XIX əsrdə Şuşada dünyaya gələn X.Natəvan Qarabağ xanlıqlarının son vərəsəsi olduğu üçün ona "dürrü yekta - tək inci” adı verilmişdi. El arasında isə hamı onu xan qızı adlandırırdı. Xan qızı öz ana dili ilə yanaşı ərəb və fars dillərini mənimsəmiş, bu dillər vasitəsilə klassik şeirin qayda qanunlarını da öyrənmişdi. Xurşudbanunun dünyagörüşünün formalaşmasında yaxın qohumları hesab edilən Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği və Əhməd bəy Cavanşirin böyük rolu olur. Ancaq bir müddət sonra Natəvan, Xasay xan İsmiyevlə izdivaca məcbur edilir. 1850-ci ildə Xasay xan Şuşaya gəlib evlənir və Natəvanı özü ilə Dağıstana aparır.
Xurşidbanu Natəvan dövrünün parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyətlərindən olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Yaradıcılığının ilk dövrlərində "xurşid” təxəllüsü ilə yazsa da, sonradan özünə "natəvan” təxəllüsünü götürür.
Natəvanın yaradıcılığını əsasən 4 qismə ayırmaq olar. Bura aşiqanə şeirlər, təbiət gözəlliklərinə həsr edilmiş şeirlər, müasirlərinə yazdığı mənzumələr və hüznlü şeirlər daxildir. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında xüsusi yeri olan şairənin qəzəlləri istər öz dövründə, istərsə də bu gün xanəndələr tərəfindən sevilə-sevilə ifa edilir. Natəvan yaradıcılığında daha çox hüznlü şeirlər yer alıb. Tarixçilər, bunu şairənin vətənindən kənarda yaşaması ilə əlaqələndiriblər.
Natəvan Azərbaycan qadınının parlaq nümunələrindəndir. Bu günə qədər şairə haqqında 10-a yaxın film çəkilib. Onun "Ölürəm”, "Sənsiz”, "Getmə”, "Olaydı” və s. qəzəlləri bu gün də klassik ədəbiyyat sevənlərin sevimli qəzəlləri sırasındadır. Natəvanın qəzəllərində sevgi, ayrılıq, hicran və bir qadının sevgi üçün axıtdığı gözyaşlarının izləri var.
"Fəda olum sənə mən, səndən ayrıla bilməm,
Yəqin, fəraqın edər qəddimi kəman, getmə!”
"Getmə” qəzəlində yer alan bu misralarda bir qadının sevdiyi şəxsə yalvarışları yer alıb.
"Sən əyləş hur ilə, eylə həmişə eyşu işrət kim,
Dəmadəm mən çəkim, dildən edim ahu fəğan sənsiz” - misralarının yer aldığı "Sənsiz” qəzəlində isə, bir qadının ayrı düşdüyü sevgilisinə sitəmləri hiss edilir.
Natəvan yaradıcılığına nəzər salanda hiss edilir ki, Azərbaycan qadını nə qədər güclü, iradəlidirsə, bir o qədər də zərif, həssas və sevgi doludur. Natəvan hüznlü sevgi qəzəllərində ayrılıq, həsrət yaşamış qadınların dilə gətirə bilmədiyi hissləri dilə gətirir.
İlahin, Bizimyol.info