!" kimi müzakirələrə qoşulub hökm verməyə çalışırıq. Ömrümüzü bəşəriyyətə və ya cəmiyyətə heç nə qazandırmayan modelyerliyə xərcləyirik.

Deyəndə ki, əzizlərim, milli mentalitet, milli demokratiya, milli din, milli yaşam olmur! Milli dövlət, milli kadr, milli adət (mətbəx, rəqs, musiqi, ənənə halı almış yaxşı və ya pis vərdişlər, milli geyim, toy, yas formaları və s.) olur... tez insanlarımızın geriçi adətlərdə qalmasına çalışanların hücumuna məruz qalırsan. Ay Qərbin adamıdı, ay sionistdi, masondu...Elə bil "Kurtlar vadisi"ndə yaşayırıq. 

Təsəvvür edin, Hindistanda gedib "a kişilər, bu inək var a..." deyən kimi tez sözünü kəsib səni öldürürlər ki, nöş "müqəddəs inək" demədin. Elə o Hindistanda 1989-cu ilə qədər adətə görə ər öləndə xanımını da öldürüb onunla birgə basdırırdılar. Yüz ilə yaxın o milli mentaliteti qadağan edən qanun çıxara bilmirdilər. Çünki hindlilərin geridə qalmasında və inkişaf etməməsində maraqlı olan qüvvələr vardı. İndi də bizə gülməli gələn adətləri var. Londonda təhsil alıb işləyən bir hindli mənə dedi ki, biz xalqımızı başa sala bilmirik ki, bu inək söhbəti ilə Buddadan da, bəşəriyyətdən də uzaq düşürsüz. Bizə ingilis cəsusu deyirlər. Hansı ki, elə hindlilərin geridə qalmasında ingilis cəsusları maraqlıdı. Hindistan bəşəriyyətdən uzaq düşsün! Necə tanış söhbətdi, hə? Qeyd edim ki, hindlilər inəyə müqəddəs heyvan kimi baxır ona sitayiş edirlər. 

Bir toplumun müstəqil dövləti varsa, həmin xalq qanunlar formalaşdıraraq idarəçiliyini təmin etməlidi. Dövlət məmuru da, vətəndaş da bütün situasiyalara qanunlar pirizmasından qiymət verir. Bu olmursa, hüquqi dövlət olmur. Bizə isə bu gün hər şeydən əvvəl hüquqi dövlət - ədalətli məhkəmə lazımdı. Bizi bir-birimizlə didişməyə təhrik edənlər məhz ən vacib hədəflərdən yayındırmağa, sağlam cəmiyyət qurma formulundan uzaq salmağa çalışırlar. 

Nifrət, didişmə, başqasının həyatına müdaxilə, digərinə hökm etmə təşəbbüsləri olan cəmiyyətdə münasibətlər sistemi tərəqqiyə imkan verməz. Ona görə münasibətlər sistemini formalaşdırmaq üçün ictimai anlaşma - dövlət yaranıb. Dövlətin yaranma fəlsəfəsi topluma xidmət etmək, ədaləti bərqərar etmək, qanunları qorumaqdı. Biz dövlətləşmə prosesini sürətləndirib sağlam cəmiyyət qurmaq üçün çalışmalıyıq. Kiminsə geyimindən daha vacibi budu. Çünki özünün, ailəsinin,  övladının gələcəyini, sabitliyini düşünən adam şalvarın cırığı haqda yox, məhz hüquq dövlət haqda düşünməklə təminata nail ola bilər.

Ramin Hacılı
qadinkimi.com