SƏNƏT
Azərbaycanlı rəssam Tamilla Həsənovanın Parisdə fərdi sərgisi açılıb Tarix : 07 Oktyabr 2018, 21:33
Yazar : Qadinkimi.com
Keçdiyimiz günlərdə Azərbaycanın Fransadakı səfirliyi və Fransa Azərbaycan Dialoqu Assosiasiyasının dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Tamilla Həsənovanın "Azərbaycanda tətil” adlı fərdi sərgisinin açılışı olub.

Gənc rəssam Azərbaycanı xarici publikaya tamamilə yeni ab-havada təqdim edərək öz qeyri-adi konsepsiyası ilə hər kəsi heyran edib.  

ADFA-nın vitse-prezidenti Loran Pultye dü Menil sərgi haqqında təəssüratlarını bölüşüb. Sərginin Azərbaycanı daha da yaxından tanımağa imkan yaratdığını bildirib.

Rəssamın nümayiş olunan "Zirvələri fəth edərək”, "Bakı buxtası”, "Bakı küləyi”, "Müasir şəhərin ruhu”, "Tarixə malik şəhər”, "Şirvanşahlar sarayı”, "Səadət sarayı” kimi əsərləri sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Bu əsərlər zamanın ruhunu, sevimli ölkəmizin cazibəsini, isti mühitini eləcə də tarixini, təbiətini və bu gününü əks etdirir. Xüsusilə, Bakı şəhəri ilə bağlı rəsm əsərlərini maraqla seyr edən sənətsevərlər ölkəmizə səyahət etmək arzusunda olduqlarını bildiriblər.

"Mənim üçün ruh, aura və emosiyaları ötürmək çox vacibdir. Çünki rəsm əsərində yalnız gözlə görünən, duyulan deyil, həmçinin daxildə gizlənən izah oluna bilməyən bir sirr yatır. Azərbaycan məhz belədir: onu sözlərlə ifadə etmək olmur. Onu yalnız hiss etmək lazımdır…” deyə gənc rəssam bildirib.
 




 

Paris sərgisi rəssamın Avropada təşkil olunacaq silsilə fərdi sərgilərinin başlanğıcı oldu. O, Bakıda üç fərdi sərginin, eləcə də ölkəmizdə və onun hüdudlarından kənarda təşkil olunmuş kollektiv sərgilərin iştirakçısı olub.

Qeyd edək ki, T. Həsənova Moskvada Art Biznes və Antikvariat İnstitutunun "Sənətşünaslıq və antikvar əşyaların atribusiyasının əsasları” fakültəsini, sonra V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunu, eləcə də Q.V. Plexanov adına Rusiya İqtisadiyyat Universitetini bitirib. O, cilalanmış almazların qiymətləndirilməsi üzrə ekspert diplomuna malikdir. Rəssamın əsərləri müxtəlif fərdi kolleksiyalarda saxlanılır.