UŞAQ / BÖYÜK
Bizdə doğru tərbiyə formaları var, lakin biz daha çox aldatmaqla məşğuluq Tarix : 12 Avqust 2020, 06:42

Şahidi olduğum bir hadisəni xatırlayıram.
Yasamalın məhəlləarası ərazilərindən birində gəzişirdim. Qarşıda gənc bir rus qadın, yanındakı 5-6 yaşlarındakı oğlan uşağı ilə yol gedirdi. Birdən uşaq yandakı yarıtikili hasarın üstünə çıxıb addımlamağa başladı.
Mən tez irəli atılaraq uşağı aşağı düşürmək istədim, amma qadın əli mənə «müdaxilə etmə» işarəsi verdi və sonra uşağa tərəf çevrildi: "Oğlum, hasar qarşıda daha da hündürləşir, bir qədərdən sonra sən oradan düşə bilməyəcəksən, məcbur atılacaqsan, o zaman da xəsarət ala bilərsən”.

 

Uşaq bu xəbərdarlığa məhəl qoymadı və həqiqətən 10 -15 addım sonra anasının dediyi kimi oldu: Hasarın dik yerindən düşə bilmədi, məcbur qalıb oradan atlandı və yıxılıb zədələndi. Sonra da qalxıb üst-başını çırpdı və başını aşağı dikərək "ana, mən bir daha belə etməyəcəm” - dedi.


Bu hadisədən alınan mesaj ondan ibarətdir ki, körpə yaşlarından övladlara yalan danışmaq deyil, gerçəyi izah etmək lazımdır. Uşağın o gerçəyi görməsi, ondan nəticə çıxara bilməsi vacibdir. Ona görə vacibdir ki, həyatını doğrular üzərində qursun. Nəticədə gələcəkdə daha təhlükəli uçurumlardan yıxılmaqdan sığortalansın.
Məsələn, o qadın uşağı zorla hasarın üstündən düşürüb, üstəlik bir-iki şillə də ilişdirsəydi, uşağın beynində "mütləq hasara dırmaşmalıyam ki, görüm onda necə olur” siqnalı qalacaqdı və ilk fürsətdə gözdən itib özünü bu testdən keçirəcəkdi. Bəlkə də o zaman daha ağır zədə ala bilərdi.
Yaxud, ana övladına "orda xortdan var, səni yeyər”, "polis gəlib aparar” - filan tipli aldadıcı xəbərdarlıqlar etsəydi və sonunda bunların heç biri baş verməsəydi (ki, verməyəcək), o zaman da uşaq üçün heç bir "qırmızı xətt” qalmayacaqdı. Yəni, "ananın xəbərdar etdiyi hadisələr baş vermədisə, deməli mənim heç bir təhlükəli əməlimin cəzası yoxdur”. Nəticədə gələcəkdə müxtəlif təhlükələr haqda ciddi düşünməyəcək.

Lakin qadın özünə bu yalanlardan istifadə etməyə izn vermədi və övladını bacardığı şəkildə gələcək problemlərdən sığortalamağa çalışdı.

 

 

Asli Akhundova – Səhifə 79 – Bagcam.az


 

Və bizdə… Bizdə doğru tərbiyə formaları, övladı yanlışdan çəkindirmək üsulları var. Lakin biz daha çox aldatmaqla məşğuluq: "A bala, ona toxunma, əlin cızza olar”.
Beləcə, "cızza” deyilən şey nədir – uşaq başlayır onu eşələməyə, ta ki, əlini (bəzən bütövlükdə özünü) atəşin içərisinə atanadək. Bəri başdan anlatmırıq ki, bu sobadır, ona toxunsan, əlin yanar. Xəbərdarlığa məhəl qoymazsa, burax, məhz sənin yanında, sənin dilindən xəbərdarlığı eşitdikdən sonra əlini sobaya toxundursun və aldatmadığını anlasın, üstəlik sənin ilkin yardım etmək fürsətin varkən. Əksinə, sənin gözündən uzaqda özünü od-alovun içinə atmasın.

Bir də var gerçəkdən aldatmaq, yalanı bəh-bəhlə aşılamaq, oğurluğa stimul vermək. Yəni, oğru yetişdirmək.

Məsələn: Bütün oğurluqlar günahdır, kitab oğurlamaqdan başqa… Sizə də bir şey xatırladırmı bu "məsləhət”?Kitab oğurla ha, ayıb deyil. Kağız oğurla, yəni. Aparıb… harasa qoyarıq, bir faydası dəyər. Ən azından, vərəqlərini cırıb, pomidor yeşiklərində istifadə edərik — layların arasına düzərik ki, pomidorlar bir-birinə qarışmasın.

Lap deyək ki, bunu da düşünmədik. Kimdənsə eşitdik ki, kitab yaxşı şeydir, faydalıdır, lazımlıdır… Və o kitabda yazılıb ki, oğurluq, talançılıq, yalançılıq pisdir, bunlardan uzaq olun.
Bu pis şeylərdən xəbərdar olmaq üçün bizə dedilər ki, "kitab oğurlamaq günah deyil” — get, oğurla, talan et, yalan danış.

Və bu tərbiyənin nəticəsi olaraq ən "müqəddəs” yoldayıq — oğurlayırıq, talan edirik, yalan danışırıq ki, bunların nə olduğunu bilək. Bilək ki, bilməyənlərə də öyrədək, öyrədək ki, nəslimiz davam etsin, davam etsin ki, yenə oğurlayaq. Kitab ha, başqa bir şey deyil. İndi kitabdır da, pul deyil ki.

P.S Daha böyük oğurluqlar, talanlar, yalanlar ilk qədəmin məhsullarıdır. Olsun, lap elə kitab oğurluğunun!


 

Sadəcə oğurluq etməyək!


 

İsmayıl Məmmədli

 

qadinkimi.com