Dövlətin öz müxalifəti olmayanda, dövlət öz problemlərinə sahib çıxmayanda ona kənardan sahib çıxanlar tapılır və mütləq kollaborasiya yaratmağa daxildən adamlar çıxır. Göstəriş verməyəcəksən. Parlamentə buraxacaqsan, səni tənqidi ilə darmadağın edəcək. "Mehdiyevin müxalifəti" - əslində bu ifadə dövlət üçün çox zərərlidir. Mehdiyev Rusiyanın adamıdı, onu əvvəlcə Rusiya Heydər Əliyevə, sonra da İlham Əliyevə urcah edib. O, toxunulmaz idi...Arxası çox güclüydü...
Mehdiyev də Əliyevləri qorxuda saxlamaq üçün öz müxalifətini yaradıb. Görünən təəssürat budur. Başa düşdük. Mən siyasi texnoloqlarımızdan soruşuram - əgər varlarsa təbii, - Belədirsə, onda bəs, cənab İlham ƏIliyevin müxalifəti hanı? Niyə cənabı tənqid edən müxaliflər yoxdu? Niyə yalnız bir qrup onu tənqid edir?! Deyim niyə. Çünki imkan vermirsiz. Barmağınızı bircə nöqtəyə uzadıb göstərirsiz: Müxalifət budur!
20 ildə niyə başqaları formalaşmayıb? Deyəcəksiz ki, Mehdiyev imkan verməyib, həmişə diqqəti bir yerə yönəldib, bir qüvvəyə diqqət kəsilib ki, tək müxalifət kimi görünsün. Heç olmasa indi imkan verin, indi meydan verin, axı indi də bütün mətbuat kontroldadı. Hakimiyyəti tənqid edən yazılar yoxdu, efirlərdə siyasi tənqidlər yoxdu. Bütün dünyada olduğu kimi minlərlə üzvü olan, parlamentdə oturan, göstərişsiz tənqid edən, ən vacibi dövlətdən maliyyələşən müxalifət hanı?ABŞ kimi dövlətin iki partiyası dövlətdən pul alır, biri seçiləndə o biri müxalifət olur və dövləti kənar müdaxilədən - casus müxalifətindən bu cür qoruyurlar illərdi. ABŞ bu cür güclənib.
Deyəcəksiz ki, biri sən, budu yazmısan, hesab sorursan, sənə dəyən var? Əvvəla mən siyasi müxalifət deyiləm, yazıçıyam. İkincisi, dəyən var, cənablar, var. Mənim potensialımın on faizi xərclənmir bu ölkədə. Çünki müstəqil yazıçıyam, müstəqil jurnalistəm, sözümü deyirəm. Bəyənəndə bəyəndim deyirəm, bəyənməyəndə bəyənmədim. Və buna görə başım çox çəkib. Müstəqil olmaq baha başa gəlir bizim ölkədə. Səni layiq olduğun şeylərdən məhrum edirlər. Hamı da elə bilir zülmlə qazandığın imzanın ona dəstək borcu var. Hər kəsdən də bu yükü qaldırmağı gözləmək olmaz. Mən savaşdan sonra cənabı sevmişəm, açıq deyirəm, çox şey saymaq olar. Qısaca deyim ki, bir vətəndaş kimi gözümdə çox ciddi liderdi, güvənilir, sözünün ağası, ağıllı... Amma!
Ammalarım var. Şəxsi fikrini deyən azad adamlar hələ də əziyyət çəkir ölkəmdə. Belə olmalı deyil. Sənin beynin kiminsə rəyindən asılı olmalı deyil. O zaman ölkənin gerçək mənzərəsi ortaya çıxır və yalnız o zaman yaraları görüb sağalda, problemləri çözə bilirsən. Qapamaq, üstünü basdırmaq müvəqqəti çözümdü və təhlükəlidi, altda nə yetişəcəyini bilmirsən, gözünü bağlayırsan çünki. Necə ki bu, illər boyu baş verib. Hər danışanı susdurmaq canlı bombalar yetişdirib. Susdurmaqla azalmayıb, əksinə, şəbəkə çox böyükdü.
Arxasında yüzminlər olan, dövlətə sadiq, partiyasının hər gəliri, hər manatı şəffaf müxalifəti yoxdusa ölkəmin bu, təhlükəlidir. Müxalifət dövlətin dayaqlarından biridi, yoxsa bu qədər inkişaf etmiş ölkədə müxalifət niyə olsun ki? Azad mətbuat niyə olsun? Qorxulu şeydisə onların dövlətləri niyə belə güclüdü? Xalq hakimiyyəti tənqid etsə də ondan başqa heç kimə güvənmir, bu faktdır. "Guya ondan yaxşısı gələcək"? Bu sualı mən uydurmamışam, bu xalqın sualıdı. Amma bu da başqa cür zərərlidir. Ölkədə müxtəlif maraqlar, ideyalar ətrafında yığılan qruplar olmayanda cəmiyyət boşluqda qalır, aqressivləşir, cinayətlər artır, adamlar bir-birini söyür, insanın beyni bekar qalanda aqressiya artır, çünki enerji xərclənmir. Fəaliyyət lazımdı, fəaliyyət. İş yerləri və fərqli partiyalar, ideoloji maraqlar ətrafında toplanmalar. Bizim hamımızın ortaq ideyamız isə Azərbaycandı və bunu gücləndirib yaymağımız gərəkdir.
Ölkənin həm dövlət qurumlarında, həm də özəl şirkətlərdə müstəqil qərarlar verə bilən adamları, müstəqil tənqid edə bilən müxalif siyasiləri, müstəqil yaza bilən mediası olmasa bir adamın çiynində ölkə yürüyərmi? Hamı ağzını açıb bir nəfərin nə deyəcəyini gözləsə, alınarmı? Alınmaz. Birlik gərəkdir, birlik. Necə ki savaşda birləşib qazandıq, eləcə. Və bu birlik təkcə bir ağızdan tərif deməkdən ibarət olmalı deyil. Tənqidi ilə tərifi ilə birgə açıq fikirlərlə, işlə dövlətin, ölkənin inkişafına xidmət etməklə olmalıdı. Hər şeyə "milli" sözü qoşmaqdan xoşum gəlməsə də bu kontekstdə yerinə düşür, ölkənin güclü milli qüvvələri olmalıdı, dərin dövləti, alt dövləti, üst dövləti və bunların kənardan bilinməyən bir manatı belə gəlməli deyil.
Milli qüvvələr yoxdu demirəm, azdı deyirəm, yetərli deyil. Bu çox ciddi məsələdi. Müstəqil media dediyimiz orqanlar hardan maliyyələşir, qaçaqmalçılıqla ölkəyə pulları kimlər göndərir və necə olur ki, bu qədər adam bu pullara, bu əməkdaşlığa razı olur.
Bəllidir ki, kənardan mənbəyi bilinməyən pul alıb ölkəndə siyasi fəaliyyət göstərməyin bütün dünyada bir adı var - casusluq. Avropada bunu edə bilməzsən, hər şey çox şəffafdı, nəzarətdədi - gəlir hardan gəlir - bunu dövlətlər izləyir. Bizdə də artıq proses başlayıb, bank hesabları ilə hər kəsin gəliri-çıxarı izlənilir, iş adamları bunu daha yaxşı bilirlər. Məmurların da hesabları hamısı nəzarətdədi, əvvəlki dövr deyil - kim necə istəsə talasın. Amma ölkədaxili başqa, ölkədən kənar gələn gizli pul tam başqa. Heç kim pulsuz çalışmır, bu, sadəcə mümkün deyil. Yaşamalısan, ailən dolanmalıdı, xərclərini ödəməlisən. Hardansa qidalanmasan gücü necə alarsan, nəylə enerji yığarsan, necə yaşayarsan ümumiyyətlə? Burada bıçaq sümüyə dirənir və bu olduqca ciddi məsələdir. Yenə bir amma çıxır...
Dövlətin heçmi məsuliyyəti yoxdur bunda?! Niyə bunca adam yaşamaq üçün başqalarına ehtiyac duyur? Hər tənqid edəni itəndə o da gedib kiməsə sığınacaq, bu ki aydındı...Onların hamısı anadangəlmə xəyanətkar deyil ki...Ölkədə ciddi, hörmətli müxaliflər də var, onları sıxışdırmaq yox, meydan vermək gərəkdir.
Bir də, axı, ehtiyac da var, itilmək, sıxışdırılmaq, bezmək də var. Nifrət də yaranır. Hərçənd, nifrət adamı deqradasiyaya uğrada bilən hissdi, amma hər kəsdən "öl, amma döz" gözləmək olmaz. Hər kəsin iradəsi güclü deyil. Siz də bilirsiz, pul şirin şeydi...
Qadinkimi.com