SEVGİ
Bayrağa dönən nişanlısına bükülən bir qız Tarix : 05 Dekabr 2020, 16:32
Avtobusda bir qız yerindən dik atılıb, ağlaya-ağlaya çıxış qapısına tərəf qaçdı. Hamının nəzərləri bir anda qıza tərəf yönəldi. Ağlayan qız yumruqlarıyla avtobusun qapısını asta-asta döyəcləyib, durmadan ağlayırdı. Elə bil qəzəb nədir bilməyən yumruqları Tanrının mərhəmətiydi, silkələyib oyatmaq istəyirdi mürgüləyən vicdanları. Hamı donub yerində qalmışdı. Mənzərinin ağrısı unutdurmuşdu bir anlıq adamlara təsəlli vermək kimi bir müqəddəs borcu daşımalı olduqlarını.

Təsəlli susqunluğunu başqa bir qadın pozdu, yerindən qalxıb qıza tərəf yüyürdü. Bu zaman artıq avtobus dayanmış, ağlayan qız düşüb, yolun kənarındakı mağazanın divarı boyu çəkilmiş əzəmətli Azərbaycan bayrağına sarı qaçırdı. Çatmağıyla başını bayrağa söykəyib, dəhşətli şəkildə hönkürməyi bir oldu.
 
Dünyada təkbaşına qalıbmış kimi, dodaqlarının altında pəsdən nəsə deyib, elə hey ağlayırdı. Elə bil sinəsini yandıran ağrını müqəddəs bayrağın qulaqlarına pıçıldayırdı. Təsəlli gözləyirdi sanki bayraqdan. Bu zaman təkcə mənim duyduğum bir möcüzə baş verdi, xəfif bir Bakı xəzrisi əsdi. Qızın dodaqlarından süzülən "Azər şəhid oldu... Şəhid oldu Azər..." sözlərini, xəzrinin qağayı dimdikləri düz mənim qullaqlarımacan daşıdı. Dalğalanmaq imkanı əlindən alınmış bayrağın sinəsi kükrədi. Az qaldı pərçimləndiyi divarı, Qaraca çoban bağlandığı ağacı kökündən çıxaran kimi, kürəyinə alıb yerisin yağıların üstünə.
Nə qız, nə də bayrağın qulaqları ətrafa yığılanların sorğu-suallarını eşitmirdi. Qızın çiyinləri qalxıb-düşür, bayrağın sinəsi kükrəyirdi. Qəfil nəzərlərim qızın barmağındakı təkqaş nişan üzüyünə dəydi. Deyəsən, anladım hər şeyi. Özümə bələdəm, yazmağıma baxmayın, belə məqamlarda soyuqqanlı ola bilmirəm. Öldürücü həmləyə dözməyən ordu kimi geri çəkilməyə məcbur oldum...
 
 
47512605.jpg (900×900) 

...On dəqiqə sonra həmin yerdən bir xeyli uzaqlaşmışdım. İradəm təhlükəsiz yerdə idi. Amma hələ də xəyalımda ağlayıb bayrağa dönən nişanlısının cənazəsinə bükülən bir qız canlanırdı. Daha doğrusu, can verirdi...
Bu mənim 44 günlük Vətən müharibəsi dövründə gördüyüm ən dəhşətli hadisə idi...
 
 

 
Taleh Mansur
 
 
qadinkimi.com