YAZI / DÜŞÜNCƏ
Cahil qız uşağı cahil gələcəkdi - Aysel Fikrət yazır Tarix : 27 Fevral 2020, 10:00
Yazar :
Təhsil, tərbiyə. Bu, diqqət yetirməli olduğumuz ən vacib məsələdir. Görəsən, övladlarımıza bir valideyn olaraq və bir cəmiyyət olaraq doğru yolu göstərə bilirikmi? Bəli, indiki gənclər 90-ci illərin gənclərindən daha ağıllıdır, daha çox dil bilir, daha çox informasiya qəbul edir. Yalnız, bu informasiya onların psixoloji vəziyyətinə mənfi təsir edir. Nəticədə indiki zamanın gəncləri daha aqressivdir. Yəni belə çıxır ki, valideyn qızıl ortanı tapmalıdır. Çox yüklənmədən təhsil yolunu seçmək gərəkdir. Övladının psixoloji durumu ona hər şeydən vacib olmalıdır. Elə valideynlər də var ki, onlar nəinki öz övladının çox və ya az oxumasını tənzimləyir, hətta, onu məktəbə getməyə belə qoymur. İnanın ki, Bakıdan yarım saatlıq yolla ayrılan Bakı kəndlərində elə qeyri-adi valideynlər gördüm ki, bu yazını  yazmağa  məcbur oldum. Bir neçə təəccübedici halın öz gözlərim ilə şahidi oldum. Ola bilərmi ki, insanların düşüncəsinin təhsilə artıq ehtiyacı olmasın? Onlar konstruktiv terminləri bilməklə kifayətlənsinlər? Nəyin harda, necə olacağını media və digər informasiya vasitələrindən əldə edib yanındakına ötürsünlər? Yəni bu cür də yaşamaq olar? Nəticədə, təhsildə böyük çatlar əmələ gələ bilər. Gələcəyimizin təhlükədə olmağı da istisna deyil. Belə getsə kənd məktəblərindən məzun olan bəzi qız uşaqları heç adlarını yaza bilməyəcəklər. Çünki onlar ilin-günün bu vaxtı evlərə qapadılıb təhsildən yayındırılır. 

Bu yaxınlarda Bakı kənd məktəblərinin birində qonaq oldum. Qız uşaqlarının siniflərdə çox az olduğunu düşündüm. Lakin yanılmışdım. Sinif jurnallarında qız uşaqlarının adı çoxdur. Ancaq onlar məktəbə gəlmir. Çünki erkən nişanlanır, təhsildən yayınırlar. İndiki zamanda Bakı kəndlərində bu hallar hökm sürür. Bu durumdan əlaqədar təşkilatlar ya xəbərsizdir, ya da laqeyd.

Təhsilin səviyyəsindən hələ söhbət açmadım. Müəllimlərin psixoloji durumundan danışmadım. Sadəcə qız uşaqlarının məktəbə buraxılmaması... Məktəbə gələn qız uşaqlarını yalnız valideyn gətirməlidir. Tədbirlərə qatıla bilməz. Əgər qız uşağı dərs əlaçısıdırsa, şəkli şərəf lövhəsinə vurula bilməz. Onun parta yoldaşı oğlan ola bilməz. Qız uşağının telefonu ola bilməz. Doqquzuncu sinifdən sonra məktəbə gedə bilməz. Yazılmayan və bir sıra ağlasığmayan qanunlarla yaşayan bir toplumun, hələ də var olduğuna inanırsız? Bu belədir...
 
Bir əhvalat danışdılar. Qızın 16 yaşı var, məktəbə getmir. İndi nişanlanıb. Nişanlısı başqa şəhərdə oxuyur və qıza mesaj yazır. Qız mesajı oxuya bilmir. Valideynlər qıza müəllim tutub. Yox, təhsilə görə yox. Nişanlı oğlanın yazdığı məktubu oxumaq üçün. Bəlkə də sizə gülməli görünə bilər. Əslində isə cahilliyin faciəsi ortadadır. Belə halları görəndə Cəlil Məmmədquluzadənin əsərindəki qəhrəmanlar yadıma düşür. Və aradan iki əsrin keçib getdiyinə şübhə edirəm. Bu cür vəziyyəti necə gözümüzdən qaçıra bilərik? Burnumuzun dibində canlı olaraq yeni bir adam görüb sevinən, onunla adi söhbətə xoşbəxtlik kimi baxan bir kənd qızcığazının gözündəki o məsum gülüş haqqı, insanın ürəyi sızıldayır... Bununla necə mübarizə apara bilərik, onu düşünürəm. Rayonlarımızda bu vəziyyət bir az ürəkaçandır. Çünki Azərbaycanın rayon və əyalətlərində, bu problemlərə az rast gəlinir. Ümidim odur ki, kəndbəkənd düşək Azərbaycanın canına. Bir təhsilsiz qız uşağı evdə qalmasın. Hamı oxumağa getsin. Demirəm ki, hamısı elm adamı olsun. Ən azından, nadan olmasınlar.

Yenə də cəmiyyətimizi, bu cür hallara laqeyd qalmamağa çağırıram. Qız uşaqları üçün təhsil çox önəmlidir. Çünki cahil bir qız uşağı gələcəyin cahil ailəsidir, cahil ortamıdır, cahil gələcəkdir...
 
Cahillik də unutqanlıqdır. Get-gedə bu uşaqlar özlərindən sonra gələn nəsil üçün təhlükə olacaqlar.



Aysel Fikrət
qadinkimi.com