Atalar və oğullar
Əvvəllər hegelçilər vardı, indi isə meydana nihilistlər çıxıb... "Atalar
və oğullar" əsərində kinayə ilə deyilmiş bu sözdən hiss olunur ki, Rusiya
böyük dəyişiklik ərəfəsindədi. Atalar və oğullar yola getmirlər. Onların
dünyaya baxışları, dəyərləri dəyişib...
Bizdə necə, atalar və oğullar qarşıdurması varmı? Yoxsa, Azərbaycanda atalar
oğulların, oğullar isə ataların tayıdı. Bəli, böyük çoxluq belədi. Ataların
təsir vasitələri çoxdu. Sən bir az dəyişiklik istəsən maddiyyat, maşın, toy ritualı
öz sözünü deyəcək.
Fərqli toy etmək istəyənlər atalarından bu sözü eşidir: "Camaat sənin toyuna gəlmir, mənim oğlumun toyuna gəlir". Yəni, köhnə bazara təzə qaydalar gətirmə, mən belə istəyirəm, mənim qonaqlarım da belə tələb edir...
Üstəlik, bir çox övladlar öz atalarını hər şeyə qadir hesab edirlər. Elə
bilirlər ki, ataları hamıdan güclüdür. Bəlkə də buna görə Dostoyevskinin
"Karamazov qardaşları" əsərində uşağın gözü qarşısında atasının
döyülməsi ədəbiyyatda ən ağır səhnələrdən biridi... Gəlin, bu insan təbiətinin
üstünə hələ bizim ibtidailiyimizi, ibtidai hislərlə yaşadığımızı da əlavə edək.
Azərbaycanlılar asanlıqla öz atalarını ilahiləşdirir. Zorakı atanı,
övladlarına təxminən işgəncə verən atanı sadəcə və rahatlıqla ciddi adam kimi
xarakterizə edirlər.
Siz bizim toylarımızda tamadaların sevərək dediyi və toy əhlinin maraqla qulaq
asdıqları ata haqqında şeirin məzmununa baxın: "İstəyirəm yenə səhvim üstə
döyəsən məni, əllərinə qurban olum, ay ata..."
Bu şeiri deyənlərin, bu şeirə qulaq asanların böyük əksəriyyəti atadır və onlar
özləri də belə bir gələcək arzusundadırlar. Yəni, onların da əlləri yumruqla,
təpiklə xatırlansın.
Bir balaca dəyişiklik istəyən gənc, anası tərəfindən süd şantajı ilə üzləşir. Ana övladına süd verməsini tez-tez xatırladır. Elə bil, bunlar ana deyil, süd kombinatlarıdır. Axı, qoyunun da, inəyin də, keçinin də bacardığı təbii proseslə nə qədər fəxr etmək olar?.. Axı tanrı, yaxud təbiət insanı heyvandan fərqli yaradıb. İnsana şüur verib. Bu şüur insana dəyərlər bəxş edib. Mədəniyyət və davranış qaydaları yaradıb. Bəs, bizim ata və analarımız şüur baxımından bizə nə verib?
Sağ olsunlar, gedib ov ovlayıb, quş quşlayıb, otdan-ələfdən gətirib bizi yemləyiblər.
Bizi böyüdüblər. Mağaranı xarici düşməndən bacardıqları qədər qoruyublar. Buna
görə onlara minnətdarıq. Bəs, bizə şüurun qazandırdıqları nemətlərdən nə qədər
veriblər? Hanı bizim dəftərimiz, kitabımız, qələmimiz... Yoxdu. Bir toya
xərclədiyimiz pulun yarısını təhsilə xərcləmək istəmirik. Ölülərin başdaşına
xərclədiyimizin yarısını dirilərin dəftər-kitabına xərcləmək niyyətində
deyilik.
Bu basqılara davam gətirmək çətindi. Davam gətirmək bir yana, gənclərin
çoxu atalarının hansı işlə məşğul olmaları barədə düşünmək belə istəmirlər.
Onların aldıqları maşınları, paltarları həvəslə qəbul edirlər. Rüşvətxor atanın
aldığı maşınla hoqqa çıxarırlar. Dostlarının yanında yolu qırmızı işıqda
keçməklə fəxr edirlər. Bu, böyük çoxluqdu. Onlar məhz madiyyata görə öz
atalarının yolunu davam etdirməyi, hətta onların siyasi baxışını müdafiə etməyi
lazım bilirlər. Başqa cür ola biləcəyini düşünmürlər.
Amma indi elə gənclər var ki, onlar öz atalarının hansı işlə məşğul olduqlarını
bilir. Dəyişiklik istəyən bu gənclər bilirlər ki, ataları rüşvət alır,
yaltaqlıq edir, seçkiyə haram qatır. Belə gənclər öz atalarının əməllərindən
utanırlar. Onlar açıq müqavimət göstərə bilməsələr də, atalarından aldıqları
pulları vicdanla xərcləyə bilmirlər. Bunlar kifayət qədər mədəni, intellektli,
prosesləri diqqətlə izləyən və ölkədə müsbətə doğru dəyişiklik istəyən bir
gənclikdi. Atalarının dəyərləri onları sıxır. Darıxdırıcı görünür. Toydan
ləzzət ala bilmirlər, toyda dava salanları başa düşmürlər. Hətta bəzən
gülürlər.
Mollaya diqqətlə qulaq asa bilmirlər.
Onların öz atalarının əməllərindən utanması o deməkdir ki, onlar artıq köləlik zəncirində halqa olmaq istəmirlər. Bu, köləlik zəncirinin qırılması deməkdi. İndi hər bir gənc öz nəslini bu köləlik zəncirindən xilas edə bilər. İndi hər bir gənc öz nəslini köləlikdən xilas etməlidi. Hər kəs bu missiyanın nə qədər müqəddəs və tarixi missiya olduğunu müəyyən etməlidi.
Spinoza deyirdi ki, insanlara köləlikdən deyil, azadlıqdan danışın. Qoy hər bir gənc başa düşsün ki, o, özü-özünü qəhrəman edə bilər və yəqin ki, qəhrəmanlıq üçün bir də belə şans çətin ələ düşsün. Nəsillər köləlikdən azad olduqca, biz bir toplum olaraq azadlığa çıxacağıq. Bu gün hətta rəngli geyinən bir gənc belə bu prosesə öz töhfəsini verir. Mitinqə çıxmasa belə, qəzet alır, kitab alır, yazı paylaşır. Qoy, bu gənclər öz atalarının əməllərindən utanmağı çox da ürəklərinə salmasınlar. Dəyişiklikliyə can atmağa davam etsinlər. Çünki insanı yalnız öz seçiminə görə ittiham etmək mümkündü. Ata, ana, vətən bizim seçimimiz deyil.
Seçim mənim olsaydı, mən Azərbaycanda yox, Eldoradoda doğulardım və heç bu yazını yazmağa da ehtiyac olmazdı.
Seymur B.
qadinkimi.com