Nədir instinkt? Canlı növünün təbiətdə var olmasını təmin edən prosseslər var: maddələr mübadiləsi, özünü müdafiə və çoxalma. Heyvanlarda bu istiqamətdə davranışlar toplusu instinkt adlanır. Yuxarıda dediyimiz kimi 3 instinkt var: özünü müdafiə, qidalanma, çoxalma. Heyvan fərdlərinin bütün fəaliyyəti bunlardan ibarətdir. İnsan da heyvanın bir növüdür. Bir bioloji varlıq kimi insan fəaliyyəti də bu 3 instinktdən ibarətdir. Lakin insan eyni zamanda sosial varlıq olduğuna görə bütün həyat fəaliyyəti bu instinktlərlə məhdudlaşmır, amma mövzumuz o deyil. İnsanın bioloji tərəfi kimi sosial tərəfi, sosial tərəfi kimi bioloji tərəfi də önəmlidir. Yəni bu cəhətlərin hər hansı birinin məhdudlaşdırılması fərdin həyatına mənfi təsir edir. Əsrlərlə insanın sosial-mənəvi dəyərlərini ön plana çıxarırkən, xüsusən bizim cəmiyyətdə insanın bioloji tələbatlarına pis bir davranış kimi baxmışlar.
Məsələn, seks bioloji tələbdi. Amma mövzu bu da deyil. İnstinktlərdən biri olan çoxalma instinktinin bir parçası da analıq instinktidir. Məməli heyvanlarda dişi fərdin balasına süd verməyindən tutmuş, onu qorumasınadək olan davranışlar bu instinktin tərkib hissələridir. Hər dişi fərdin ana olmaq kimi bir daxili tələbatı var, başqa sözlə desək. Buna görə də övlad sahibi ola bilməyən qadınlar bunu həyatın sonu kimi qəbul edib, faciəyə çevirirlər. İnsan məməli heyvanların bir növünə aiddi. Onun instinktlərinə hörmətlə yanaşdığımız üçün bunu anlamaq çətin deyil. Amma insanın dişisi olan qadının bir sosial varlıq olduğunu da unutmaq olmaz. Yəni qadının işi təkcə uşaq doğmaqdan ibarət deyil. Bir fərd kimi həyatı var.
Bəlkə də belə bir sual yaranır oxucuda: "Hardan çıxdı bu mövzu”? Cavab: Qadın həkimi olaraq, uşağı olmayan qadınların həyata münasibətlərini öyrənmə imkanımız var. Bu fikri hamısında hiss edirik: "Övladsız həyatın mənası yoxdur, ölsəm də bir uşağım olsun”. Bunu da anlayışla qarşılamaq olar, amma həm həkim, həm insan kimi ən sevmədiyimiz hal budur: qadının müxtəlif xəstəlikləri var, bunları müalicə etmək yerinə hamilə qalmaqçun müalicə almaq istəyir. Ya da xəstəliyi ilə əlaqədar hamiləlik icazə verilməsə də ölsəm də uşağım olsun deyib, həkimə qulaq asmır. Ümumiyyətlə, bütün hallarda qadına işi-gücü ancaq çoxalmağa xidmət edən dişi heyvan olaraq baxmaq böyük ayıbdır. Özü də diqqət etsək, görərik ki, bu münasibəti qadına iş yoldaşları, dostları yox, ona ən yaxın, ən doğma olan insanlar - ailə üzvləri və qohumları göstərir.
Buna görə də qohumlarımızı sevdiyimizi demədən öncə, onların həm bioloji, həm də sosial tərəflərinə hörmətlə yanaşmağı öyrənməliyik. Bir az da qısa desək, insana hörmət etməyi öyrənməliyik. Amma necə öyrənək?! İnsanın bioloji və sosial tələblərinə necə sayğı göstərək.
Biz özümüz heç vaxt öz istəklərimizi, ürəyimizin səsini dinləməmişiksə, həmişə qohumların diktəsi, mühitin standartları ilə yaşamışıqsa, başqalarının istəklərinə necə hörmət edə bilərik? Deməli, insanı saymaq üçün öncə özümüzü saymalıyıq. Deməli, qadına hörmət etmək üçün özümüzə hörmət etməliyik.
RƏŞAD SULTAN
qadinkimi.com