Rusiya öz qoşununu töküb Ukrayna sərhədinə. Ukraynalılar gərginlik, səksəkə içindədilər. Ekspertlər Rusiyanın bir neçə aya Ukraynaya girəcəyini istisna etmirlər. ABŞ prezidenti Bayden Rusiyaya sual verir: Siz Ukrayna sərhədində nə gəzirsiz? Sergey Lavrov istehzayla cavab verir: Biz burada yaşayırıq, bəs sizin nə işiniz var?
Rusiya TV-ləri Ukraynanı yıxıb sürüyür. Eyni istehzanı, davranışı bizə də sərgiləyirdilər. Gizlətmirdilər ki, siz bizlə buynuzlaşırsız, ermənilərlə yox.
Bu duruma maksimum təmkin göstərmək çox çətindi. Ukrayna bunu bizim qədər bacarmır.
Ukraynada fikirlər də haçalanır. Savaş istəməyənlərin sayı hədsiz çoxdu. Prezident Zelenski çıxışında ABŞ və Avropaya taktik bir mesaj yolladı: Bizə sözlər yox, real dəstək lazımdı.
Bəlkə də yanılıram, ancaq belə bir təəssürat yaranır ki, xalq Zelenskini elə də dəstəkləmir və o, bu yükün altında təkdi.
Yəqin ki, Qərb Rusiya ilə anlaşacaq. Hər halda Ukraynaya dəstək verməsə bütün Qərb xarizması alt-üst olar.
Məsələ bu deyil. Ukrayna bütünlükdə bu təhlükə qarşısında kimsəsiz görünür. Onun Türkiyəsi yoxdu. Savaşda isə kimin qalib olacağı öncədən bilinmir.
Amansız görünən bu situasiyaya kənardan baxıb özümüzü düşündüm. Bir neçə ay öncə eyni durumda idik. Uduzmaq ehtimalımız da vardı, hər şey ola bilərdi, parçalana bilərdik, ortalıq qarışardı. Çox ciddi məsuliyyətin altına girmişdik.
Bütün bunlar olmadı. Bir anın içində birləşdik, klass göstərdik, qazandıq. Onsuz da savaş qaçılmaz idi. Ama gedişatda hər cür avantüra baş verə bilərdi. Baş verirdi, biz buna dövlət, xalq olaraq dayana bilirdik. Nə boyda dəhşətin öhdəsindən gəldiyimizin çoxumuz fərqində belə deyilik.
Görünür, mənən çox hazır idik. Üstəlik, hərbi texnikamız, ordumuz güclüydü. Ukraynalılar hərbi bazamız yoxdu, yanacağımız belə çatışmır deyirlər, nə qədər doğrudu bilmirəm, hər halda belə düşünənləri var.
Bizdə də belə düşünənlər az deyildi. Son anda məlum oldu ki, çağdaş texnika ilə silahlanmışıq. Bütün bunlar fantastik vəsait deməkdi, ciddi təşkilatlanma deməkdi, savaşın hər günü inanılmaz maddi, mənəvi itkidi.
Yanımızda tərəfdaşlarımız, qardaşımız vardı. Bu bizə sonsuz güc verirdi.
Son sözü isə öz oğullarımız deyirdi. Qalib olaq deyə vəhşicəsinə döyüşənlərimiz, ölümə gedənlərimiz...
Onlara ömürlük borcluyuq. Sonsuzadək...Bu ölkə bu xalq nə qədər yaşayacaqsa, döyüşçülərimizə, şəhidlərimizə borcluyuq.
Tetçerin ingilis ordusu haqda dediyi kimi desək: "Onlar ölkəmizin şərəfini qorudular”.
Aysel Aydın Alizada
qadinkimi.com