MƏHSƏTİ GƏNCƏVİ
Rübailər
Qəm şadlığa çevrilər sənin lütfündən,
Daimi olar ömür dönüb baxsan sən.
Çatdırsa yanından ora yel bir torpaq,
Düzəxdə olar həyat suyu od birdən.
***
Zülm etsə mənə çörəkçi dilbər hərgah,
Kin ilə deyil, naz ilə eylər gah-gah.
Qaldım qəminin əlində mən sanki xəmir,
Qorxum budur: atsın oda yarım nagah.
***
Püstəndə gülüşlər gəzir, ey dilbər, bax!
Bir gün kimidir üzün, gözəldir, parlaq!
Gördüm ki, yonur, rəndə çəkirsən gah-gah,
Yoxdur sənə bənzər yonulu heç ancaq.
***
Arvadla kişini bağlayır kəbin,
Bu işə yol verir şəriət, ayin,
Mənimsə kəbinim bir rübaidir!
Varmı bu kəbinə yol verən bir din?
X. Yusiflinin tərcüməsi.
XURŞİDBANU NATƏVAN
Bahar əyyamıdır, açıldı güllər, ey cavan sənsiz!
Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?
Şamadət eyləyir duşmən mənə hər dəm və hər saət,
Mərəz artır dəmadəm, varə-varə, hər zaman sənsiz.
Nə umidim vüsalə, nə fəraqə tabu taqət həm,
Gözümdə tirəvu tar oldu, billah, bu cahan sənsiz.
Sən əyləş hur ilə, eylə həmişə eyşu - işrət kim,
Dəmadəm mən cəkim, dildən edim ahu fəğan sənsiz.
Yetişməz başə, Abbas, ömrüm axır bir tamam olsun,
Kecər hər bir dəqiqə ildən artıq, əlaman sənsiz.
Bu gün eydi-şərif oldu məgər sən bixəbərsənmi?
Güman etmə ki, işrət icrə əylənsin anan sənsiz.
Guli-ruyindən ayrı neylərəm mən gülüstan seyrin?
Edər bülbül kimi nalə bu zaru Natəvan sənsiz.
XANIM İSMAYILQIZI
Çox şey istəmirik
Çox şey istəmirik ki...
Bir az əmin-amanlıq...
Adamlardan adamlıq...
Diriləcək insanlıq...
Çox şey istəmirik ki...
Çox şey istəmirik ki...
Göz görəsi uzaqlıq...
Əllər çatan yasaqlıq...
Bir azca da azadlıq...
Çox şey istəmirik ki...
Çox şey istəmirik ki...
Sığal çəkən havalar...
Rahat olan yuvalar...
Bitə bilən davalar...
Çox şey istəmirik ki...
Çox şey istəmirik ki...
Ürəyimizə təpər...
Kədərimizə çəpər...
Açıla bilən səhər...
Çox şey istəmirik ki...
Çox şey istəmirik ki...
Yaşamaq üçün həvəs...
Dolanmaq üçün nəfəs...
Səslərə səs verən səs...
Çox şey istəmirik ki...
Çox şey istəmirik ki...
Ölümü dayandırmaq...
Haqsızlığı yandırmaq...
Ruhları oyandırmaq...
Çox şey istəmirik ki...
SEVİL ÜLVİ
İnsan yarat
Gerçəklərdən daha çox,
Nağıllara inandıq.
Göydən düşən almanı,
Allahın payı sandıq.
Salxım-salxım dərdilər,
Qismətimi budaqdan.
Sonra asılan gördüm,
Qonşunu o ağacdan.
Yorulmuşam yuxumu,
Sulara danışmaqdan.
Özüm-özümdən küsüb,
Yenidən barışmaqdan.
Bu nə yoxsulluq, Allah?
İnsan insan axtarır.
Kimi əlin, ayağın
Kimi vicdan axtarır.
Kimsəsizəm, tənhayam
Allah yaxşı ki, varsan.
Hərdən bir İNSAN yarat,
Bilim ki, hələ sağsan.
RƏBİQƏ NAZİMQIZI
Hələ də
Səni ömrümə alandan
günlərin rəngi dəyişib.
Göyün sərhədi dəyişib
yerin ahəngi dəyişib.
Sevincimə, kədərimə
adını qoyub yatıram.
Nə sənə qəm göstərirəm,
nə işvə, nə naz satıram.
Mən ki "həsrət, hicran” deyib
yaxa cıran deyiləm,
Öz vaxtımı gözləyərəm,
"gəl” deyərsən, gələrəm.
Istəyərsən, oynayaram
faciə də, dram da.
Təlxəklik də bacarıram -
könlünü alaram da.
Səni küçə-küçə gəzib
izləməyin nə adı?
Nə fərqi var gecələrin,
gündüzlərin hardadı…
Şəhərin uzaq küncündən
gəlib çatır nəfəsin.
Çiynimdən qoxun gəlirsə,
hələ də mənimləsən.
AYSEL FİKRƏT
Özün kimi qal
Sən hamıdan biri, heç kəsdən biri,
Sən hər kəsdən biri olmamalıydın.
Sən ömrümə gələn sevincim idin,
Sən günəşdən əvvəl doğulmalıydın.
Sən gedəndən biri, ötəndən biri,
Sən yetəndən biri olmamalıydın.
Sən mənim ən dərin, ən içdən gələn,
Ruhunla canıma dağılmalıydın.
Sən mənim ömrümdə heç demədiyin,
Heç söyləmədiyin sözün kimi qal.
Sən hamıdan biri olursan onsuz,
Mənim ürəyimdə özün kimi qal.
KAMALƏ ABİYEVA
8 MART
Bu gün hər qəmini soyunub dünya,
Çaylar gülüş olub dodaqlarında.
Təbəssüm donunu geyinib dünya
Sevinc gözü dolub bulaqların da.
Ulduzlar axışır bu gün torpağa,
Qadın gözlərindən nur qoparmağa.
Günəş də göylərdən enibdi yerə
Qadın ürəyindən od aparmağa.
Dünya sağlıq deyir qadın şəninə,
Dənizlər əlində piyaləsidir.
Bu gün qadınların qədəmlərinə
Səpilən dağların şəlaləsidir.
Bu gün təravətə dönübdü çöllər,
Bu gün səadətə bürünüb ellər.
Məhəbbət, gözəllik çələngi kimi
Bu günü saçına taxıbdı illər.
qadinkimi.com