Karantinli, müharibəli və uzun illərdən sonra qələbə sevincli 2020-ci il bitdi, Siçan ili öz yerini Öküz ilinə təhvil verdi. İl dəyişəndə hər kəsi, xüsusən də qadınları maraqlandıran suallardan biri də budur: "Bu il hansı rənglər dəbdə olacaq?"
Modelyer-dizayner Şəlalə Maqsudova bu ilin dəb yenilikləri barədə danışıb.
O bildirib ki, 2020-ci ildə favorit olan qara, göy, qırmızı rəngləri 2021-ci ildə öz yerini torpaq çalarları və çəhrayı rəngə verir. Həm üst geyimlərində, həm də gündəlik geyimlərdə bu rənglərə üstünlük veriləcək.
Modelyerin dediyinə görə, bütün illərdə olduğu kimi, bu il də klassik rənglər öz aktuallığını qoruyub saxlayacaq. Şəlalə xanım ayaqqabılarda da yeniliklərin olacağını söylədi:
"Ağ-qara rənglər hər zaman klassika olaraq qalacaq. Artıq bir rəngdən ibarət olan çəkmələri biz bu mövsümdə görməyəcəyik. İki rəng çalarından hazırlanmış, üstü zəncirli, parlaq broşlar, parlaq kəmərlərlə bəzədilmiş orta ölçülü, enlidaban dəri çəkmələr 2021-ci ilin qış kolleksiyasına daxil olacaq".
Ötən əsrin geyimləri zaman-zaman geriyə qayıdır. Bəs görəsən, bu il də həmin tendensiya davam edəcəkmi?
"Biz keçmişimizə nəzər salsaq, görərik ki, indi dəbə minən bütün geyimlərimiz ötən qərinələrdən qaynaqlanır. Hal-hazırda 2021-ci ilin dəbi olan yun, trikotaj, moxer tipli parçalardan hazırlanmış boş, tökülən geyimlər əlli il əvvəl dəbdə idi. Dizdən aşağı yarımtrapes biçilmiş boş yubkalar, yundan hazırlanmış, bədən ölçüsündən bir az artıq olan boş jaketlər üzümüzə gələn il dəbdə olacaq. Üst geyimlərindən kəmərli, dizə qədər paltolar üstünlük təşkil edəcək. Çiyinləri aşağı, boş biçilmiş, dizdən olan frençlər bizi ötən əsrin 70-ci illərinə qaytaracaq".
"Bəzən baxırıq, xanımlar uzun paltonun altından uzun don geyinirlər. Bu, yolverilməzdir. Uzun palto ilə mütləq qısa ətək, qısa don və ya şalvar geymək lazımdır. Çünki üst geyim ilk gözə dəyən olur, onun altından elə paltar seçmək lazımdır ki, kənardan gülünc görünməsin. Adətən qadınlar bu kimi şeylərə fikir vermirlər. Nəticədə isə gülünc mənzərə yaranır", – deyə modelyer əlavə edib.
Şəlalə xanım qadınları mümkün qədər kosmetik vasitələrdən uzaq olmağa çağırıb:
"Yaxşı olar ki, qadınlar makiyajdan az istifadə etsinlər. Mən özüm də adi günlərdə makiyajdan istifadə etmirəm. Sadəcə nəmləndiricilər bəs edir. Xanımlara tövsiyə edirəm ki, makiyajdan uzaq dursunlar".
Onun sözlərinə görə, bəzən qadınlar mavi rəngli geyimə uyğun həmin rəngdə makiyaj edirlər. Bu, onların dəbi izləməməsindən irəli gəlir. Bundan qaçmaq lazımdır. Artıq bu tendensiya geridə qalıb:
"Ümumiyyətlə, son illər makiyajda tünd rənglərə üstünlük verilmir. Qadınlara tövsiyə edirəm ki, açıq rəng tonlarından istifadə etsinlər. Xarici ölkələrin dəb yenilikləri ilə maraqlanan xanımlarımız görə bilərlər ki, artıq dünyada da makiyajda tünd rəng çalarları qəbul olunmur. Stilistlər də, modelyerlər də qadınlarımıza ağır makiyajdan uzaq durmağı məsləhət görürlər".
Mütəxəssis xanım qadınların vazkeçilməz aksesuarlarından olan çantaların dəbindən da danışıb: "Dəridən hazırlanmış, ayaqqabıda olduğu kimi, üstü zəncirli, broşlu, eyni zamanda böyük və orta ölçülü çantalar bu il dəbdə olacaq".
Bəzən xanımlar geyimlərində rənglərə uyğun makiyajdan və aksesuardan istifadə edirlər. Modelyer qeyd edir ki, bu, tam yanlışdır: "Xatırlayırsınızsa, 2010-cu ildə sarı rəng dəbdə idi. Bakı sarıya bürünmüşdü. Qadınlar çantalarını, geyimlərini, ayaqqabılarını, hətta dırnaqlarını da sarı rəngə boyayırdılar. Bu, çox yorucudur. Ayaqqabın qırmızıdırsa, bu o demək deyil ki, dırnaqların da qırmızı olmalıdır. Başqa rəng çalarından istifadə etmək olar. Yaxşı olar ki, rəngləri sintez eləsinlər (Sputnik.az).