SƏNƏT, BİLİM / DİN
Azad Mirzəcanzadə fenomeni Tarix : 26 Dekabr 2020, 09:22

"Mən düşünürəm ki, insanların çoxu bədbəxtliyə savadsızlıqdan yox, sadəlövhlükdən düçar olurlar. Bu cəhət mənim xalqıma xasdır. Çox vaxt öz səhvləri ucbatından bədbəxtliyə düçar olduqlarını düşünənlər, buna eynən düşünülməmiş addım atdığını dərk etməyən uşaqlar kimi sadəlövhlük üzündən düçar olduqlarını anlamırlar. İlk növbədə özüm haqqında demək istəyirəm. Mən orta adamam, lakin peşəkaram. Bizdə məndən xeyli istedadlı adamlar var, lakin onların bəzilərində dözüm və səbr çatmır. Mən hesab edirəm ki, Azərbaycan istedadların sayına görə bütün sivil ölkələri qabaqlayır”. Bu dəyərli fikirlər dünya şöhrətli neftçi alim Azad Mirzəcanzadənin müsahibəsindən götürülmüşdür. Bütövlükdə həmin müsahibə E. Şahbazov və E. Kazımovun müəlifi olduqları "Akademik Azad Mirzəcanzadə-Neft elminin fenomeni” kitabında verilmişdir.

Kitabın annotasiyasında qeyd olunduğu kim təqdim olunan monoqrafiya XX-XXI əsrlərin dahi Azərbaycan alimi akademik Azad Mirzəcanzadənin həyat və yaradıcılığına, pedaqoji fəaliyyətinə, neft sənayesində fundamental işlərinə, elmi əsərlərinə həsr olunmuşdur. Dünya neft elminə xüsusi töhfələr vermiş Azad Mirzəcanzadə öz fəlsəfi dühası, fitri istedadı və ensiklopedik bilgiləri ilə bu gün də fenomen olaraq qalmaqdadır. Ömrünün son illərini neft sənayesində nanotexnologiyaların yaradılması ideyasına həsr edən alimin tələbləri elmi cəhətdən bu gün də ciddi şəkildə araşdırılır və tətbiq olunur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın elmi redaktoru AMEA-nın akademiki İbrahim Quliyevdir.

Akif Əhmədgil