Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, "Şöhrət” və "Şərəf” ordenli akademik Ədilə Namazova ömrünün 94-cü ilində vəfat edib.
Azərbaycanın ilk qadın pediatr alimi, istedadlı pedaqoq, Ədilə Əvəz qızı Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.
Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.
1965-ci ildən Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışıb. Həmin il tibb elmləri doktoru dərəcəsini, 1966-cı ildə isə professor elmi adını alıb.
Professor Ə.Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifi idi.
Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Ə.Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. Ə.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Həmçinin Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvü olub. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinə sədrlik edib. 1983-cü ildə AMEA-nın həqiqi üzvü seçilib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Ümumdünya Pediatrlar Assosiasiyasının rəyasət heyətlərinin üzvü, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidenti, Avropa Pediatrlar Assosiasiyasının üzvü olub. Eyni zamanda SSRİ Ali Sovetinin deputatı seçilib.
Akademikin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən daima yüksək qiymətləndirilib. O, Azərbaycan SSR Dövlət mükafatına (1982), Əməkdar elm xadimi (1982) fəxri adına, "Şöhrət” (1996) və "Şərəf” (2011) ordenlərinə, "Akademik M.Topçubaşov mükafatına və medalı”na (2005), Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna (2016), AMEA-nın "Akademik Mirəsədulla Mirqasımov mükafatı”na (2016), Rusiya Pediatrlar İttifaqının "Akademik G.Speranski medalı”na (2016) və digər mükafatlara layiq görülüb.
Xeyirxah və alicənab insan, görkəmli alim Ədilə Namazovanın parlaq xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.
İşıqlı Azərbaycan xanımının ziyasını həmişə duyacayıq.
qadinkimi.com