Cəlal İsayev: "Ürək-qan damar sistemində, sinir sistemində pozğunluqlar olan insanlarda bu xəstəlik ağır keçəcək"
Koronavirus təhlükəsinin İrandan Azərbaycana keçdiyinə dair şübhə var. Belə ki, bu gün 2 nəfər İran vətəndaşı bu virusa yoluxma şübhəsi ilə Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Artıq insanlar arasında virusla bağlı ciddi narahatlıq yaranıb, sosial şəbəkələrdə əsaslı və əsassız məlumatlar paylaşılır. Hər kəs xəstəlikdən qorunmağın üsulları ilə maraqlanır, müxtəlif ehtimallar irəli sürülür, tövsiyələr verilir.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev AYNA-ya müsahibəsində, sözün əsl mənasında, qapımızı kəsdirmiş koronavirusla bağlı suallarımızı cavablandırıb.
- Doktor, koronavirus Çində yayılanda açıqlama vermişdiniz ki, virusun Azərbaycana gəlməsi ehtimalı çox azdır. İndi vəziyyəti necə dəyərləndirirsiniz?
- Əgər ciddi tədbir görülməsə, Çində və ya İranda yayılmasından asılı olmayaraq, ölkəmizdə də yayıla bilər. Çünki ölkələr arasında çox ciddi müasir əlaqələr mövcuddur. İranla yaxın qonşuluq əlaqələrimiz var, Çində soyadşlarımız yaşayır, get-gəlimiz var, ona görə də virusun yayılması təhlükəsi də mövcuddur. Buna görə də aidiyyəti qurumlar – Səhiyyə Nazirliyi, TƏBİB, Dövlət Gömrük Komitəsi tərəfindən önləmlər alınıb, müəyyən işlər görülür. Əgər bu tədbirlər görülməsə, xəstəliyin yayılma ehtimalının çox yüksək olmasından şübhələnə bilərik. İndiki halda virusun ölkəmizdə yayılma ehtimalı qat-qat aşağıdır.
- Ölkədə koronavirusa yoluxma ilə bağlı yayılmış məlumatlar nədən qaynaqlanır? Yəni hər hansı bir ehtimal varmı?
- Müxtəlif informasiya vasitələrində virusa yoluxma ilə bağlı yayılmış məlumatlar əsassızdır. Mərkəzi Klinik Xəstəxanaya və ya başqa bir xəstəxanaya koronaviruslu heç bir xəstə yerləşdirilməyib. Belə xəstə olarsa, Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdiriləcək, çünki orada uyğun palatalar hazırlanıb, lazımi şərait yaradılıb.
- Ağciyər Xəstəlikləri İnstitutunda son aylarda xeyli sayda xəstə ölüb. Belə bir xəstəxanada koronaviruslu xəstələrin müalicəsi mümkün olacaqmı?
- Xəstələrin ölməsi bütün dövrlərdə müşahidə olunub. Əgər bizim xəstələrimiz son anda xəstəxanaya müraciət edirlərsə, bunun günahı xəstəxanada, həkimlərdə deyil, xəstələrin həkimə gec çatdırılmasındadır. Vaxtında müraciət olunsa, xəstəliyin qarşısı alınsa, müvafiq tədbirlər görülsə, təbii ki, xəstələrin sağalması məsələsi də problem yaratmaz.
- Koronavirus hansı yaş aralığında və hansı xəstəliklərdən əziyyət çəkən insanlar üçün daha təhlükəlidir?
- Yaşlı insanlar, yəni yaşı 55-60-dan yuxarı olan insanlar üçün daha təhlükəlidir. Çünki bu yaş qrupunda olan insanlar yaşadıqları dövrdə bir sıra xroniki xəstəliklər qazanmış olurlar və həmin xroniki xəstəliklər də virus yoluxduqda daha da ağırlaşır. Həmçinin həmin xəstəliklər orqanizmin immun sistemini zəiflətdiyinə görə yoluxan virus xəstələri ağırlaşdırır. Statistik məlumatlara görə, Çində də ölüm halları yuxarı yaş qrupundan olan insanların payına düşür.
- Xroniki xəstəliklər dedikdə, yuxarı tənəffüs yollarının xroniki xəstəliklərindən əziyyət çəkənləri nəzərdə tutursunuz?
- Tək yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri yox, digər xroniki xəstəliklər – ürək-qan damar sistemində, sinir sistemində pozğunluqlar olan insanlarda bu xəstəlik ağır keçəcək. Yəni koronavirus xroniki xəstəlikləri ağırlaşdıracaq deyə, həmin xəstələr üçün daha çətin olacaq.
- Virusun Amerika tərəfindən xüsusi laboratoriyada hazırlanması ilə bağlı deyilənlər nə qədər ağlabatandır?
- Cəfəngiyyatdır! Amerikanın Rusiya kimi sevmədiyi ölkə varkən, niyə məhz Çini, İranı seçsin ki?! Həmçinin Amerikanın özündə də bu virus yayılıb, hətta yoluxanların sayı İrandan da çoxdur. Sadəcə orada ölüm hadisələri qeydə alınmayıb.
- Koronavirusun ölkəmizə keçməməsi üçün İranla Azərbaycan arasında hansı tədbirlər görülməlidir, hansı məhsulların gətirilməsi dayandırılmalıdır?
- Artıq tədbirlər görülür, Biləsuvar keçid məntəqəsi bağlanıb, Astara keçid məntəqəsində də məhdudiyyətlər qoyulub. Məhsullara gəldikdə, virusun əşyalardan insanlara keçmə ehtimalı yoxdur. Bu virus daha çox heyvani məhsullardan, diri heyvanlardan insanlara keçir. Ona görə də bu, nəzərə alınmalıdır.
- Virusun ölkəmizdə yayılması ilə bağlı paylaşılan dəqiqləşdirilməmiş xəbərlər daha təhlükəli deyilmi? Çünki xəbərləri oxuyan insanlar stress keçirə bilərlər və nəticədə immun sistemi zəifləyər.
- Bizim də çalışdığımız odur ki, insanlarda stress olmasın. Bu məqsədlə də telekanallar, informasiya agentləri vasitəsilə insanları maarifləndiririk, mütəmadi olaraq məlumatlar veririk. Media qurumlarına da təşəkkür edirik ki, bu istiqamətdə bizə yardım edirlər. Bəzi insanlar var ki, bu xəbərləri məqsədyönlü şəkildə yayır, bəziləri isə bilməyərəkdən. Biz çalışmalıyıq ki, bu yalan məlumatların qarşısını alaq.
- Koronavirusdan maska geyinməklə, spirtlənməklə qorunmaq mümkündürmü?
- Maska geyinmək olar, amma maska müəyyən qədər virusun yayılmasının qarşısını alır. Amma əsas profilaktik tədbirlərin görülməsidir. İctimai nəqliyyat vasitələrində, məktəblərdə, konfrans zallarında, auditoriyalarda dezinfeksiya işləri görülməlidir. Xəstəlik olmasa belə, bu işlər önləyici tədbirdir və mütləq həyata keçirlməlidir.
- Virusdan qorunmaq üçün daha nələr etmək lazımdır?
- Xəstəlikdən qorunmaq üçün insanların kütləvi şəkildə toplaşdığı yerlərdən, xəstə insanlardan uzaq durmaq lazımdır. Bacardığımız qədər immun sistemini gücləndirməliyik. Parklarda, açıq havalarda gəzmək, yuxu rejiminə diqqət etmək, sağlam qidalanmaq lazımdır. Konservləşdirilmiş, yarımfabrikat qidalardan uzaq durmalı, meyvə-tərəvəzlə zəngin menyuya üstünlük verməliyik. İmmun sisteminin zəifləməsinə səbəb olan nələr varsa, onlardan qaçmalıyıq.
Mənbə: ayna.az
qadinkimi.com