Almaniyanın Limburq şəhərində azərbaycanlı ər həyat yoldaşını və qızını bıçaqlayıb. Hadisə Limburq şəhər vağzalında yerləşən kafelərdən birində qeydə alınıb. Belə ki, 37 yaşlı azərbaycanlı ayrıldığı həyat yoldaşı ilə israrla barışmaq və qızını görmək üçün görüşmək istədiyini deyib. Tərəflər razılaşıblar, "Bahnhofplatz”dakı kafelərdən birində baş tutan görüş zamanı ər həyat yoldaşına aldığı hədiyyəni təqdim edib. Lakin ikinci bunu qəbul etməyib. Bu söhbət bir qədər sonra mühabisəyə çevrilib. Qəzəbli ər mətbəx bıçağı ilə həyat yoldaşını və 10 yaşlı qızını elə kafedə bıçaqlayıb.
Hadisə yerində təcili yardım çağrılıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Qadının yaraları ağır olduğundan əməliyyat olunub və həkimlər onun həyatını xilas edə biliblər. 10 yaşlı qızın yaraları yüngül olub və əməliyyata ehtiyac olmayıb.
İstintaq materiallarında qeyd olunur ki, azərbaycanlı ailə 12 il əvvəl Almaniyaya gəlib. Onların ailə səadəti cəmi 5 ay çəkib. İddialara görə, ər həyat yoldaşın tez-tez döyürmüş. Boşanmaqla bağlı məhkəməyə müraciət edən qadın əri tərəfindən tez-tez şiddətə məruz qaldığını, 10 yaşlı qızının bundan təsirləndiyini hətta, bu barədə məktəbin psixoloquna danışdığını bildirib. Məhkəmə qadının boşanma istəyini qeydə alıb.
Azərbaycanlı ər bundan sonra bir neçə dəfə keçmiş həyat yoldaşı ilə görüşmək istəyib.
Hazırda 37 yaşlı azərbaycanlı haqqında cinayət işi açılıb, yaxın günlərdə istintaqın yekunlaşacağı və işin məhkəməyə təqdim olunacağı deyilir. O, iki və daha çox adamın həyatında qəsddə ittiham olunur.
Mənbə: azeuronews.com