Sənə "dəli"deyərlər..."şàir"deyərlər..."aşiq" deyərlər... Bilməzlər əsl həqiqəti..
Hələ ana bətnindəykən bağrının başına bir köz qoyular. Gözə görünməyəcək kiçicik bir köz. O közlə doğularsan, ağlamağın da başqa olar, ətrafında hərəkət edən ağ-qara fiqurlara baxan cubbulu baxışların da... Hamı sənə adi körpə kimi baxar, sən hamıya fərqli-fərqli... Böyüyərsən, yavaş-yavaş, ətrafındakıların güldüyünə gülə bilməzsən, ağladığına ağlaya. Sinəndəki köz qoymaz, işıq qoymaz. Ovucunun içində dördyarpaq yonca varmış kimi hər şeyin əslini görərsən; nədən gülürlər, necə gülürlər, niyə ağlayırlar, necə ağlayırlar...
Üzərinə işıq düşər sinəndəki közdən bütün məqsədlərin. Görməzdən gəlmək istəyərsən, sinəndəki işıq boğular, köz tüstülənər, gözlərin acışar, sinən göynəyər. Bir küncə qısılarsan, bir hücrəyə tapınarsan... Xəyallar qurarsan, dünyalar cızarsan...
Sakit-sakit ruhuna hopan duyğuları, düşüncələri sevərsən, qalın-qalın kitablara sarılarsan, ayrılmaq istəməzsən öz iqamətgahından. Hərdən səni yarıqaranlıq, alatoranlıq dünyadan qoparmağa gələr əlibaltalı, əlidəyənəkli, dili zəhər fiqurlar. Sən daha çox qısılarsan dərinliklərə... Əllərini üzüb gedərlər sənə "dəli" deyib özünü sakitləşdirənlər...
İçindəki közün şölələri düşər ruhundakı balta yarasına, çomaq yerinə, acıyan duyğularına. Oxşayarsan, ediləyərsən yaralarını, acılarını.
Sənə "şair" deyər günahlarını yumaq istəyən fiqurlar... Və bir gün bir vərəq taparsan kitablarının arasından. Narın xətli, bir az çap hərflərinə bənzər, səliqəli, incə düzülüşlü yazıların əvvəl görünüşünü sevərsən, sonra mənasını. Sonra sahibini düşünərsən: gözü belə olmalıdı, qaşı belə, dilindəki sözü belə, gözündəki yaşı belə... Sinəndəki köz alovlanar, şölələnər, şölələri rəqs eləyər, sonra qanadlanar, səni də özü ilə uçurar... uçurar... Sevinərsən uşaq kimi. Dalğaların qucağında, buludların üstündə, upuzun ağaclardan asılmış yelləncəklərdəkilər kimi xoşbəxt, azad, yüngül hiss edərsən özünü... Bir obraz, bir surət yaranar beynində. O obrazı sevərsən.
Sənə "dəli" deyən, "şair" deyən fiqurların arasına qarışarsan o surəti tapmaq üçün. Dolaşarsan dəli-dəli təntik-təntik: "Bumu?". "Yox, deyil". "Bumu?". "Yox o da deyil". Əlin-ayağın ürəyin yorulunca axtararsan. "İsaq! Musaq! Tapdın? Yox!" oxuyar ruhun. Birini çox bənzədərsən o surətə. Sinəndəki alov şölələnər, qanadlanar, uçar, səni də uçurar. Əl uzadarsan ona: "Əlini ver, sənə də alovların dilləri üzərində yerimək öyrədim, buludların üzərində gəzmək öyrədim!"-deyərsən...
Soyuq bir gülüş çırpılar üzünə, buz kimi soyuq davranış səpilər sinəndəki közün şölələri üzərinə. Qanadları əriyər sinəndəki alovların, buludların üzərindən yerə çırpılarsan, ağrıyar bütün xəyalların, göynəyər bütün duyğuların. Qulaqlarında cingildəyər bağışlanmaz bir günah. Bir ipəkqurdu olar kədərin sarıyar hər yerdən özünü, qoparar hər yerdən ruhunu, qapanar, özünə qapanar... O kiçicik hücrədə özün yaratdığın obraza tapınarsan, sevərsən onu, sevələr, əzizlər, oxşarsan... "Məni deyir" düşünər soyuqgülüşlü, xəncərəlli fiqurlar... Eşitməz, bilməz, duy mazsan, öz surətinə, öz dünyana uyar, rahatlanar, dincələrsən... Amma sinəndəki köz yenidən şölələnər, alovlanar, qanadlanar, bu kiçicik hücrəyə bir "qapı qoyar"san, bir "baca" açarsan... Yenidən pərvazlanar, buludların üzərinə qalxar, suların üzərində gəzərsən, yellənərsən xəyallarının yelləncəyində elədən-elə, belədən-belə ta yenidən, yenidən yıxılanacan...
Adına "dəli" deyərlər, "şair" deyərlər,"aşiq" deyərlər soyuq gülüşlü fiqurlar. Bilməzlər, bilməzlər bildiklərini...