BURA / ORA
Bal qurbanı olan gənclər - Orxan Şahbaz yazır Tarix : 14 Noyabr 2019, 18:53
Yazar : Qadinkimi.com
Təlimlərin birində kollecdə oxuyan 19 yaşlı qızla tanış oldum. 430 bal toplamasına baxmayaraq istədiyi ixtisasa qəbul olmayıb və kolleci seçib.
İndi həmin qızın aylıq gəliri 1700-2300 arasıdır.

Bu necə baş verib?

Depressiya keçirib, intihar etmək istəyib, hər şeydən bezib, ancaq son anda bir şey yadına düşüb:
"Onun rəssamlıq bacarığı var". 
Səhifə yaradıb, işə başlayıb. Qabların üzərinə milli ornamentlərimizi çəkərək əl işi (handmade) şəklində satış edib, pul qazanıb.
İndi keçmiş problemləri də unudub, yeni həyata başlayıb.

Sevdiyi ixtisası burda oxumaq alınmasa da pul toplayıb xaricdə oxumağı planlayır.

Mənə qəşəng bir cümlə dedi:
-Müəllim, sanki hər şey təkrar dövr edib eyni yerə gəlir və sən o yerdə dayanıb arzuları gözləməli, gələn kimi daha güclü başlamalısan.

Bu sözləri bir çoxunun "mız" qoyduğu kollecin 19 yaşlı tələbəsi dedi. 

17 yaşında bir yeniyetmə az bal yığdığına görə niyə intihar etsin? 

3 əsas səbəb var:
1. Ailənin töhməti 
2. Ətrafın qınağı 
3. İnsani dəyər 

Ailələrin 95%-i övladı "öz arzuları" ilə böyüdür. Yəni sən necə istəyirsənsə, oğlun, ya qızın elə olmalıdır. Çünki dünya görmüş adamsan və hər şeyi yaxşı bilirsən.

Fərqi yoxdu, müəllimindən tutmuş həkiminə qədər belə düşünür. 
Sanki evdə məhsul yetişdirib bazara satışa çıxaracaqlar. 

İntihar edən, depressiya və psixoloji sarsıntı keçirən insanları analiz etsələr, birinci bu səbəb çıxacaq.
Övlada imkan vermək lazımdı seçimlərini etsin. Bəlkə rəssam olmaq istəyir, zorla maliyyəçi edəcəksiz?! 

17 yaşlı Azərbaycan şagirdi ətrafın qınağına məruz qalır. Hazırlığa gedəndə, məktəbdə, qohum-əqrəba içində və hər yerdə yüklənib stress yaşayır. 

Hamı ondan yüksək bal gözləyir, alınmasa, onun "dünyası" dağılmış olacaq.

Niyə belə düşünür? 
Yenə də səbəb "şəxsi seçimlər"dir. 

Yeniyetmə bu seçimləri edə bilmir, daha doğrusu, ona seçim etməyi öyrətmirlər. Bəlkə də cəsarət edib deyə bilmir "ay millət, mən 600 bal yığmaq istəmirəm, bu ixtisası sevmirəm, alınmayacaq". 

Ölkədə insani dəyərlər demək olar mövcud deyil. Kimə əmr verə bilirsən, dediyini edirsə, düz adamdı, etmirsə, başı xarabdı.

17 yaşlı yeniyetmə özünə şəxsiyyət kimi baxa bilmir və hadisələri düzgün analiz edə bilmədiyinə görə özünə də düzgün dəyər verə bilmir.

Eyni problemi mən də yaşamışam.
Yazdıqlarımın hər biri həyatımda olub. Odlar Yurdu Universitetinə qəbul olanda ailədən tutmuş ətrafa kimi "guya yaxşı oxuyurdu, getdi düşdü özələ" deyib qınaq etdi. Ancaq söyə-söyə işlədim, oxudum, əzab-əziyyət çəkdim və sonda öz işimi qurdum. Nə daydaya, nə ətrafa, nə də başqasına ehtiyac oldu.
Xaricdə də oxudum, beynəlxalq dərəcəli təlimçi də oldum və istədiyim hər şeyi etdim.

İndi hamı nümunə göstərir. Bir zamanlar o yüksək bal toplayanlar mənə fenomen kimi təqdim olunurdusa, başıma vurulurdusa, "boyunu yerə soxum" deyilirdisə, indi onların ata-anası "Orxan bala, bunlara da bir iş düzəldə bilərsən?" deyir.

Bütün bunları "bomba oğlan" olduğum üçün demirəm. Sadəcə, keçmişdə eyni problemi yaşamışam deyə baş verən hər şeyin elmi analizini aparıram və insanlara çatdırmağa çalışıram:
"Həyatımız illərdi standartlar üzərindədir. Qəlibləşmiş fikirlərə möhtac olmaqdansa, dağıdın o qəlibləri və müstəqil seçimlər edin". 

Sonda şagirdlərə iki təklifim var:

1."Bal" bilik deyil, göstəricidir. Göstəricinin aşağı olması, biliyin də ona uyğun olması demək deyil.

2. Getmək istədiyin yolu seç və get. Çətinə düşəndə özünə, asan olanda isə ətrafa güvən. Ətraf sadəcə asan şeylərə qaçır, ancaq çətini seçib asanlaşdıran qalib olur.

"Həyat insanı balına görə deyil, halına görə mühakimə edir. Hal-əhvalın, biliyin yüksəkdirsə, həyatın mühakiməsinə qalib gələrsən". 
 
 

Orxan Şahbaz

qadinkimi.com