FEMİNİZM
Bir kişi niyə utancaq qadın arzulasın Tarix : 23 Avqust 2022, 23:26



Müəllifin özünü, paylaşımını və mənasız fikirlərini kənara qoyub fikirləşirəm ki, bir kişi niyə utancaq qadın arzulasın? Bu arzuda bir pedofillik sezilir. 


Və əgər həqiqətən də bizim cəmiyyətdə əksər kişilərin belə bir fetişi varsa, ortada çox böyük bir problem var. 


Açığı bu "utancaq qadın" fetişi mənim çox ürəyimi bulandırır. Bəlkə də elə o problemin səbəbidir ki, illərdir erkən nikah problemini həll edə bilmirik. Bu azmış kimi üstəlik son dövrlər cəmiyyət olaraq azyaşlıların zorlanmasına göz yummağa başlamışıq. 


Uşaqbazlıq dövlət və cəmiyyət tərəfindən normallaşdırılır. Ard-arda elə son dövr baş verən bir neçəsini qeyd edim. 


1. Azyaşlı Sənay Yağmura təcavüz edən şəxsə müxtəlif bəhanələrlə aylardır ki, hökm oxumurlar. 


2. Bərdədə azyaşlı qızı davamlı zorlayan adama məhkəmə bəraət verdi, daha sonra (səhv etmirəmsə, apellyasiya şikayətindən sonra) cəmi 1 il azadlıqdan məhrum etməklə cəzalandırıldı. 


3. Bu yaxında Şəkidə 12 yaşından bəri zorlanan əqli zəifliyi olan qızdan polis soruşur ki, könüllü birlikdə olmusan? 


4. Bu günlərdə Naxçıvanda 14 yaşlı qızın oğurlanması və zorlanmasına görə polis yenə cinayətkara haqq qazandırıb "əmisi oğlunun yanında oturub, ətini yesə də, sümüyünü çölə atmayacaq” deyir. 


Bu elə ancaq biz bildiklərimizin az hissəsidir. Bildiklərimiz çoxdur, bir də bilmədiklərimizi düşünün. 


Bütün bunlar uşaqbazlığın normallaşdırılması deyilsə bəs nədir?


Nisə Hacıyeva

qadinkimi.com