BURA / ORA
Uşaqlarının sənədində öz adını yazdıran qadının hekayəsi Tarix : 22 Noyabr 2022, 15:25
Yazar : Qadinkimi.com
 
 
İtaliyada 2000 ildən bəri mövcud olan qaydanı dəyişdi. Atanın soyadı ilə yanaşı öz soyadını da yazdırdı. Akademik Grazia Speranza duyduğu iftixarı öz məktubunda yazır:

"Ötən il 60 yaşım oldu və övladlarımdan, xəyalıma gətirməyə belə cəsarət edə bilməyəcəyim bir hədiyyə aldım. Uşaqlarım indi atalarının, ərim Massimonun soyadından əlavə analarının da soyadını istifadə edirlər. İtaliyada 2000 ildən bəri mövcud olan qayda dəyişdi. İndi atanın soyadının yanına ananın soyadını da əlavə etmək mümkün oldu. Bir çoxları üçün problemli olan və faktiki maneələr yaradan bir qanun olmasına baxmayaraq, çox vacib bir addımdı. Atanın razılığı lazımdı, bir əsas gətirilməlidi, soyad dəyişikliyi tələbi əvvəlcə təxirə salınır, amma qarşı çıxmaq istəyənlərə etiraz etmək mümkündü. Ananın soyadı atanınkından sonra gəlir. Proses zaman və səbr istəyir, çünki artan tələbata baxmayaraq, hələ də çox az soyad dəyişikliyi tələbi olub və müvafiq dövlət qurumları prosesi idarə etməyə hazır deyillər. Laura- kiçik qızım, bu prosesi bir ilə tamamlaya bilib. 
 
İngiltərədə yaşayan Chiara üçün daha uzun çəkdi. Uşaqlarım mənim də soyadımı götürmələrinə necə önəm verdiyimi bilirdilər. Ancaq bu istəyimi dilə gətirməyim asan olmadı. Uzun zamandan bəri içimdə saxladığım, hətta bir az da utandığım arzu idi. Nəticədə bütün İtaliya atanın soyadını almağın təbii olduğunu düşünür. Amma bu mənim üçün təbii deyildi. Uşaqlığımdan bəri qadınların ikinci sinif vətəndaş olduğunun və bir çox simvolik faktorun bu halı qabartdığının fərqindəydim. Soyad da bunlardan biri idi.


Böyüyərkən çoxunun düşündüyü kimi kişilərdən əksik olmadığımı sübut etmək istəyirdim. Bunu ən çox öz soyadını verəcəyi bir oğlan övladı xəyal edən atama göstərmək istəyirdim. Mənim və bacımın doğumuna sevinməyən, qeyd etməyən, amma oğlu olanda yoldaşlarına içki sifariş verib, anama çiçək gətirən atama... İki keysəriyyə əməliyyatından sonra hamilə qalmamasını tövsiyə edən həkimlərin dediklərinə rəğmən yenidən hamilə qalan, sonda oğlu olduğu üçün özünü xoşbəxt hiss edən və bunu daim göstərən anama da. Kiçik yaşından ailənin soyadını davam etdirəcəyi ilə fəxr edən qardaşıma. O, heç bir şeyi sübut etmək məcburiyyətində deyildi.
 
Varlığı kifayət idi. Anamın qarşı çıxmasına baxmayaraq universitetə girdim. Anam gələcəkdə özünü evinə və uşaqlarına həsr edəcək bir gənc qız üçün universitetin lazımsız olduğunu düşünürdü. Atam qərarımı dəstəklədi. Tətbiqi riyaziyyatı oxudum, universitetdə tədqiqatçı köməkçisi oldum. Nəqliyyat və logistika problemlərinin həlli üçün modellər və alqoritmlər inkişaf etdirirəm. Müxtəlif araşdırmalar aparıram, dünyanın müxtəlif yerlərindən həmkarlarımla əməkdaşlıq edərək elmi məqalələr dərc etdirirəm. Fakultənin dekanı oldum. İndi Brescia Universitetində rektor köməkçisiyəm və Beynəlxalq Tətbiqi Tədqiqatlar Assosiasiyasının rəhbəriyəm. Bir çox xəyalımı gerçəkləşdirdim, amma imkansız olduğunu düşündüyüm bu xəyalımı mənim üçün ərimin də dəstəyi ilə qızlarım həyata keçirdi".
 
qadinkimi.com