QADIN / KİŞİ
Boşanmalar və qadın mənliyinin alçaldılması Tarix : 21 İyul 2019, 12:05
Yazar : Qadinkimi.com
Son dövrdə boşanmaların sayı katastrofik həddədək artıb. Boşanan cütlüklərin sayı getdikcə artır. 

Əminəm ki, minlərlə qadın maddi təminatı olmadığından, ata, qardaş dəstəyi alacağına əmin olmadığı üçün boşanmır. 

Yəni bu ölkədə minlərlə cütlük kağız üzərində boşanmasa da, defakto ayrılmış vəziyyətdə yaşayır. 

Hərə bir fikir deyir. Bəziləri boşanmaya sosial durumun ağırlığını əsas kimi gətirir, bir başqası, cütlüklərin intim uyğunsuzluğunu səbəb gətirir. 

Mənim fikrimcə burda çox incə bir məqam var. Azərbaycan qadını qürurunun alçaldılmasına dözməyərək bu addımı atır. 

Fikir versəz görərsiniz ki, boşanma məsələsini qaldıran tərəf əksər halda qadın olur. 

Azərbaycan kişisi cəmiyyətdə sınmasının acığını şüuraltı şəkildə evdəki qadınından çıxır. 

Söhbət sözsüz ki, kişinin psixoloji sınmasından gedir. Bu cür kişilər öz şəxsiyyətlərini təsdiqləmək üçün düşünmədən qadının mənliyini alçaltmağa başlayırlar. Onlar bu yolla bir növ mənəvi sakitlik tapırlar. 

Bu hal adi davranışdan tutmuş, ən müxtəlif məsələlərdə özünü göstərir. Qadın mənliyinin alçaldılmasını hiss etməyə başlayır və bu hal onu psixoloji cəhətdən gərgin vəziyyətdə saxlayır. 

Gərginlik getdikcə artıb hər sferaya sirayət edir. Sonda vəziyyət elə bir həddə çatır ki, qadınlar ayrılaraq psixoloji sakit olmaq qərarına gəlirlər. 

Sözsüz ki, müəyyən istisnalar var (xəyanət səbəbindən, kənar müdaxilə ilə ayrılmalar və s.). 

Yoxsa, sosial vəziyyət, intim uyğunsuzluq və digər məsələlər səbəb deyil, bəhanədir. 

Nənələrimiz, babalarımız bundan da ağır vəziyyətdə yaşayıblar, intim uyğunluq və ya uyğunsuzluqla  yaxından-uzaqdan əlaqələri də olmayıb. 

16 yaşında qızı bəzən 35 yaşlı oğlana veriblər. Ancaq əvvəldən sonadək ailədə belə gərginlik yaşanmayıb. Onlar sadəcə bir-birinin qüruru ilə oynamayıblar. 

Nə vaxtadək kişi qadının qüruru ilə oynayacaq, boşanmaların sayı da dayanmadan artacaq.
 


Azad Əliyev
qadinkimi.com