BURA / ORA
Azərbaycanlı transgenderin hekayəsi: "Niyə biriniz soruşmadı: "Bu gün yatmısan? Üşümürsən ki? Bəlkə gedim sənə yemək alım, acsan?". Tarix : 19 Fevral 2020, 19:59
Yazar : Qadinkimi.com
O, otağa daxil olur. Səliqəli saç düzümü çənbərlə örtülüb. Əynində qalın qəhvəyi jaketin altından hündür boğazlı sviteri görünür.

İlk baxışdan transgender olduğunu heç anlamazsan - nə hərəkətləri kişi və ya "maneralı" geylərə oxşamır, nə səsi.

Yanaqları hamar, sviterin altından qadın sinəsi bilinir. Danışanda, həyacanlanır, jaketinə daha bərk bürünür.

Müsahibimin 28 yaşı var və o, transgenderdir. Həyatının hekayəsini danışmağa razılaşır, amma dönə-dönə deyir: "Bax a, mən ölkəmi təhqir etmək və ya alçaltmaq niyyətində deyiləm".

"Uşaqlıqda rayonda yaşayırdıq. Atam yox idi. Elə uşaq vaxtından davranışım qohumları qıcıqlandırırdı. Dayım hətta dedi ki, get, ananla birgə samandan özünüzə dörd divar tikin, üstünü örtün, qalın orada.

Heç gözü yox idi məni görməyə. Saçım bir az uzanan kimi gəlib tez telimi kəsirdi, qışqırırdı üstümə: "Bu nə görünüşdür? Özünü kişi kimi apar!"

Sonda dözmədim. Qohum-əqraba da məni lap boğaza yığmışdı, görməyə gözləri yox idi. Məcbur oldum qaçım rayondan.

2006-da Bakıya gəldim. Yaşamağa yerim yox idi, bir-iki gecə parkda skamyanın üstündə yatdım.
 


Nə edəcəyimi bilmirdim. Rayonda yaşayanda gözəllik işlərinə meylim var idi. Qəşəng saç düzümü yığırdım. Bakıda da başladım gözəllik salonlarını gəzməyə. Bəziləri elə bilirdi ki, "bomj" gəlib, o, nə bacarar?

Bir salonun sahibəsi yaxşı qadın idi, qovalamadı məni. İcazə verdi bacarığımı göstərim. Soruşdu, fen və digər avadanlığım varmı?

Dedim ki, pulum ancaq xırda cihaz və saç üçün lak almağa çatır, bir mənə icazə versin küncdə oturum, başqa ustalar məşğul olanda mən saç düzümü yığaram, heç kimin çörək pulunu almayacam. Kimdən fen, kimdən dəsmal borc alaram.

Elə-elə, yavaş-yavaş usta oldum. O vaxtlar anam da Bakıya gəldi, xəstəxanaya xadimə işinə düzəldi.

Baxmayın, beləyəm, çətinliklərim çoxdur. Təsəvvür edin, kirayə ev tuta bilmirəm. Anamın adına müqavilə bağlatdırıram. Özüm haqqında da yalan deməyə məcburam.

Deyirəm : "İyirmi beş yaşım tamam olub, sənədimi gərək dəyişim, amma qeydiyyatım rayondadır, siz allah, anamın adına yazın". Bəs nə edim, məni qadın görüb kişi sənədimi görəndə, kim mənə ev verər? Deyərlər, əxlaqsızlıq yuvası açırsan.

Bir ara gözəllik salonu açdım. Köhnə Sovetskidə idi. Müştərilərim də anamın xəstəxanasında işləyən bütün işçilər idi - həkimlərdən tutmuş, sanitarlara kimi.

İşlərim yaxşı gedirdi, həvəslə işləyirdim. Amma imkan vermədilər. Bir gün gəldim, salonun şüşəsində "Petux " yazmışdılar, sildim. Bir sildim, iki sildim. Sonra məhlədəki uşaqlar adət elədilər mən işləyən vaxt qapını açıb nalayiq sözlər qışqırıb qaçırdılar.

Axı ayıbdır, mənim yanıma həkimlər, müəllimələr gəlirdi. Sonra uçastkovı (sahə rəisi) məni yanına çağırıb dedi: "Eşitmişəm, əxlaqsızlıq yuvası açmısan məhəllədə?"

Dedim, rəis, nə danışırsınız? Məgər mən o qədər qudurmuşam, bura o qədər yiyəsiz ölkədir ki? Salondur, verin işlədim.

Dedi, işləmək istəyirsən, aylıq haqqını - əlli manat - gətir mənə. Sərf eləmədi mənə, onsuz da aylıq 700-800 manat çıxırdı qazancım, qaynaq işi olanda - uzağı min manat. Məcbur oldum, salonu bağladım.

Başladım eskort kimi işləməyə. Amma, məsələn, öyrənirlər, bu evdə kim yaşayır, səhəri gün sahə rəisi gəlir. Sahə rəisi də deyir : "Yaşamaq, işləmək istəyirsən - mənə hər ay üç-dörd nəfər ver, mən onları şantaj edəcəm ki, bilirəm, hara gəlirsən, istəmirsənsə ki, səni biabır edim, mənə filan qədər pul ver". Halbuki [bu] insanlar qanuna zidd heç nə etmir.

İndi Bakıda fahişəliklə məşğul deyiləm. Arabir gedirəm Dubaya, orada yaxşı qazancım olur, bir neçə aya çatır. Həm də ki, hərdən saç ustası kimi də məni evlərə çağırırlar.

Sentyabrda nə baş verib?

Sentyabrın 18-i saat təxminən gecə on ikiyə yaxınlaşırdı, rəfiqəmin dostu mənə zəng etdi, dedi, Aygünü (ad şərtidir) gecə klubundan mülki geyimli iki nəfər apardı bölməyə. Mən dərhal 102-yə zəng etdim, məlumat verdim...

Gəldik ... polis bölməsinə. Növbətçi məni çox alicənab şəkildə qarşıladı: "Buyurun, xanım, nə kömək edə bilərik?" Dedim, rəfiqəm buradadır, adını dedim.

Dərhal növbətçinin münasibəti dəyişdi; o biri novbətçiyə qışqırdı: "Əə, biri də özü gəldi, apar bunu da bas içəri!".

Saldılar məni bölməyə, məndən başqa rəfigəm və iki digər trans var idi. Düzdür, döymədlər bizi, amma yemək vermədilər. Düzdür, su istədik, gətirdilər.

Səhəri gün apardılar bizi ...məhkəməyə. Bizdən başqa o biri bölmələrdən də transları gətirmişdilər.

Hakim qanun üzrə bizimlə salamlaşdı və dedi: "Siz hamınız bura polisə müqavimət və ictimai asayışın pozulması üzrə gətirilmisiniz".

Ağzımı açdım ki, deyim: "Mən tutulmamışam, özüm, öz ayağımla gəlmişəm. Həm də ki uşaq vaxtı məni tok vurub, baxın, sol qolum heç qalxmır, mən, maşaallah, o boyda polislərə necə müqavimət göstərə bilərəm?"

Həm də necə olur, bir gecə ərzində o qədər trans şəhər boyu düşdü polislə dalaşmağa? Amma heç kəs məni dinləmədi. Hakim hamımıza iyirmi sutka azadlıqdan məhrum edilmə qərarı çıxardı.

Bizi apardılar ... sutkalığa. İçəridə gördüm ki, bir transın başını əyib, saçını qırxırlar. Məni görən kimi, biri qışqırdı : "Ala, gəl bura".

Kapüşonumu keçirdim başıma, heç istəmirdim, saçım kəsilsin. Axı öz saçım idi, yeddi il onu uzatmışam, belimə çatırdı. Bir baxın görün" - telefonunu açıb, gözəl qızdan heç fərqlənməyən foto göstərir; fotodakı qızın üzü makiyajlı, saçları da həqiqətən kürəyinin üzərinə tökülür.

"Başladım qışqırmağa, haray salıb üzümü dırnağımla cırmaqlamağa - dedim, nəyəsə yarayar.

Dizimin altına təpik vurub yıxdılar məni yerə, alnı aşağı. Qollarımı arxadan bağladılar, daş qırxan maşını keçirdilər saçıma. İçəridəki qızlar "Heyif onun saçına" deyib ağladılar.

Mən o ana qədər heç düşünmürdüm ki, saçlarım mənim üçün nə qədər əhəmiyyətlidir. Saçsız mən gey oğlana oxşayıram. Məni qadın edən elə saçım idi.

Polis idarəsində saxlananlar arasında cinsin dəyişməsi üzrə əməliyyat keçirən bir xanım da var idi. Onu da trans adı ilə tutmuşdular, amma onun saçını qırxmadılar.

Polislər çox təəccüblənirdilər, nə cür kişi qadın ola bilər, dəqiqə başı deyirdilər : "Şalvarını çıxar, baxaq görək, nədir orada". O da məcbur olub, çıxarırdı. Əslində qadınları qadın polis yoxlamalıdır, kişi yox.

İki nəfərlik kamerada yeddi- səkkiz nəfər idik, yerdə yatırdıq. Soruşduq: "Bəs yemək necədir? " "Yaxşıdır, - dedilər, - nazirlikdən gəlir ".

Gətirdikləri bilirsiniz, nə idi? Bax, o "Rollton" tez bişən makaron var e, bax o, gətirdikləri yeməyin yanında toylarda verilən şah plovu idi.

Tamamilə duzsuz, dadsız suda bişmiş makaron və bir dilim çörək. Bu, mənim vətənimə heç yaraşmayan davranış idi, əsla və əsla bu, nazirlikdən heç gələ bilməz.

Üstündən iki gün keçdi. Hər qapı açılanda başıma min fikir gəlirdi. Düzdür, döymürdülər, amma alçaltmağa çalışırdılar. Kobud şəkildə : "Ə, çıxın çölə! Petux! " qışqırırdılar.

Arada guya ki qanımızı yoxlayırdılar. Bir gün çıxardılar, dedilər : "Sən bilirsən, xəstəsən? Səndə sifilis var. Buradan çıxanda gedərsən, dövlət hesabına müalicə alarsan".

Mən qisa müddət bundan əvvəl rinoplastika əməlliyatı keçirəndə qanımı yoxlatdırmışam və tamamilə sağlam idim. Bu nə dərəcədə düzgündür, mənə bu şəkildə yalan məlumat vermək?

On yeddi gün oturduq içəridə. Bir gün kameramıza rəis gəldi, dedi: "Bütün arvad geyimində, kişi geyimində olan tanışlarınıza deyirsiz, kimi çöldə, bayırda gördüm, tutub basacam içəri. Oturun evlərinizdə, nə edirsiz, edin".

"Mən də prezidentə səs vermişəm"

İndi mən öz vətənimdə küçədə gəzməyə qorxuram. Mən illərlə arzulayırdım, özümə ev alım, balaca bir yuva qurum. Düşünürdüm :"Burada televizorumu qoyacam, burada soyuducu ".

İndi bu evimi satıb getmək istəmirəm. İstəyirəm adam tapım, mənə kömək etsin, Mehriban Əliyevaya məktub yazmaqda.

Biz də insanıq, mən də, on səkkiz yaşım tamam olan kimi, prezidentə səs vermişəm. İndi yeganə ümidim onadır. Necə ki, ailənin ağsaqqalı olur, o da ölkənin ağsaqqalıdır.

Ölkəni tərk edəndə, hərdən aeroportda olur ki, ləngidirlər - keçmiş görünüşümlə bağlı. Sənədlərim kişi adınadır.

Asan xidmətə də gedəndə, öncə "Salam, xanım, buyurun" deyirlər. Sənədimi verəndə isə, görürəm, başlayırlar pıçıldaşmağa, gülüşməyə.

Mən başa düşürəm, biz insanlar üçün maraqlıyıq. Amma biz də, hamı kimi, səhər durub, çörək yeyirik, axşam yatırıq və doqquz ay anamızın bətnində olmuşuq.

Bu pıçıldaşma, söz atma mənim də xətrimə dəyir. Nə qədər məni ictimai nəqliyyatda itələyiblər, döyüblər, təhqir ediblər. Telefon da çıxarıb çəkiblər.

Bir dəfə küçədə axşam vaxtı şaurma alırdım. Yaxınlaşdım pəncərəyə, məndən əvvəlki oğlan "Buyurun, xanım!" sözləri ilə geri çəkildi. Mənim arxamnan satıcı isə dodaqları ilə "O, xanım deyil" göstərdi.

Mən belə olmağımı seçməmişəm. Mənim iyirmi səkkiz yaşım var, normal olsaydım, indi rayonda yaşayıb evlənmişdim, bəlkə indi uşağımı məktəbə aparardım.

O qədər söz eşitmişəm ki! Avtobusda döyüb, itələyiblər məni. Hamı məni gey bilirdi.

İki il bundan əvvəl artıq daimi qadın paltarında küçəyə çıxdım və özümü tam rahat hiss etdim. Mən özümə sinə əməliyyatı etdirdim ki, özümü qadın hiss edim və rahat yaşayım.

Bölmədə də məndən soruşurdular: "Sinəni neçəyə düzəltmisən? Saçın özününküdür? Evdəkilər bilir ki, "petuxsan"?" Deyirəm: "Niyə biriniz soruşmadı: "Bu gün yatmısan? Üşümürsən ki? Bəlkə gedim sənə yemək alım, acsan?" .

Deyirlər: "Siz aqressivsiniz". Təsəvvür edin, bir insan dovşan ağzı ilə dünyaya gəlib. Onun təqsiri yoxdur ki. Amma sən ona dəqiqə başı "dovşan ağız, dovşan ağız!" desən, o da aqressiv olacaq.

Vaxt var idi, mənim televiziyada tanışlarım var idi. Neçə dəfə demişəm, imkan yaradın, çıxım kamera qarşısına, dərdimi danışım. Amma mənə "Sizə çıxmağa icazə yoxdur ", cavabı verirdilər.

Bəziləri, geylər, translar, qərar verir ki, Azərbaycandan getsin. Amma mən belə istəmirəm. Vətənimi sevirəm.

Xaricə getsəm, bir aydan artıq qala bilmirəm, təyyarədən düşən kimi diz çökməyə hazıram. Təsəvvür edə bilmirəm özümü başqa ölkədə.
 
 

 
Mənbə: bbc.com
qadinkimi.com