FEMİNİZM
Prezidentdən esse: Feminist məhz belə görünür! Tarix : 22 Avqust 2022, 10:53


Qadinkimi.com ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ölkə rəhbəri olduğu dönəmdə feminizm haqqında yazdığı essesini təqdim edir: 


Prezident olmaq asan deyil, amma xoş tərəfləri də var - ölkənin hər yerində qeyri-adi insanlarla görüşlər, dövlətin 1 nömrəli ofisi əlinin altında. Bu işin bəlkə də mənə verdiyi ən gözlənilməz sürprizi qonaq otağından Oval kabinetə gedən yolda keçirdiyim vaxtdır - 45 saniyə! Bu isə o deməkdir ki, mən qızlarımla daha çox vaxt keçirə, onların necə ağıllı, mehriban, şən qızlara çevrildiyini görə bilirəm. Daha yaxşı ata və ər olmaq fürsəti qazanmışam. 


Əlbəttə ki, qızların tezliklə yuvamızı tərk edəcəkləri ilə barışmaq asan deyil, amma bir şey məni sevindirir - onlar qadın olmağın sadəcə gözəl dövründə yaşayırlar.


Son 100 il, 50 il və bəli, hətta son 8 il ərzində əldə etdiyimiz inkişaf mərhələsi qızlarım üçün nənəmin həyatından daha yaxşıdı. Mən bunu təkcə bir prezident kimi deyil, həm də feminist kimi deyirəm.


Mənim nəslimdən olan qadınlar çox vaxt az maaşlı işlərdə çalışırdılar və ya analıq məzuniyyətindən işə qayıtmırdılar. Bu gün isə qadınlar nəinki işçi qüvvəsinin təxminən yarısını təşkil edir, həm də idmandan kosmosa, Hollivuddan Ali Məhkəməyə qədər hər sahədə liderlik edirlər. Mən öz həyatlarını və maddi durumlarını planlaşdırmaq, təhsil almaq, karyera qurmaq üçün qadınlara seçim azadlığının necə verildiyini görmüşəm. Kredit kartı almaq üçün qadının ərə getməli olduğu günlər geridə qalıb. Bu gün qadınların çoxu, evli olsa da, olmasa da iqtisadi cəhətdən azaddır.


Ona görə də biz əldə etdiyimiz uğurları qiymətləndirməli, nə qədər irəli getdiyimizin fərqində olmalıyıq. Bu, ilk növbədə, ömrünü haqq-ədalət uğrunda mübarizəyə həsr etmiş insanlar üçün keçərlidir. Eyni zamanda, bu istiqamətdə hələ də xeyli iş var. Biz bütün dünyada qadınların və qızların perspektivlərini yaxşılaşdırmaq üçün lazım olanı etməliyik. Və mən bu siyasəti davam etdirəcəyəm: bərabər əməyə bərabər əmək haqqı, reproduktiv hüquqların qorunması. Siyasi kursumu Ağ Evin tarixində ilk Birləşmiş Qadınlar Dövləti Sammitində (United State of Women Summit) elan etdim. Belə qənaətə gəldik ki, cəmiyyət hələ də kişi və qadının ayrı-ayrı davranış qaydaları kimi stereotiplərdən asılıdır. 


Mənim üçün əsl qəhrəman olan konqresmen Şirli Çişolmdan misal gətirirəm. O, prezidentliyə namizədliyini irəli sürən ilk afroamerikalı qadın idi. Bir dəfə belə dedi:


"Qadınların emosional, cinsi və psixoloji stereotipləri həkimin bu sözləri ilə doğulur: "Qızdır!”

Bilirik ki, bu stereotiplərin çox erkən yaşlarda qızların özlərini necə qəbul etmələrinə təsiri olur, onlar cəmiyyətin müəyyən etdiyi şəkildə düşünüb davranmırlarsa, başqalarının gözündə daha az "doğru” sayılırlar. 


Həqiqətən də, gender stereotipləri cinsimizdən, cinsi kimliyimizdən və ya cinsi oriyentasiyamızdan asılı olmayaraq hamımıza təsir edir.


Həyatımda ən önəmli insanlar həmişə qadınlar olub. Məni inkişaf etməkdə olan ölkələrdə qadın hüquqları və imkanlarının genişləndirilməsi üçün mübarizə aparan tək ana böyüdüb. Məni böyütməyə kömək edən nənəmin səhərdən axşama qədər bankda işləməsinin şahidi olmuşam, amma onun karyerası "şüşə tavan”la məhdudlaşıb. Mişelin hər zaman karyera və ailə arasında necə balans axtardığını görmüşəm. Bir çox işləyən ana kimi o həm də mənə güzəşt edib. Məsələ burasındadır ki, qızlarımız kiçik olanda tez-tez ştatın qanunverici iclaslarından ezamiyyətlərə gedirdim, həm də müəllimlik fəaliyyəti ilə məşğul olurdum.


Bu gün geriyə baxanda anlayıram ki, o vaxt bütün ailə mənim qrafikimə bağlı idi və mənim şərtlərimlə yaşayırdı. Həyatın bütün yükü Mişelin çiyninə düşürdü. Bu ədalətli deyil.


İnanmaq istəyirəm ki, indi hər qadının nə qədər problemlə üzləşdiyini yaxşı bilirəm. Məhz bu düşüncə ​​feminizmə münasibətimi formalaşdırdı. İki qız atası kimi cəmiyyətimizin gender stereotipləri ətrafında necə birləşdiyini başa düşdüm. 


Məsələ qızların davranışlarına və özünü ifadəyə gəldikdə, böyük təzyiq altında olduqlarını gördüm. Bu stereotiplər mənim də dünyagörüşümə təsirsiz ötüşməyib. Atasız böyüyən bir oğlan kimi həmişə həyatda öz yerimi tapmağa, kim olduğumu, nə iş görmək istədiyimi anlamağa çalışmışam. Elə bilirdim sərt oğlan olmaq əladı, yaşlandıqca anladım ki, sadəcə özün olmaq lazımdır.


Beləliklə, "müdafiə xətti”ni yararaq uşaqlara münasibəti dəyişməliyik. Biz qızları dinməz, oğlanları yekəxana yetişdirməli deyilik. Biz qadınların uğur və nailiyyətlərinə münasibətimizi daim dəyişməli, onların hər gün nələri riskə atdıqlarının fərqinə varmalı, işləyən analara doğru dəyərləndirməli, atalıq məzuniyyətinə çıxan kişiləri həvəsləndirməliyik. 


Biz karyerasına önəm verən qadın haqda anlayışımızı və ona münasibət mədəniyyətimizi dəyişdirməliyik. Mişel tez-tez bu barədə danışır. 


İşində uğur qazansa belə, hələ də özündən şübhələnir - özünü düzgün apardımı, bu və ya digər məqamda necə göründü, ona necə baxdılar, necə qarşılandı?


Mən bir ata kimi övladlarıma bu komplekslərdən, stereotiplərdən üstün olmağa kömək edirəm. Mişel və mən qızlarımızın özünə hörməti üzərində işləyirik, onları ikili standartlarla məlumatlandırırıq ki, cins və ya irqə görə narahatlıq yaşamasınlar. Nümunə olmağa layiq insanlara işarə edirik. Bəli, atalarının feminist olması önəmlidir, çünki bütün kişilərdən bunu gözləyirlər.

Mən cinsiyyətçiliklə mübarizəni sırf kişi işi hesab edirəm. Biz kişilər cavabdeh olmalıyıq. Həyat yoldaşları və sevgililərinə gəldikdə, gerçəkdən bərabər münasibətlər yaratmaq üçün çox çalışmalıyıq.


Yaxşı xəbər odur ki, ölkədə və dünyada gənc nəslin qadınların, cinsi azlıqların, transgenderlərin hüquqlarını fəal müdafiə etdiyini görürəm. Cəmiyyət köhnəlmiş və sərt identiklik anlayışlarından tədricən xilas olur. Bu stereotiplər bizə özümüz olmağa imkan vermir. 


2016-cı ilin payızında prezident seçkiləri keçiriləcək. ABŞ-ın yaranmasından 240 il ötür və qadınların nəhayət səsvermə hüququ qazanmasından təxminən 100 il vaxt geridə qalıb. Ölkədə ilk dəfə qadın prezident ola bilər. Siyasi baxışlarınızdan asılı olmayaraq, bu, Amerika üçün tarixi andır. Bu, bərabərliyə aparan çətin yolda qadınların nə qədər irəli getdiyinin başqa bir nümunəsidir.


İstəyirəm bütün qızlarımız, oğullarımız başa düşsünlər ki, bu onların da yoludur. Bilsinlər ki, bu yol asan deyil. Və ABŞ-ın hər uşağın həyatını istədiyi kimi qura biləcəyi bir ölkəyə çevrilməsi yolunda əllərindən gələni etmələrini istəyirəm.


21-ci əsrdə feminizmin mənası- hamımız bərabərik və hamımız azadıq ideyasıdır. 


Barak Obama, ABŞ-ın 44-cü prezidenti

Mənbə: glamour.com

Tərcümə: Aysel Əlizadə - Qadinkimi.com