BURA / ORA
Binəqədidə seçki coşğusu – Ağasif Şakiroğlu təşviqata başladı Tarix : 23 Yanvar 2020, 09:38
Yazar : Qadinkimi.com
Seçicilər yüksək təəssüratla ayrıldılar.

9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərində ən səs-küylü dairələrdən biri olan 8-ci Binəqədi birinci Seçki Dairəsində mübarizə qızışır.

Deputatlıq uğrunda ədalət savaşı başlayıb.

Yanvarın 22-si İbrahimov Ağasif Şakir oğlunun seçki qərargahı fəaliyyətə başladı. Möhtəşəm açılışda seçki qərargahına dəvət edilən Binəqədi sakinləri tədbirdən yüksək təəssüratla ayrıldılar.

Tədbir dəvət edilən qonaqların çıxışları, Ağasif Şakiroğlunun üzərinə götürdüyü məsuliyyətin açıqlanması və sakinlərin namizədə çoxsaylı sualları ilə həyəcanlı ovqat aldı.

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı çıxış nitqi ilə tədbiri açıq elan etdi: "Yenilik istəyiriksə, dinamizm arzulayırıqsa, tərəqqi sevdalısıyıqsa, gəncləri seçməliyik. Bunu edən cəmiyyətlər udub, bu halın yaşandığı dövlətlər qazanıb. Ağasif Şakiroğlunu 15 ilə yaxındı tanıyıram. Onun öz seçicilərinə fayda verəcəyinə əminəm”. Daha sonra Ramin Hacılı sözü namizədə verdi. Ağasif Şakiroğlunun çıxışı böyük çoşğu və maraqla qarşılandı:

"Sizə bərli-bəzəkli sözlər deməyəcəm, "məni seçin” də deməyəcəm. Sizdən bu ölkənin övladı kimi xahişim var: Seçkiyə gedin, "hökumət seçkini saxtalaşdırır” deyib kənarda qalmayın. Qoy saxtalaşdırsın, yüz dəfə seçki keçirilsə, siz də yüz dəfə yenə gedin, imkan verməyin sizə aid bülleten vərəqinə yerinizə istədikləri namizədin adını yazsınlar. Biz mübarizə aparırıq, çalışırıq, yenilmirik. Bu işdə vətəndaşlarımızın köməyinə, məsuliyyətinə ehtiyacımız var. Ölkəsindəki proseslərə qarışmayan cəmiyyətdə birtərəfli idarəçilik formalaşır. Və əlbəttə bu halda o idarəçilik siyasətə qarışmayan vətəndaşın maraqlarını nəzərə almır. Biz dirəniş göstərmədikdə bizə dirəniş göstərirlər, yerimizə qərarlar verirlər və çox vaxt bu qərarların bizə, vətənimizə faydası olmur”.

Növbəti çıxışı tədbirin qonağı, ötən seçkidə bu dairədən namizəd olmuş yazıçı Aysel Əlizadə etdi. 5 il öncə eyni dairədə rəqibi Azay Quliyevin xeyrinə saxtalaşdırılan seçkidə mandatdan məhrum olan Aysel Əlizadə seçiciləri diqqətli olmağa səslədi: "Seçkidə o zaman saxtakarlığa rahat şərait yaranır ki, seçici səsverməyə getmir və getməyən seçicinin bülleteni boş qalır. O bülletenlərə də məsələn, Azay Quliyevin adını yazıb topa şəkildə qutuya atırlar. Seçkiyə gedin, kimə səs verirsiz verin, amma özünüz edin”.

Aysel Əlizadə həmçinin niyə Ağasif Şakiroğlunu dəstəkləmək qərarına gəldiyini ətraflı şəkildə izah edib:

"Mən bu dairədə yaşayıram. Sözsüz ki, heç bir seçkiyə laqeyd qalmamışam, seçəcəyim namizədi tanımağa çalışmışam. Bu seçkidə də namizədlərimizlə tanış oldum, görüşdüm, başqa bəyəndiyim də vardı. Amma bir detala görə Ağasif bəydə dayandım. Bircə onu "adamsız” gördüm. Tək atılıb siyasət meydanına, bu sahədə böyüyüb, prosesləri yaxşı bilir və adamı yoxdu. Hətta namizədliyini belə son anda öz dirənişi ilə qəbul etdirib. Biz də seçicilər olaraq onun adamı olaq düşündüm. Gəncdi, çalışqandı, yanında olaq. "Siyasət meydanı” proqramında çox dişli gördüm onu, çıxışı xoşuma gəldi və son qərarım Ağasif bəy oldu.”

Tanınmış yazar daha sonra 3 çağırış deputat, 4 dəfə namizəd olan Azay Quliyevin seçki sloqanında Binəqədi seçicilərinə yox, deputat olmaq üçün hansısa dairəyə müraciət etdiyini vurğulayıb:

"Hər kəs namizədliyini verərkən seçki platformasında seçicilərinə qısa müraciət edir. "Dəyişək, gələcəyimiz üçün nəsə edək” janrında mesajlar verir. 4 dəfə namizəd olmuş Azay Quliyev isə deputat seçilmək üçün hələ də seçicilərinə deyil, hakim dairəyə müraciət ünvanlayıb: "İslahatlara Dəstək”. İslahatlar gedir, əla. Biz də dəstəkləyirik, amma seçicini heç sayaraq yox, fəaliyyətimizlə. Yuxarı dairələrdən kimlərinsə sifarişi ilə deputat olan Azay Quliyevin seçki sloqanının "İslahatlara dəstək” olması onun niyyətini aydın ortaya qoyur. 15 il deputat olub seçici yığa bilməyən Azay müəllim millət vəkili olmanın yolunu hələ də hökumətə yarınmaqda, hökumətə minnət qoyaraq "Sizin islahatları dəstəkləyib seçkiyə gedirəm, məni nəzərə alın” mesajı verməkdə görür, heyrətedicidi. Axı o, heç vaxt islahat tələb etməyib, istəməyib. Heç vaxt dəyişiklik lazım olduğunu dilə gətirməyib. İndi nə baş verdi?”

Tədbirin növbəti çıxışında tanınmış kino-rejissor Elşən Məmmədov da Ağasif Şakiroğlunu dəstəklədiyini söyləyib. Binəqədi sakini olmasa da orada ona əziz insanların yaşadığını deyib. Rejissor ölkədə belə bir istedadlı gənc siyasətçinin namizəd olduğuna sevindiyini bildirib.

Tədbirin ikinci hissəsi seçicilərin sualları ilə davam edib. Sakinlərdən birinin ünvanladığı sual hamının diqqətini çəkib: "Ağasif bəy, siz ərazidə olan problemləri həll etməyən qurumları işlərini görməyə necə vadar edəcəksiz”? Namizədin cavabı gecikməyib:

"Sözün əsl mənasında üzlülüyümüzə salaraq, inadkarlıqla, dirənərək. Amma edəcəyik”. Bu cavab böyük alqışa səbəb olub.

Sonda Ağasif Şakiroğlu artıq qərargahın 24 saat seçicilərin üzünə açıq olduğunu elan edib.

Yekunda seçicilər dəstəklədikləri namizədlə xatirə şəkli çəkdirərək ona uğurlar arzu ediblər.

Qərargahın açılış tədbirindən foto və video-sujeti təqdim edirik:
 









qadinkimi.com