SƏNƏT
Bəstəkarlıq fakültəsini bitirən ilk qadın Tarix : 26 Fevral 2026, 18:55

İnsanın ruhunda gözəlliyə olan mənəvi ehtiyacı var. Bu ehtiyacımızı ödəyən möcüzələrdən biri də musiqidir. Haqqında söhbət açdığımız Ədilə Hacıağa qızı Hüseynzadə də möcüzə yaradırdı . O, 1916-cı il aprelin 29-da Bakıda anadan olmuşdu. Ədilənin musiqiyə marağını görən valideynləri onu 6 yaşında yeddiillik musiqi məktəbində professor Aysberqin fortepiano sinfinə qoyurlar.

 

Ədilə dəqiq elmləri də sevərdi. Ona görə natamam orta təhsilini başa vurub sənədlərini 1929-cu ildə Nərimanov adına Sənaye texnikumuna verir. 1932-ci ildə oranı əla qiymətlərlə bitirdiyindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə imtahansız qəbul olunur. Universiteti də mühəndis-texnoloq ixtisası üzrə əla qiymətlərlə bitirir. Tələbəlik illərinin sevgisi Hidayət Novruzlu ilə ailə qurur. Qeyd edək ki, Böyük Vətən müharibəsinin veteranı Hidayət Novruzlu kimya elmlər namizədi idi.O həm də Azərbaycan Neft və Sənaye universitetində "Ümumi kimya” kafedrasını yaradıb. Bu xoşbəxt ailədə iki qız və bir oğlan böyüyüb: Şərəfnisə, Pərviz və Cəmilə.

 

 

Ədilə Hüseynzadə

Mühəndis-texnoloq olsa da musiqinin cazibəsindən çıxa bilmir Ədilə. Gözlənilməz tanışlıq onun həyatında mühüm rol oynayır. Tarixin görkəmli şəxsiyyətlərindən olan Üzeyir bəy ailəsi ilə Şüvəlan bağlarında istirahət etməyi sevərdi. 1936-cı ilin yayında Hüseynzadələrin qonaq evini bəyənir. "Koroğlu”nun 4-cü pərdəsi məhz bu evdə yazılır. Ailələr arasında dostluq yaranır.

-1937-ci ildə Hüseynzadələrin həyatında ağır hadisələr baş verir. Sovet illərində ziyalı, seçilən ailələr yersiz təqiblərə məruz qaldığından Hacıağa ailə üzvləri üçün İran pasportları əldə etmişdi. Ailə deport edilir. Həyat yoldaşı Hidayətin nüfuzu, çabaları nəticəsində, həm də Ədilə xanımın azyaşlı övladları olduğundan Bakıda qala bilir. Amma ata-anası, bacıları və qardaşı Həsəndən ayrılır. 60-cı illərdən sonra anası,fortepianoçu olan bacıları Xədicə və Şəfiqəni görüşə bilsə də, atasını və qardaşını görə bilmir. Həmin dönəmdə Üzeyir bəy ona dayaq olur. Məhz Üzeyir bəyin təşəbbüsü ilə 1942-ci ildə nadir metso soprano səsli Ədilə Konservatoriyanın Vokal şöbəsinə qəbul olunur. Bülbülün sinfində oxuyur. Üzeyir bəy 1945-ci ildə Arşın mal alan operettası əsasında çəkilən filmdə Asyanın partiyasını Ədilə xanıma həvalə edir. Amma Ədilə xanım bəstəkar olmağı arzulayırdı. O zaman qadın bəstəkar yoxdu. Ağabacı Rzayevanın Üzeyir bəydən bəstəkarlıq dərsləri aldığını öyrənəndən sonra İsmayıl Soltanın "Yadigar” şeirinə ilk bəstəsini Üzeyir bəyə təqdim edir.Üzeyir bəy mahnını bəyənir və Ədilə xanım bəstəkarlıq şöbəsinə keçir. Nizaminin 800 illiyinə həsr etdiyi "Vəslin həvəsi” romansını isə Bülbül ifa edir.

Ədilə Hüseynzadə 


Üzeyir bəyin vəfatından sonra onun yaratdığı fakültə bağlanır. Ədilə xanım yenidən imtahan verir və Zeydmanın tələbəsi olur. O, 1953-cü ildə bəstəkarlıq fakültəsini bitirən ilk qadındır.

 


Yaradıcılığında kamera musiqisi üstünlük təşkil etsə də, onun irihəcmli əsərləri də az deyil. O, xor və orkestr üçün əsərlərin, simfonik poema, simli kvartet və kantatalarınmüəllifidir. Bəstəkarın 60-dan çox mahnı və romansı Bülbül, Sona Aslanova, Rəhilə Cabbarova, Lütfiyar İmanov, Firəngiz Əhmədova, Şövkət Ələkbərova, eləcə də müasirlərimiz Fidan Qasımova, Fəridə Məmmədova, Fidan Hacıyeva, İlham Nəzərov kimi sənətkarlar ifa etmişdir. O həm də kamera-instrumental janrda əsərlər yaradıb.

Rəsul Rza və Nigar Rəfibəylinin sözlərinə yazılmış romanslardan ibarət "Duyğular” vokal silsiləsi, eləcə də"Vətən” vokal və simfonik silsilə onun yaradıcılığında xüsusi yer tutur.
1982-ci ildə Azərbaycanın Əmədar İncəsənət xadimi adına layiq görülüb.

 


Ədilə xanım yalnız yaradıcılıqla məşğul deyildi. O həm də dəyərli pedaqoq idi. 1953-1988-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində istedadı ilə fərqlənən bəstəkarlığa marağı olan şagirdlər üçün bəstəkarlıq (kompozisiya) sinfində dərs deyib. Fakultetiv dərslər aparıb.Müslüm Maqomayev, Sevda İbrahimova, Firəngiz Əlizadə, Lalə Hüseynova, Rəşid Əfəndiyev, Elnarə Dadaşova, Aygün Səmədzadə kimi yetirmələrinə kompozisiyanın əsaslarını tədris edib.

Ədilə Hüseynzadə

 

2005-ci il iyulun 20-də köçüb bu dünyadan.ƏİX, Musiqişünas prof. Zümrüd Dadaşzadə "Məhəbbətdən doğulmuşam” kitabını müəllimi Ədilə Hüseynzadənin həyat və yaradıcılığına həsr etmişdir. Zümrüd xanım onu xatırlayarkən"Onun ölümünə çox sarsıldım. Aylarla özümə gələ bilmədim. Mənəvi bağımız vardı. Çox sevilirdi. Üzeyir bəy bizim üçün böyük şəxsiyyətdi. Amma Ədilə xanımın söhbətlərindən onun böyüklüyünə heyrət edirdik. Nadir səsə malik istedadlı bəstəkar idi. Yazdığı hər əsərin sözlərinə həssaslıqla yanaşırdı. Əvəzsiz pedaqoq, unikal insan idi. O, bütün ömrünü musiqi mədəniyyətimizə sərf edib. Belə insanlar unudulmur”-deyir.

 

 

Kamalə Abiyeva şair, publisist.
Qadinkimi.com