Ayxan Ayvazın BURİ-si - Ramin Hacılı həbsxanadan yazır Tarix : 24 Sentyabr 2018, 13:51
"Buri” gürcü dilindən tərcümədə çörək deməkmiş. Çörək insan övladının birinci ehtiyacı, müqəddəsləşdirib süfrənin başına qoyulan əsas Şərq nemətidi. Etiraf etməliyəm: "Tanrı kimisə çörəklə sınağa çəkməsin!” 

Tarixə baxıram: 12.09.2018. Qanunsuz həbsimin 100-cü günü... İnauqurasiyası yüzüncü  gününə düşən  dövlət başçıları, yüzüncü günündə hesabat verən prezidentlər, bir də "Yüz ilin tənhalığı”, "Gün var əsrə bərabər...” Ağlıma əl gəzdirmək üçün qeydlərimə - BURİ kitabına baxıram. 

Ayxanın hekayələri üzərində ən çox gözəl bənzətmələri işarələmişəm. Möhtəşəmdir. Klassikləri bizə sevdirən söz bağlamaları, stilistika, canlı sətirlər... Ən sevdiyim bir nüans da söz oyunlarının olmaması... Bu məni Ayxan Ayvazla doğmalaşdırdı...

Dialoq üçün bir hekayəsini oxumaq yetmir, biləsiniz. Tək-tək mehriban səhifələri mütaliə edərək axtarışında olduğum ictimai yükü tapa bilmədim yalnız.

Hekayə, roman, poema, povest... nə nədi, janra görə böyük mənada necə seçilir, billmirəm.   

Ancaq onu da bilirəm ki, "Uğur hekayəsi” də "həyat hekayəsi” də mövcuddur. 

Yaxşı, Ayxan, gəl, bir yeni il üçün saxlanılan çaxırın ağzını aç, mən də mətnaltıları deyim. On dörd hekayəni oxuyub "kaş” dediyim anlar vardı. İkinci Mahmudun "Donuz bataqlığı”nda  tapa bilməyib "Tualet kağızı”nda kəşf etdiyim ictimai maarifçilik gözümə dəymirdi. Bəlkə yazılarınla tam tanış olub "kaş” deməyimi əbəs sayacam. İndilik dinləyicim olmanı istərdim. 

Bir real hekayə nəql edirəm. Səndə olan istedad üstü duyum ilə obrazlaşdıra biləcəyin mövzulardan biridi, buyur: 
Kürdəxanı adlanan həbsxanada hücrəmizə  27 yaşlı gənc oğlan gətirdilər. İki qardaşı şəhid, bir bacısı və atasını uşaqkən itirən, barmağı olmadığı üçün hərbidən 12-ci günündə təxris olunan, ciyərinə su yığılmış, bir gözü tamamən görməyən, digər gözü hər gün zəifləyən, çəlimsiz bir gənc... Himayəsində iki dəfə infarkt keçirmiş qoca anası, yoldaşı, iki azyaşlı uşağı. Fəhləliklə 12 yaşından doğmalarına yarımağa çalışan həmvətənimiz. Məktəb üzü görməyən, yazıb-oxumağı bilməyən avam kənd uşağı... Cinayəti o qədər gülməlidir ki, yazıb kədərli notları dəbərtmək istəmirəm. Müstəntiq ona 4 ay həbs cəzası verdirib göndərib zindana. Daha 3 ay da istintaq müddətində həbsdə qalasıdır. "Ey gənc, neyləməlisən?” - soruşdum. "Gözləməliyəm” – dedi. "Neçə gün sayacan?” – sualını zarafatla ünvanladım. Ciddi görkəm alıb, qaşlarını çatıb hesablamadan "210 gün” dedi. Hə, məhbus, axı gün sayma işin görür həm də...Bunu çox yaxşı bacarır.

- Yaxşı, qaqa, nə səbəbə burdasan?

- Üç səbəbi var. Birincisi, azərbaycanlıyam. İkincisi, Azərbaycanda yaşayıram, üçüncüsü, məni tutanlar azərbaycanlılarımdı. 

- Əşşi, yaxşı, vətənimizə söz demə!

- "Ən xoşbəxt azərbaycanlı vətənindən uzaqda yaşayan azərbaycanlıdı!” deyimini mən uydurmuşam?!

- Doğrudan e, bu 210 günün 10 gününü sənə həsr etməyəcək müstəntiq bu qədər işi niyə istəyib? Nəyə görə edib bunu?

- ...

Bizim sözümüz bitdi, Ayxan. Siz danışın...

Bu ölkədə yazıçılar danışmalıdı artıq.  Fəallar yox, siyasətçilər yox.  

Avropa renessansından bilirik ki, ayındlanma çağının bənnaları yazı, fikir adamlarıdı. Humanizmin təntənəsini vətənində görmək istəyənin arzusu kimi qəbul et bunu, lütfən...

AR Cinayət Məcəlləsində olan cəzanın ağırlıq prinsipi effekt vermir. Dövlətçilik ənənəsinə görə istinad etdiyimiz ölkələr hansı nəticəyə gəlib? Nəticəni doğuran sürəc necə keçilib? Niyə hümanizm cəmiyyətdə cinayətin sayını azaldır?

Ayxan, bu mövzuları ölkəmizdə trend et. Bu, hamımızın borcudu.

Hələ bir də o düha ilə niyə bəşəri dəyərlərin təbliği, ictimai peyvəndin tətbiqi ilə məşğul olub Nobeli ölkəmizə gətirmirsiniz? 

Həmvətəninin qazandığı uğura baxıb bəxtəvər olmağı biz də haqq edirik, axı. 

Bu ara "ziyalı” deyəndə ilk ağlıma gələn şəxsiyyət Xudu Məmmədovdu, onun sözü ilə rəngləmək istərdim yazını: "Aydın odur ki, xalqın dərdlərini özünə yük etməyi bacarsın, məişətin fövqündə dursun və ən başlıcası, məsuliyyətli vətəndaş olsun!”

Daha bir rəng daha tünd görünür: "Dövlət vətəndaşını humanistliyi ilə qazanar, cəzasını sərtləşdirərək itirər”. Rəngsaz Çörçilldi.

Avropa yanaşmasında tələb olunan peşəkarlıq nədi? Nizami Gəncəvinin dediyi kimidi -  "yarımçıq  palançı olmaqdansa, kamil papaqçı olmaq yaxşıdı!”

Hə, dahi Nizaminin dediyindən başqa bir şey deyil avropalının etdiyi. Heç Avropada yaşanan intibah da Nəsimi düşüncəsindən uzaq deyildi. Biz deyirik, onlar isə edir. Biz onu da deyirik ki, "mollanın dediyini et, etdiyini təkrarlama!”

Hayqırmaq üçün forma axtarırıq. Sözümüzü bizə udduran, Nəsiminin doğruya görə soyulması, yoxsa Nəiminin parçalara ayrılması, yoxsa daha çox Nizaminin qəribçiliyə salınmasıdır?.. Sözümü elə formada deyim ki, ciddiyə alsınlar narahatlığı ilə fikirlərimizi beynimizdə dustaq edirik.

"Atamın Nobel nitqi” ən çox bəyəndiyim, kitabda da təsbiti doğru yerdə - sonda olan ədəbi metodoloji biliyin sevgimi qazandı, dəyərli Ayxan.

Yolun açıq, zəkan iti olsun!

Hörmətlə,

Ramin Hacılı


12.09.2018  Bakı İstintaq Təcridxanası