HÜQUQLARIMIZ
Bunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tarixində yeni səhifə adlandırmaq olar. Tarix : 30 İyul 2020, 19:10

Kremlin Rusiya və Türkiyə liderləri arasında telefon danışığı ilə bağlı yaydığı məlumatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tarixində yeni səhifə adlandırmaq olar.

Müstəqil.Az xəbər verir ki, bu sözləri politoloq Fərid Əkbərov  iyulun 27-də Rusiya lideri Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığını şərh edərkən deyib. Politoloqun sözlərinə görə, indiyə kimi heç vaxt Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi rəsmi şəkildə Moskva və Ankara arasında müzakirə mövzusu olmayıb:

"Bu o demək deyil ki, Rusiya və Türkiyə liderləri bu münaqişəni heç vaxt müzakirə etməyib. Əlbəttə ki, ediblər, lakin bu haqda heç vaxt rəsmi məlumat yayılmayıb. Ən azından rəsmi Moskva heç vaxt Putinlə Ərdoğan arasında Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məlumatı təsdiqləməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin mart ayının 10-da məşhur təyyarə böhranından sonra Moskvaya ilk rəsmi səfərini işıqlandıran jurnalistlərdən biri də mən olmuşam. Görüşün həm protokol hissəsini, həm də daha sonra keçirilən Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasını işıqlandırmışam. Həmin iclasda Ərdoğan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ilə bağlı narahatlığını dilə gətirdi, bu məsələnin rusiyalı həmkarı ilə müzakirə etdiklərini bildirdi. Lakin Rusiya Prezidenti çıxışında bu məqama bir sözlə belə toxunmadı. Görüşdən sonra mətbuat üçün yayılan press-relizdə də bu haqda bir kəlmə belə yox idi. Həmçinin Soçidə Putin-Ərdoğan danışıqlarından əvvəl Türkiyə mətbuatı liderlərin Qarabağı müzakirə edəcəkləri barədə məlumat yaymışdı. Amma yenə də rəsmi məlumat olmadı”.

Politoloq bildirib ki, bu dəfə vəziyyət tamamilə dəyişib:

"Türkiyənin Yaxın Şərqdəki münaqişələrin, Suriya və Liviya problemlərinin nizamlanmasında müttəfiqi və ya rəqibi olan Rusiya qarşısında əlini gücləndirməsi Ankaranın Cənubi Qafqaz regionunda Moskvanın qarşısından geri çəkilməyəcəyini labüd edirdi. Belə də oldu. Sərhəddəki gərginliyin ilk günlərindən Ankara bütün səviyyələrdə, XİN başçısı, müdafiə naziri və ən əsası da Prezident səviyyəsində Azərbaycana dəstəyini ifadə etdi. Məhz bu rəsmi Moskvanı ən çox qıcıqlandıran məqam oldu. Erməni lobbisinin təsiri altında olan Rusiyanın ekspert cəmiyyətində Türkiyənin Azərbaycana dəstəyi bilərəkdən qabardılır, sərhəddə baş verən gərginlikdə və daha sonra ABŞ, Avropa və Rusiya şəhərlərində diasporlar arasında yaşanan olaylarda guya Ankaranın izinin olduğu irəli sürülür. Ermənilər və ermənipərəst rusiyalı ekspertlər hər vəchlə baş verən gərginliyin Dağlıq Qarabağ münaqişəsi ilə deyil, üçüncü tərəflə, yəni Türkiyə faktoru ilə əlaqəli olduğunu qabardırlar”.

F.Əkbərov qeyd edib ki, rəsmi Moskva da ad çəkmədən bəyanatlarında Ankaraya işarə vururdu:

"Bu məqama ən çox Rusiya XİN-in bəyanatlarında rast gəlmək olurdu. XİN sözçüsü Mariya Zaxarova və Lavrovun MDB ölkələri ilə əlaqələri kurasiya edən müavini Andrey Rudenkonun bəyanatlarında münaqişə tərəfləri ilə qonşu olan və xüsusilə də Minsk Qrupunun üzvü olan ölkələrin çıxışlarında diqqətli olmağa çağırışları buna misaldır. Moskvanın Ankaranın adını çəkməməsinin səbəbi bəlli idi. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olan Rusiya heç vaxt Ankaranın bu münaqişəyə müdaxiləsini istəməyib. Rəsmi Moskva hər zaman sözdə Paris və Vaşinqtonun həmsədrliyi ilə məsələnin nizamlanmasına tərəfdar olduğunu açıqlayıb. Baxmayaraq ki, Türkiyə ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir. Kremlin Putinlə Ərdoğan arasındakı telefon danışığı ilə bağlı məlumatının mətni həm də bu cəhətdən diqqətə layiqdir ki, ilk dəfə olaraq Qarabağ münaqişəsi Moskva və Ankara arasındakı müzakirələrdə ön plana çıxır, hətta uzun müddət Rusiya-Türkiyə gündəmindən düşməyən Suriyanı, Liviyanı belə geridə qoyur. Minsk Qrupunun üç həmsədr ölkəsi – Rusiya, ABŞ və Fransada erməni lobbisinin güclü olması və bunun Qarabağ münaqişəsinin nizamlanmasında həmin dövlətlərin mövqeyinə təsirlərini nəzərə alsaq, təbii ki, Ankaranın bu prosesə birbaşa qoşulması Azərbaycan üçün arzu olunandır. Uzun illərdir ki, həmsədrlərin fəaliyyətini haqlı tənqid edən rəsmi Bakı üçün bu məqamı diplomatik qələbə də hesab etmək olar. Bu məqam rusiyalı ekspertlərin də gözündən yayınmayıb. Onların qənaətincə, Ankaranın Qarabağ danışıqlarına birbaşa qoşulmaq iddiası, Cənubi Qafqaz regionunda "mən də varam” deməsi Rusiya diplomatiyasını Qarabağ düyününün açılması ilə bağlı səylərini artırmağa məcbur edəcək. Bu isə uzun illərdir Cənubi Qafqaz regionu haqda "mənim nəzarətimdədir və ya nəzarətimdə olmalıdır” deyən Moskvanın rəsmi İrəvana siyasi və iqtisadi təzyiqini qaçılmaz edəcək”.

Tural RZAYEV

 

qadinkimi.com