Bu gün bir çox cəmiyyətlərdə qadın haqlarını müdafiə edən feministlərə və gender bərabərliyi məsələsinə istehzalı baxışın, rişxəndli münasibətin özü də bir zorakılıq növü hesab edilir. Amma reallıq göstərir ki, inkişaf etmiş ölkələrdə qadın hüquqlarının müdafiəsi dəstəklənir, əksinə, buna qarşı çıxanların isə cahil və geridəqalmış insanlar olduğu düşüncəsi formalaşır.
Bu baxımdan, əgər bir qlobal şirkətdə, yaxud hər hansı bir cəmiyyətdə feminizmi rişxəndlə qarşılamaq geridəqalmışlıq kimi qəbul oluna bilir. Əgər fikir vermisinizsə, bu gün siyasi partiyalardan qlobal markalara qədər hər bir güclü quruluş qadın hüquqlarının müdafiəsində maraqlı olduqlarını tez-tez ifadə edirlər. Bunun əksi isə kütlələr tərəfindən qınaqla, boykotla və böyük narazılıqla qarşılanır. Yəni lokal səviyyədə bu gün feminizm və gender bərabərliyi məsələsi bəzən dırnağarası qəbul olunsa da, qlobal səviyyədə bu hərəkatın həm siyasi, həm də iqtisadi önəmini görmək mümkündür.
Azərbaycan gender bərabərliyini tam təmin edə bilmək üçün ən münbit ölkələrdən biridir
Azərbaycan bir dövlət olaraq bu gün gender bərabərsizliyinin demək olar ki, yalnız məişət səviyyəsi ilə mübarizə aparır. Bu baxımdan yetərincə şanslı cəmiyyət olduğumuzu deyə bilərik. İnkişaf etməkdə olan bir çox ölkələrdə qadın cinayətlərinin artması, məişət zorakılığı, qız uşaqlarının təhsildən kənarda qalması, yaxud yetərincə təhsil ala bilməməsi halları ən çox müşahidə olunan problemlərdəndir. Öz nəzdində həm ailə mədəniyyətini qoruyub, həm də azad fərdlərdən təşkil olunmuş sağlam və müasir ailə modellərini yarada biləcək siyasi, sosial və mədəni gücə sahib bir ölkədə yaşamağımız gender bərabərliyinə həm ölkə, həm də məişət səviyyəsində tamamilə nail olacağımıza böyük ümidlər yaradır.
Gender bərabərliyi probleminin məişət səviyyəsində həll olunmasının birinci əsas yolu isə şüurlu ailələrin qurulması, fərdlərin öz mənlikləri, kimlikləri və arzuları ilə bağlı dərketmə səviyyələrinin yüksəldilməsindən keçir. Ailə mühitində ta qədim zamanlardan qalmış, az qala, genetik yaddaşımza çevrilməkdə olan bir sıra tabular var ki, bunlar uşaqların tərbiyə prosesinə də təsir göstərir. İnsan kiçik yaşlarda kimlərlə, nə ilə əhatə olunursa, hansı düşüncəyə sahib bir ailədə yaşayırsa, həyatını da həmin düşüncələr və həmin baxış tərzi ilə davam etdirməyə meyilli olur.
Analar tərbiyə prosesində daha diqqətli olmalıdır
Bu gün ölkəmizdə mövcud ailə modellərində anaların uşaq tərbiyəsindəki rolunun atalardan daha çox olduğu bir reallıqdır. Bu da uşağın ilk yaşlarda anaya daha çox möhtac olması, ana ilə daha çox birlikdə vaxt keçirməsi ilə əlaqəlidir. Deməli, cəmiyyətdə gender bərabərsizliyini aradan qaldırmaqda əsas vəzifə də elə qadınların üzərinə düşür. Bu baxımdan daha savadlı, daha şüurlu tərbiyə modellərini mənimsəyən qadınların yetişdirdiyi övladlar da bərabər bir cəmiyyətin qurulması üçün ən böyük töfhədir. Bu da qadınların tərbiyə prosesində bir çox faktorun fərqinə vararaq uşaqla düzgün davranmalarının labüdlüyünü ortaya qoyur.
Bu davranış normaları hansılardır?
Birinci növbədə, valideynlər qız və oğlan övladları ilə bərabər şəkildə davranmağı, onları eyni dəyərlərlə tərbiyə etməyi öyrənməlidirlər. Qanun qarşısında olduğu kimi, tərbiyə prosesində də hər iki cinsə bərabər şərtlərə və dəyərlərə sahib olduqları fikri aşılanmalıdır.
Məişət məsələlərində iş bölgüsünün adətən ana və ailədəki qız uşaqlarının çiyninə düşməsi, anaların bu məsələlərdə bütün övladları arasında bərabər iş bölgüsü aparmaması gender bərabərsizliyinə yol açan əsas amillərdəndir. Ailə mühitində oğlan uşaqları ən kiçik məişət işlərini həll etməkdə belə köməyə ehtiyac duyurlar. Bu baxımdan, fiziki məhdudiyyətli kimi böyüdülmələrinin səbəbi isə bütün bu məişət işlərinin qadınların vəzifəsi olduğunu düşünəcək formada yetişdirilmələridir. Bizim cəmiyyətimizdə də ən çox müşahidə olunan hallardan biri oğlan uşaqlarının ev işlərindən kənar qalması, öz yatağını toplamamaq, öz paltarlarını, kitablarını səliqəyə salmamaq, öz kirli paltarlarını səbətə atmamaq ananın ailədəki nataraz idarəçiliyindən irəli gəlir. Nəticədə ev işlərində oğlan uşaqlarına "sən bacarmazsan" siqnalı ötürüldüyü kimi, bir çox bayır işlərində də qız uşaqlarına eyni fikir aşılanır.
Ailə mühitində başqa qadınlar və qızlar haqqında mənfi fikirlər səsləndirilməsi, həyat tərzlərinə, geyimlərinə görə onlara qarşı alçaldıcı ifadələr işlədilməsi uşaqlarda qadınla bağlı müəyyən steriotipləri lap kiçik yaşlardan formalaşdırır. "Kişilərə hər şey olar, qadınlara olmaz" düşüncəsini formalaşdırmaqdansa, ailədə hər iki cinslə bağlı ortaq əxlaqi dəyərləri aşılamağa çalışmaq uşaqların da gələcəkdə həm sağlam psixologiyada, həm komplekssiz, həm də ədalətli fərdlər olaraq yetişməsinə zəmin yaradır.
Cəmiyyətdə evlənənə qədər qız uşağına "qadın" deyilməsi düzgün hesab olunmasa da, oğlan uşaqlarına lap körpəlikdən "kişi bala" deyilməsi adi hal alıb. Beləcə, kişilik də qadınlıq kimi adi bioloji hal olmaqdan çıxıb bir zirvə, ucalıq, xüsusi bir mərtəbə, tanrının lütfü kimi qəbul olunur. Gündəlik həyatda bu kimi ən adi davranışların dəyişdirilməsi, doğru tənzimlənməsi üçün ailələr yetərincə məlumatlandırılarsa, daha sağlam və bərabərhüquqlu cəmiyyətin qurulması da mümkün olar.
"Qız kimi danışma", "qız kimi mız-mız olma", "qız kimi davranma", "kişi də heç ağlayar?" tərzli ifadələrin oğlan uşaqları üçün nə qədər zərərli olduğunu yəqin ki, anlamaq çətin deyil. Bu cür davranılan uşaqlar kişiliyin müəyyən şərtlər və qaydalar çərçivəsində müqəddəs bir status olduğu fikrini mənimsəyirlər. Bununla yanaşı, dünyaya qız kimi gəlməyin ikinci dərəcəli insan, hətta ayıb bir hal olduğu düşüncəsi formalaşır.
Bu cür yetişdirilən oğlan uşaqları daima qadınlar üzərində hökm etmək, hisslərini ifadə edə bilməmək, təbii davrana bilməmək, öz hərəkət və davranışlarını məhdudlaşdıraraq daima "kişilik"lərini sübut etmək məcburiyyətində qalırlar. Bu isə oğlan uşaqlarının istismarı, onların psixologiyasına vurulan ən böyük zərbədir. Bu cür detallara diqqət etmədən uşaq böyütmək, həmin uşaqlarda böyüdükləri şəraitə, yetişdirilmə tərzlərinə uyğun olaraq öz güclərinə inamsızlıq və öz taleyinə hakim ola bilməmək qorxusu aşılayır.
Bu gün dünyanın trend məsələlərindən biri, hətta birincisi olan gender bərabərliyinin təmin edilməsi neçə-neçə qız uşaqlarının həyata daha çox bağlanması, daha yaxşı şərtlərdə yaşaması, oğlan uşaqlarının komplekssiz və rahat formada həyatlarını sürməsi, ümumilikdə hər iki cinsin daha sağlam cəmiyyətdə yaşaya bilməsi üçün ən vacib çağırışdır. Bu problemin məişət səviyyəsində həllinə nail ola bilmək üçün köhnəlmiş qaydaların fərqinə vardığımız vacib və zəruridir. Fərqinə vardığımız bu yalnış davranışları aşmaqla yeni və sağılam nəsil yetişdirə bilərik. Eyni zamanda, fərqinə varmağımız bu və bunun kimi bir çox yanlış davranışın, yazılmamış qanunların, köhnəlmiş qaydaların və tabuların məhkumlarına da çevrilə bilərik. Unutmayaq ki, insanlığın yarısı üçün faydalı olan bir şey digər yarısı üçün də faydalı ola bilər.
Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur