İslahatlara doğru addımlar atılır. Bu təşəbbüsü bəyənirik, dəstəkləyirik. İllərdi gözləyirik. Tənqid edənlərin təqibi, hökuməti tərifləməyənlərin tərifə məcbur edilməsi, sözünü deyən insanların iqnora qoyulması çox böyük gərginlik yaradır bütün cəmiyyətlərdə. Biz cəmiyyət olaraq dartılıb gərginlikdə saxlanmanın əziyyətini çox çəkdik. Ölkədə gərginlik varsa, kimsənin həyatından yan keçmir. Hamıya bir şəkildə təsir edir. Hər tərəfdən gərgin, sıxışdırıcı xəbərlər alıb yaşamaq olmur.
Və nəhayət, dəyişiklik, yumşalma, çalışqanlıq var, inkar etmirik. Artsın, genişlənsin vətənə uğur gətirsin. Ölkədə hər kəs azad və rahat yaşayırsa, bu da hamıya təsir edir. Çevrən, ətrafın, üzvü olduğun sosial şəbəkə, nə bilim, tanıdığın-tanımadığın adamlar rahatdırlarsa, sən də rahat olursan. Bütün ətraf aqressiya püskürürsə, üzgündürsə, sən də üzülürsən. Cəmiyyət halqa kimidi, zəncirdi. Bir adamın əzabını yüzlərlə yad adam çəkə bilir.
Ölkədə qəribə, öyrəşmədiyimiz hadisələr baş verir son zamanlar. İslahatlar, yeniliklər, kreativ performanslar. Bütün bunlar vətəni üçün canı yanan hər kəsi sevindirir. İlahi, nə qədər döyüşmək, dalaşmaq olar? Hamımız əldən düşmüşük. Barış olsun, inkişaf olsun - tək istəyimiz budur. Bunun üçün əlimizdən gələni etmişik, edəcəyik. Qoy hər kəs bu ölkə üçün bacardığını etsin, dövlətçiliyə zərbə vurmadan hamı fikrini deyə bilsin, bütün sahələrdə azadlıq, peşəkarlıq olsun. Bizim qüdrətli ölkə olmağımız üçün hər şeyimiz var; təbii sərvətimiz də, istedadlı, bilgili insanımız da. Böyük düşünsək, yaxşı olacağına ümid var, çalışaq, qarışqa kimi çalışaq, təmənnasız, böyük sevgi ilə və bir gün başımızı qaldırıb görək ki, cənnətə çevrilib ölkəmiz. Bir fərdə belə təsir etmək imkanımız varsa, əsirgəməyək. Bir insanın belə əlindən tuta biləriksə, tutaq. Əl-qolumuzu sallayıb oturmayaq.
Sosial Tədqiqat Mərkəzinin İdarə Heyətinin sədri Zahid bəyin müraciətini növbəti xoş addım kimi dəyərləndiririk. Bu mərkəzin yaradılması da, cəmiyyətə ilk mesajı da növbəti bir nəfəslik oldu. Ölkədə dəyişimə doğru addımlar atılır. Yeni mərhələyə keçirik. Hər yeni hadisə xoş xəbərə çevrilir.
Bunun üçün çalışan bütün gerçək dövlətçiləri təbrik edirik. Cəmiyyətdə dəyişimin təzyiqlə yox, dəstək və köməklə, işlə olduğunu bilən və bunun üçün gecəsini gündüzünə qatan hər vətən insanının zəhməti var bu dəyişimdə.
Artıq qıcıq, dalaşqanlıq bitsin. Bir əl uzanır cəmiyyətə - barış əli.
Bu əl zaman-zaman uzadılırdı sanki, ara-sıra təşəbbüs hiss edilirdi, amma qərarlı təşəbbüsə çevrilmirdi. Əngəl yaratmaq istəyənlər yenə olacaq. Yenə alovu ərşə qaldırmağa çalışacaqlar. Elə hökumətin içində təmsil edilənlər arasında yenidən qızışdırıcı, provokativ manevrlər etməyə cəhdlər görə bilərik. Yenə ölkədə işıqları söndürə bilərlər, yenə Avropa Birliyi ilə yeni sazişə əngəl yaratmağa çalışarlar. Çox şey ola bilər. Təmkinlə ötüşdürə bilməyimiz gərəkdi bu dönəmi. Geri çəkilmək olmaz. Bircə arzumuz var, onun reallaşmasını istəyirik. Azərbaycan demokratik, sivil ölkə olsun, insanları tox, sağlam yaşasın. Volterin deyimi var: "Vətən o diyardır ki, qəlbimiz onun əsiridi”. Bizim qəlbimiz də bu vətənin köləsidi.
Aysel Əlizadə
qadinkimi.com