SƏNƏT
“Bakının Qız qalası” əsəri Sotheby’s hərracında yüksək qiymətə satıldı Tarix : 05 İyun 2019, 22:48
Yazar : Qadinkimi.com
Alman rəssam Paul fon Frankenin "Bakının Qız qalası” əsəri Londonda Sotheby’s hərracında 225 min funt sterlinqə satılıb.

Əsərin başlanğıc qiyməti 60 min funt sterlinq olsa da, əqd zamanı qiyməti 3,75 dəfə yüksəlib. Şəklin alıcısı naməlumdur.

Bu Azərbaycana həsr olunan və məşhur Sotheby’s hərracında satılan ilk lot deyil. Müxtəlif illərdə bu hərracda Azərbaycana aid xalılar, heykəlciklər və digər sənət əsərləri satılıb.

Alman rəssam Paul fon Franken Qafqazı tərənnüm edən rəssam kimi tanınır. Onun 1853-1862-ci illərdə Qafqaza səfəri bir çox rəngkarlıq əsərlərinin yaranması ilə nəticələnib.

Son romantiklər nəslinin nümayəndəsi olan Frankeni Yaxın Şərqin ekzotik gözəlliyi cəlb edirdi. Rəssam bu əsərdə tarixi dəqiqliyi əks etdirməyə özünə məqsəd qoymamışdı, Şərqin sirli atmosferini təsvir etməyə çalışmışdı. 

Əsirlər boyu əfsanə və nağılların baş qəhrəmanı olan Qız qalası rəssamın da marağını cəlb edib və o dəniz sahilindəki bu möhtəşəm gözəlliyi xəyal dünyasından süzərək, ay işığının fonunda təsvir edib.
 
 
 

Mənbə: oxu.az