Bu gün böyük Azərbaycan şairi Mikayıl Müşfiqin (İsmayılzadə) doğum günüdü.
Müşfiq 5 iyun 1908-ci ildə Bakıda doğulub. Uşaqlığından böyük itkilər verən şairin həyat hekayəsi güllələnmə ilə bitib. Oxumuş ailədən olan Müşfiq əslən Azərbaycanın Xızı rayonundan idi. İki aylığında anasını, 6 yaşında atasını itirib. Amma bu onun təhsil almasını əngəlləməyib. Nənəsi Qızqayıt Mikayılın şair kimi yetişməsində böyük rol oynayıb. Ona nağıllar, rəvayətlər danışan nənə Mikayılın yaxşı təhsil alması üçün ona mənəvi dəstək olub.
Şair ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində, ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dil-ədəbiyyat fakültəsində alıb. İşə pedaqoq kimi başlayıb. Yeddi il Bakı orta məktəblərində müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi indi onun adını daşıyır. Yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap olunan "Bir gün" şeiri ilə başlayıb. Sonrakı dönəmlərdə əvəzsiz şeirlər, hekayələr yazıb. Gənc olmasına baxmayaraq böyük irs qoyub. Yaradıcılığında qadın azadlığına yer ayıran şair 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. Onların sevgisi dillərdə dastana çevrilib. Mikayıl Müşfiq Sovet İmperiyasının repressiya dövrünün qurbanı olub. 37-ci ildə gecə saatlarında evindən aparılaraq 1938-ci il Yanvarın 6-sı güllələnib. Həmin il Müşfiqin xanımı Dilbər də həbs edilərək Azərbaycanın bütün ziyalı qadınlarının salındığı Bayıl türməsinə aparılıb.