BURA / ORA
Anasının üç mərasimində cənazəsi gələn şəhidin ailəsi kömək istəyir - REPORTAJ Tarix : 03 Fevral 2020, 16:05
Yazar : Qadinkimi.com
Ceyhun Bağırov 1994-cü ilin fevralın 9-da Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda ailəsi Şəmkir rayonunun Qaralar kəndində yaşayır. Yoldaşı Rəna Bağırova şəhidin yadigar qoyub getdiyi iki övladını böyüdüb-başa çatdırır. Bu barədə bir az sonra. İndi sizi 26 il əvvələ qaytarmaq istəyirəm.

Ceyhun Bağırov şəhid olmamışdan iki gün əvvəl anası dünyasını dəyişir. Anasının üç mərasimi günü isə oğlunun cənazəsini gətirən maşın şəhidin ata evinin qarşısında dayanır. Müdafiə Nazirliyinin əməkdaşları çətin duruma düşürlər. Şəhidin nəşini necə verəcəklərini götür-qoy edirlər...
 


Şəhidin cənazəsi ata-baba evinə gətirilir. Bu zaman həyat yoldaşı Rəna xanım qucağındakı 11 aylıq qızı və bətnindəki körpəsinin gələcəyini bir anlıq gözünün önünə gətirir və huşunu itirir.

Şəhidin nəşini evə aparırlar. Hansı lampanın altına uzadırlarsa, lapma partlayır. Ev qaranlığa bürünür. Bütün bunları bizə şəhidin ölümündən üç ay sonra dünyaya gələn və atasının adını daşıyan 26 yaşlı Ceyhun Bağırov danışır. Deyir ki, atası şəhid olanda o, anadan olmayıbmış. Sonra anası yeni doğulan körpəsinə 22 yaşında şəhid olan həyat yoldaşının adını qoyur.  

Anası Rəna xanımın 2 övladı çətinliklə böyütdüyünü asta və aram səslə dilə gətirdiyini deyir. Nə qohum-qardaş köməyi dəyir, nə də yerli icra orqanlarının... İki uşaq ana əlinin qabarı və Allah ümidinə böyüyüb boya-başa çatır.

Ceyhun Bağırov deyir ki, indi yaşadıqları ev babasından qalıb və qəzalı vəziyyətdədir: "Yetmiş ilin evidir. Hər an uçmaq təhlükəsi var. Evin arxa divarları qəzalı vəziyyətdədir. İç tərəfdən də çatlar əmələ gəlib”.
 


İçəri keçirik. Həqiqətən də evdə yaşamaq olduqca təhlükəlidir. Gözümüz bayırdakı yeni tikiliyə sataşır. Evdir və yenicə hörgüdən düşüb.
 


Şəhidin adını daşıyan oğlu deyir ki, ötən il ölkə başçısı İlham Əliyev şəhid ailələrinə birdəfəlik pul yardımı etdi. Həmin 11 min manatlıq vəsaitə isə yeni evi hörgüdən salıblar. Amma evin inşası pulun çatışmazlığı səbəbindən yarımçıq qalıb:
 


"11 min manata sementini, daşını aldıq. Hörgüdən saldıq. Evin dam örtüyünü, ayna-qapısını qoymağa pulumuz yetmədi. Bizim də ölkə rəhbərliyindən xahişimiz odur ki, evimizin tikintisinə köməklik göstərsinlər. Nə anam işləyir, nə də mən. Gündəlik dolanışığımızı gündəlik xırda ticarətlə qarşılamağa çalışırıq. Dövlətdən xahişimiz odur ki, şəhid ailəsi olaraq evimizin tikintisinə köməklik göstərsin. Subayam. Evimiz yoxdur deyə evlənə bilmirəm”.
 


Ümid edirik ki, aidiyyatı orqanlar məsələni diqqətdə saxlayacaq. Şəhid atasının üzünü görməyən Ceyhun Bağırovun yeni evinin tikintisinə yardım göstəriləcək. Çünki hər bir şəhid ailəsinə qayğı və diqqət dövlətin və aidiyyatı qurumların vətəndaşlıq borcudur.





Müəllif: Tural Turan
Mənbə: hafta.az
qadinkimi.com