SƏNƏT
Azərbaycanlı qadın dünyanın harasında yaşasa, azərbaycanlı olaraq qalır - (müsahibə) Tarix : 25 Sentyabr 2018, 11:05
Yazar : Qadinkimi.com
Qadinkimi.com kolleksiyaçı Siyavuş Əlizadə ilə Flora Hüseynovanın müsahibəsini təqdim edir.

Siyavuşu çoxdan tanıyıram. Tanıdığım bir gündən də maraq dairəsinə heyran qalmışam. Çox az gəncin edə biləcəyi fədakarlığı bacaran, vaxtını və pulunu çox sevdiyi  kolleksiya yığmaq marağına sərf edən Siyavuşla illər sonra yenidən söhbət etmək çox xoş idi.

Siyavuş muzeyin aqibəti  nə yerdədi?
 

- Hələlik necə deyərlər, hal – hazırda donmuş vəziyyətdədir. 120 kvadrat metr yerdə yerləşir və mənim öz yerim deyil. Bu sahə də müzey üçün çox kiçikdi.  Çünki get - gedə ekspontların sayı çoxalır. Böyük bir binaya, əsil muzeyə ehtiyac var.

Axı sənə yer verilirdi bir vaxtalar muzey üçün.

- Düzdü, elə bir söhbət var idi, amma mən o işin alınmamağına, necə deyərlər, sevindim. Çünki alınsaydı, çox balaca bir məkan olacaqdı. Sonradan yeni bir yer ala bilmək şansım olmayacaqdı. Ən pisi də o idi ki, eksponatların əlimdən alınma  ehtimalı var idi. Mən illərdi bu eksponatları toplayıram və bir imzaya, ya da bir məkana görə onlar mənim əlimdən çıxa bilərdi. Eksponatlarım hələ ki, məktəbdə yerləşir - Şağan qəsəbəsində. Məktəbin müdiriyyətinə  göstərdikləri bu dəstəyə görə təşəkkürümü bildirirəm. 

18 ildi bu eksponatları yığırsan Siyavuş, nə qədər pul xərcləmisən?

- Özüm 40 min manata qədər pul xərcləmişəm, amma bu axır illərdə Gənclər Nazirliyi mənə 8 min 500 manat pul ayırdı, onlara öz minnətdarlığımı bildirirəm. Xərclədiyim məbləğ təqribən 50 min manatdı. Mən başqa gənclər kimi pulu geyinməyə, yeyib – içməyə, gəzməyə deyil, eksponatların əldə olunmağına sərf etmişəm. Kimsə məndən soruşanda ki, sənin bu işdə maddi marağın nədi, pis təsir edir. Çünki bu iş mənim ruhumun istəyidir. Onu qazanc üçün yox, sevərək edirəm. İlk zamanlar başlayanda yaşım da az idi. Heç bir şey düşünmürdüm. Bircə onu bilirdim ki, bunları toplamaqdan zövq  alıram.  Sonralar  zaman keçdikcə və yaşım artdıqca gördüyüm işin mahiyyətini anlamağa başladım. Qeyd etdiyim məbləğ də sadəcə xərclənən məbləğdi. Bu müzeyə daxıl olan eksponatların əsil dəyəri deyil. Mənə çoxlu hədiyyələr də olub. Onların çox böyük dəyəri var. Əslində ödədiyim vəsaitin çoxu da simvolik xarakter daşıyıb.  Çünki mənim əldə elədiyim eksponatların əksəriyyətinin həddən artıq çox qiyməti var.   

Nə ilə başlamısan bu işə və neçə yaşında? 

- Mən bu işə 12 yaşımdan başlamışam  bir xobbi kimi. Numizmatika və bonistika ilə başladım, kağız və dəmir pulların, sikkələrin toplanması ilə. Heç ağlıma da gətirməzdim ki, bu xobbi belə irəli gedəcək və mənim kolleksiyamda 110- a yaxın rəssamın işi olacaq. Eyni zamanda qədim əlyazmalar, külliyatlar, etnoqrafik əşyalar da daxildir.  Artıq maraqlı heykəl nümunələri də toplamağa başlamışam, düzdü, bu daha bahalı bir xobbidi, amma heykəllərin çox xoş aurası var.

Bütün bunları necə saxlayırsan təkbaşına, köməkçin var?

- Yox, köməkçim yoxdu, dostlar sağ olsun. Gəlib kömək edirlər. Amma bu elə bir işdir ki, bütün bunların dəyərini mənim qədər bilən biri lazımdı. Çox dəyərli nümunələr var ki, çox kiçikdi, amma dəyəri böyükdü. Nə vaxtsa istədiyim məkan olsa, bu müzeyi yerləşdirmək üçün yığdıqlarımın saxlanıb qorunması da daha rahat olar.  Yaratdığım muzey nə  vaxtsa xalqıma, millətimə qalacaq.  Bir haşiyəyə çıxım.  Bəzən müzeylərimizdə çox kobud şəkildə imitasiyalara rast gəlirəm. Təbii ki, bu müzeyi doldurmaq üçün atılan xoşəgəlməz  addımdı. Amma, bizdə elə kolleksiyaçılar var ki, onları heç kim tanımır. Gəncədə Məzahir adlı bir kolleksiyaçı var. Onun kolleksiyasından çox orjinal bir numizmatika müzeyi yaratmaq olar. Amma heyiflər olsun ki,  bu işlə kimsə məşğul olmur. Mən muzeyimi tanıtdırmağa çalışmışam deyə bu haqda az da olsa xəbəri olanlar var. 
Elə kolleksiyaçılar var ki, bir - iki dəfə müəyyən yerlərə müraciət edib dəstək görməyəndən sonra həvəsdən düşürlər. Mən əsla həvəsdən düşməyəcəm və 
istədiyimə nail olacam. 

Mən buna əminəm. Əslində, sənin kolleksiyan haqqında da, yazdığın  "Şağan və Şağanlılar”, "Bakılılar belə danışır”  kitabların haqqında da çox geniş danışmaq olar və danışılıb da. Məni ən çox maraqlandıran və saytımıza da ən çox uyğun olan neçə illərdi üzərində işlədiyin  "Yüz bir azərbaycanlı qadın”  kitabı haqqında danışmağını istərdim.

- Bu kitabı təkcə Azərbaycanda yox, bütün dünyada yaşayan azərbaycanlı qadınlar haqqında yazıram. Bura İranda, Türkiyədə və ümumilikdə dünyanın bütün olkələrində yaşayan və qeyri - adı istedadı olan məşhur azərbaycanlı qadınlar daxildi. Mənim ən böyük arzum məşhur fotoqraf, dizayner Şirin Neşat ilə tanış olmaq idi. Bakıya gəldiyində onunla görüşmək mənə nəsib oldu. Dünyada yeganə Azərbaycan türk mənşəli qadın kraliça Fərəh Pəhləvi çox maraqlı şəxsiyyətdi. Keçən il ad günümdə hədiyyələr göndərmişdi, bu, məni çox xoşbəxt elədi. Bu cür qadınlarla tanış olduqca, onlar haqqında məlumat topladıqca qərara gəldim ki, mütləq bu qadınlar haqqında kitab yazmalıyam. İran tarixini, türk tarixini araşdıran Fransada yaşayan Fariba xanım diqqətimi çəkdi. Dilşad Elbrus - nüvə haqqında araşdırma aparan ilk azərbaycanlı qadın, Nobel mükafatı alan Şirin Ebadi, 6 dil bilən poliqlot xanım Şirin Hünter.  Bütün siyahini açıqlamaq istəmirəm. Qeyd edim ki, Nəsibə xanım Zeynalova da siyahidədi. Təbii ki, Nəsibə xanımla yanaşı Azərbaycanda yaşamış bir çox məşhur qadın kitabda yer alıb. Əvvəlcə onların sayı 300 nəfər idi. Araşdırıb 101 xanım saxladım. Mənə bir çoxları irad tutur ki, niyə filankəslərin adı da var.  Bəli, bu çox  məsuliyyətli işdi. Çünki  siyasi, mədəni nüanslar çoxdu. Diqqətli olmaq lazımdı. Çox tərəddüd etdiyim qadınlar vardı.  Seçim zamanı onların adını saxladım.  Düşünürəm ki, elə bu da kitabı daha samballı edəcək. Azərbaycanlı qadın dünyanın harasında yaşasa da, hansı dövlətə məxsus olsa da,  azərbaycanlı olaraq qalır və bir azərbaycanlı kimi onu bu kitaba salmağı özümə borc bilirəm.

Neçə ildi bu kitab üzərində işləyirsən?

- 7 ildi... 7 ay da işləsəm bitirərəm. Çünki əsas işlər görülüb. Artıq məlumatlar toplanıb, işlənilib. 7 il az müddət deyil. Özümə borc bildim və çox həvəslə işlədim.  

Sənə bu işdə uğurlar arzu edirəm , ölkənin ilk feminist qadın saytı olaraq bu kitabın işıq üzü görməsini səbirsizliklə gözləyəcəyik.

P.S.Bir gəncin bu qədər iddialı olub, belə çətin işlərin öhdəsindən gəlməyinə ancaq sevinmək olar. Siyavuş Əlizadə, yolun açıq olsun! 

Hazırladı: Flora Hüseynova